Britaniyanın “The Times” nəşri yazıb ki, Rusiya-Ukrayna savaşının başlanmasından keçən bir həftə ərzində prezident Vladimir Zelenski ən azı üç sui-qəsd cəhdindən sağ çıxıb.
Nəşrin məlumatına görə, Ukrayna prezidentini “aradan götürmək” tapşırığı ilə ölkəyə iki qrup - Vaqner muzdluları və Kadırovun xüsusi təyinatlıları göndərilib.
Qeyd olunur ki, sui-qəsd cəhdlərinin qarşısını almaq Rusiya kəşfiyyatçılarının köməyi ilə mümkün olub. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin müharibəyə qarşı çıxan təbəqəsi bütün cəhdlər zamanı Ukrayna tərəfini planlar barədə əvvəlcədən xəbərdar ediblər. Bunun nəticəsində bütün cəhdlər iflasa uğrayıb.
Vaqnerə yaxın mənbə İngiltərə nəşrinə bildirib ki, onlar Zelenskini aradan götürməyə cəhd edərkən ciddi itki veriblər. Onlar prezidentin mühafizə xidmətinin əməliyyatlarla bağlı məlumatlılıq səviyyəsini “inanılmaz” adlandırıblar.
Xatırladaq ki, fevralın 26-da Ukrayna Silahlı Qüvvələri Zelenskini “aradan götürmək” məqsədilə göndərilmiş “kadırovçular”ı məhv ediblər. Onlar bir “Bayraktar” zərbəsi ilə dəstəyə ağır itki yaşadıblar, qalan dəstə üzvləri isə təcili olaraq sərhədi keçərək Rusiyaya qaçıblar.
Ukrayna hərbçilərinin hesablamalarına görə, fevralın 24-dən martın 4-dək Rusiyanın ümumi döyüş itkiləri təxminən olub:
şəxsi heyət - 9166 nəfər,
tanklar - 251 ədəd,
zirehli döyüş maşınları - 939 ədəd,
artilleriya sistemləri -105 ədəd,
MLRS - 50 ədəd,
hava hücumundan müdafiə sistemləri - 18 ədəd,
təyyarə - 33 ədəd (dəqiqləşdirmə aparılır),
helikopterlər - 37 ədəd,
nəqliyyat vasitələri - 404 ədəd,
yüngül sürətli qayıqlar - 2 ədəd,
yanacaq çənləri - 60,
dronlar – 3.
Məlumatlar dəqiqləşdirilir. Dəqiq hesablama hərbi əməliyyatların yüksək intensivliyi üzündən çətinləşir.
Bizimyol.info