Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubl batır: Rusiyada dollar almaq istəyənlər 30 faiz əlavə ödəməlidir
Rubl batır: Rusiyada dollar almaq istəyənlər 30 faiz əlavə ödəməlidir

Sanksiyalar Rusiya iqtisadiyyatını darmadağın edir. Yüzlərlə xarici şirkət şimal dövlətilə əməkdaşlığa son qoyur. Rusiya şirkətləri inanılmaz dərəcədə dəyər itirir. Rubl isə ucuzlaşa-ucuzlaşa gedir.

Bizimyol.info xəbər verir ki, qonşu ölkədə rus pulunun antirekordu qeydə alınıb. Martın 3-də gün ərzində dollar 118.27 rubla təklif olunub. Rubl tarixində heç vaxt bu qədər dəyərsiz olmamışdı. Hələ söhbət rəsmi məzənnədən gedir. Son günlər Rusiyada birjalar işləmir. Mərkəzi Bank məzənnə ilə bağlı ortaq bir rəqəm çıxarmağa çalışır. Bu isə reallığı əks etdirmir. “Qara bazar”da dollar 180-200 rubla satılır.

Valyutadəyişmə məntəqələrinin, bankların qarşısında böyük növbələr yaranıb. Rusiya vətəndaşları bacardıqca çox xarici valyuta almağa çalışır. Mərkəzi Bank isə böyük tələbatın qarşısını almaq yolları barədə baş sındırır. Buna görə də dollar almaq istəyənlər üçün 30 faiz komissiya haqqı tətbiq edilməsilə bağlı qərar qəbul edilib. Mərkəzi Bank bununla da özünü sığortalamağa çalışır. Çünki dolların, o cümlədən, avronun və funt sterlinqin bazar dəyəri rəsmi göstəricilərdən xeyli yüksəkdir.

Rusiya Mərkəzi Bankı rublu xilas etmək üçün çox cəhd göstərir. Məhz bu məqsədlə faiz dərəcələri 9.5-dən 20-yə qaldırılıb. Amma belə görünür ki, prosesi dayandırmaq mümkün olmayacaq. Əhalinin rubla inamı sarsılıb. Qərb ölkələri bir-birinin ardınca Rusiya ilə ticarət əlaqələrini kəsir. Ölkəyə xarici valyuta gəlmək ehtimalı azalır. Bu isə dolları, avronu, funt sterlinqi daha güclü edir.

Mərkəzi Bank inzibati vasitələrdən də istifadə edir. Dollar satışına müxtəlif əngəllər yaradılır. Bundan başqa, ölkə əhalisinə Rusiyadan 10 min dollardan çox vəsait çıxarmaq qadağan olunub.

Ekspertlər də rubla bel bağlamağın mənası olduğunu bildirir. Ukraynada müharibə davam etdikcə, rus pulu heç cür rahatlıq tapmayacaq. Kreml də artıq rublu yetərincə dəstəkləmək gücündə deyil.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »