Rusiya Ukrayna şəhərlərində, dinc əhalinin yaşadığı bölgələrdə ağır reaktiv yaylım atəş sistemlərindən, o cümlədən “TOS - 1” kimi reaktiv vakuum bombalarından, başqa adla desək, termobarik raketlərdən istifadə edir.
Bir çox hərbi ekspertlər bildirir ki, döyüşlər zamanı belə silahların kütlə üçün istifadəsi qəti qadağandır. Ancaq gözü qızmış Rusiya rəhbərliyi üçün hərbi, yaxud mülki şəxs anlayışı öz mənasını çoxdan itirib və Rusiya nə olur-olsun, bu bölgədə öz məqsədinə çatmaq – Ukraynanı tam işğal edə bilmək üçün əlindən gələn bütün hərbi gücünü ortaya qoyur. Hava Hücumundan Müdafiə Sistemlərinin zəif olduğu, hətta bəzi hərbi ekspertlərin fikrincə heç olmadığı Ukrayna Ordusu Rusiyanın bu raket yağışı qarşısında hansı müdafiə sistemlərini qurub? Avropa Birliyi ölkələrinin Ukraynaya verdiyi çiyindən atılan yüngül silahlarla helikopter və tankları məhv etmək mümkün olsa da, Rusiyanın uzaqmənzilli raket, o cümlədən reaktiv yaylım atəş sistemlərinə qarşı Ukraynanın əlində ciddi, effektiv silahlar yox səviyyəsindədir. Ən azından, sosial şəbəkələrdə yayılan görüntülərdən belə anlaşılır.

Mövzu ilə bağlı “Bizimyol.info” hərbi ekspert, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə səlahiyyətli nümayəndəsi Ruslan İmamquliyevlə söhbətləşib. Hərbi ekspert bildirib ki, müharibə zamanı və eləcə də hərbi məsələlərdə hər şey heç də göründüyü kimi deyil və Ukraynanın Rusiya qarşısında, onun hücumlarından qorunmaq üçün kifayət qədər silahları var: “Ukraynanın hava hücumundan müdafiə sistemi ilə əlaqədar yetərincə təchizatı var. Bununla yanaşı, PUA-larla öz hava məkanlarında müəyyən üstünlüyə malikdirlər. Əməliyyatların gedişində Rusiyanın çətinlik çəkdiyi sahələrdən biri də odur ki, Rusiya hava məkanında üstünlük əldə edə bilmirlər. Onlar hava koridorlarından heç bir şəkildə istifadə edə bilmirlər. Bununla yanaşı, yerüstü əməliyyatlarda da ciddi nöqsanlara yol verilir. Rusiyanın hava məkanına indiyədək nəzarət edə bilməməsi Ukraynanın öz qırıcı təyyarələrindən rahat şəkildə istifadə etməsi üçün münbit zəmin yaradır. O cümlədən, ukraynalılar öz hava məkanlarına nəzarət edə bildikləri üçün PUA-lar vasitəsilə müəyyən kəşfiyyat əməliyyatları da apara bilirlər. Onu da qeyd etmək lazımdır ki, döyüşün ilk üç günündə Ukrayna Ordusu Rusiyanın bir neçə ağır hərbi texnikasını sıradan çıxarıb. Bunları sıralasaq, Rusiya ordusuna məxsus 200 civarında tank, ümumi 900 civarında zirehli və avtomobil texnikaları, 77-ə yaxın artilleriya batareyalarının hissələri sıradan çıxarılıb. Rusiyanın üç istiqamətdən hücuma keçən hərbi birləşmələrinin böyük bir hissəsi Ukrayna Ordusu tərəfindən tələfata uğradılıb. Təbii ki, Rusiyanın Ukrayna Ordusu qarşısında verdikləri bu tələfatların böyük bir hissəsi Ukraynanın öz hava məkanlarına nəzarət etməsi ilə bağlıdır. Qaldı ki, termobarik silahlardan istifadə edilməsinə, ümumiyyətlə, hərbi vasitələrin mülki əhali üçün istifadəsi beynəlxalq qanunlara əsasən qəti qadağandır. Bu silahlardan mülki vətəndaşlara qarşı istifadə ciddi məsuliyyət yaradır və həmin qanun beynəlxalq konvensiyalarla tənzimlənir.
Müharibədən sonra hərb cinayətləri ortaya çıxacaq. Necə ki, biz İkinci Qarabağ Müharibəsi zamanı bu cinayətlərlə rastlaşmışıq. Bununla bağlı hüquqi müstəvidə gərəkli işlər getməkdədir. Amma xüsusilə Ukrayna ərazisində bu döyüşlərin getməsi və Ukraynanın artıq Avropa Birliyi üzvü olması, müharibədən sonra Rusiyanın etdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıması və əlavə sanksiyalarla üzləşməsilə nəticələnə bilər. Ukraynada mülki əhalinin Rusiya tərəfindən bombardmana məruz qalması, həm də Rusiya hərbi kəşfiyyatının işlək vəziyyətdə olmadığının göstəricisidir. Onların hava üstünlüyü olmadığı üçün ərazi barədə yetərincə məlumat ala bilmirlər. Onu da nəzərə alaq ki, Ukraynanın ərazisi 10 Azərbaycan ərazisi qədərdir, yəni yetərincə böyük bir coğrafiyadır. Belə geniş bir coğrafiyada hava üstünlüyünün olmaması, kəşfiyyat məlumatlarının natamam olması deməkdir. Əraziyə endirilən Rusiya desant qüvvələri isə Ukrayna polisi və başqa güc strukturları tərəfindən aşkar edilərək, zərərsizləşdiriliblər. Bu da ondan xəbər verir ki, Rusiyanın nəinki hava məkanına nəzarət edə bilməməsi nəticəsində kəşfiyyat məlumatları əldə edə bilməməsi, həmçinin quru məkanında da lazımi informasiyanı ötürəcək qüvvələri yoxdur.
Ukrayna Ordusu Rusiyanın radar sistemlərini də “Bayraktar TB-2” və bu kimi PUA-larla sıradan çıxardığından, onlar koordinatsız şəkildə haragəldi raket, bombalar atırlar. Kor vəziyyətdə olan bir ordu artıq insanlarda xaos yaradacaq müharibə ssenarisini yazmağa başlayıb. Məkanı təyin edə bilmədikləri üçün əllərindəki ağır raket və bombaları naməlum istiqamətlərdə atırlar, bu da yerli əhalinin kütləvi şəkildə həlak olması ilə nəticələnir. Biz eyni mənzərəni öz Vətən savaşımızda da müşahidə etmişdik. Ermənilərin Gəncəyə, Mingəçevirə Bərdəyə atdıqları ağır bombalar təəssüf ki, bir çox mülki vətəndaşımızın həlak olması ilə nəticələnmişdi. Bu da eyni indiki Rusiya kimi Ermənistanın da hava ütünlüyündən məhrum olması səbəbindən baş vermişdi” - deyə, Ruslan İmamquliyev qeyd edib.
Mətin Şükürlü, Bizimyol.info