Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yəhudi kökənli prezidenti “neonasist” adlandıran Putinin başına kim corab hörüb?
Yəhudi kökənli prezidenti “neonasist” adlandıran Putinin başına kim corab hörüb?

Rusiya Prezidenti Vladimir Putin Ukraynalılara və Ukrayna Ordusuna səslənərək, öz hökumətlərinə qarşı qiyam etməyi, onları devirməyi məsləhət görür. Putinin fikrincə, Ukraynadakı indiki hakimiyyət neonasist ideologiyasını daşıyan insanlar tərəfindən idarə olunur və Ukrayna irqçi siyasət aparır. Daha sonra Putin Ukrayna Ordusuna çağırış edərək, bildirib ki,indiki hakimiyyəti devirsinlər.

23 ildir Rusiya kimi bir dövlətə rəhbərlik edən keçmiş KQB polkovniki Putinin müharibənin qızğın vaxtında belə qəribə çağırışlar, səslənişlər etməyi, görünür, onun əqli və fiziki problemlərinin get-gedə artmasından xəbər verir. İnsan da müharibə apardığı düşmən ordusundan öz hakimiyyətlərini devirməyi tələb edərmi? Bu, hansı hərbi-siyasi strategiyanın məhsuludur? Hərb tarixində belə bir “reallığ”a rast gəlinibmi? Bütün bunlar azmış kimi, özünü adaşı Sergey Şoyqu ilə səhv salan Sergey Lavrov insan hüquqları haqqında komitənin iclasında Ukrayna və ona dəstək verən dünya dövlətlərini nüvə bombası ilə hədələyir. Çətin gərgin-psixoloji hərbi-siyasi vəziyyət altında Rusiya kimi bir ölkənin rəhbərinin və Xarici İşlər nazirinin belə sərsəm və yersiz çıxışları həm də onların ruhi sağlamlıqlarının ciddi şəkildə pozulduğunun göstəricisidir. Hətta o qədər ki, “dünyanın ağ ayısı”nın əsgərləri də öz Prezidentlərindən geri qalmırlar. Onların da davranışlarında müəyyən anormallıqlar hiss olunur. Bu yaxınlarda rus əsgərlərinin hərbi texnikaları üçün ukraynalı polislərdən yanacaq istəməsi də buna ən yaxşı nümunədir. Putinin bu işğalçı siyasətinin acı nəticələri və həqiqətləri görünür, ölkə başçısına və onun ətrafına rus vodkasından daha möhkəm təsir edib. Yəhudi kökənli Ukrayna rəhbərini neonasist adlandıran Putini kimlərsə aldatmış ola bilərmi? Bir çox analitiklər Putinin öz yaxın ətrafı tərəfindən aldadılaraq, uçuruma aparıldığını iddia edir. Bu, həqiqət ola bilərmi?

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

Mövzu ilə bağlı Bizimyol.info-ya danışan sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bildirib ki, Rusiyanın daxilində ciddi siyasi böhran baş verdikdən sonra problem öz həllini tapa bilər: “Putinin neonasistlər dedikdə kimləri nəzərdə tutduğunu söyləmək çətindir. Əgər O, Zelenskini nəzərdə tutursa, Zelenski heç ukraynalı deyil, əlsən yəhudidir. Bu baxımdan, həmin iddianı mən doğru və əsaslı hesab etmirəm. İkincisi, burda tələb onu göstərir ki, danışıqlar yolu ilə məsələ öz həllini tapmayacaq. Rusiyada olan vəziyyət isə getdikcə dərinləşir. Çünki burda söhbət sanksiyalardan gedir və həmin ağır sanksiyaların da ciddi nəticələri ola bilər. İstisna etmirəm ki, Rusiya hakimiyyət dəyişməsi ola bilər. Çünki adi şəkildə bu böhranın həlli mümkün deyil. Bu gün ABŞ Prezidenti Baydenin danışığını eşidərkən, mən belə qənaətə gəldim ki, çox ciddi addımlar atılacaq. İlk növbədə, Ukraynanın dəstəyində və Rusiyaya iqtisadi təzyiqlərdə müəyyən addımlar atılacaq. Hal-hazırda vəziyyət bu cür inkişaf edir. Amma hesab edirəm ki, bu, Putin üçün böyük hərbi səhvdir. Yəni o məqsədləri ki, Rusiya elan edir, həmin məqsədləri hərbi yolla həll etmək, onlara çatmaq mümkün deyil. Qaldı ki, Putinin ətrafının Onu aldatması versiyasına, mən buna inanmıram. Çünki adətən bu səviyyədə olan siyasətçilərin həm də daxili mənbələri var və onlar bir neçə mənbədən ibarət olur.

Hansı ki, müxtəlif mövzular barədə onlara məlumatlar verirlər. Bununla yanaşı, xarici mənbələr də var. Biz bilirik ki, Putinin bəzi ölkələrlə, ölkə başçıları ilə çox yaxşı təmasları var. İstisna etmirəm ki, onlar da bu barədə öz fikirlərini söyləyirlər. Anlatmaq mümkün deyil, amma belə bir səhvin nə üçün baş verdiyini indiyədək anlaya bilmirəm. Çünki sadə bir insan başa düşə bilir ki, bu məsələni hərbi yolla həll etmək mümkünd deyil. 40 milyonluq ölkəni birdən birə işğal edib, onun siyasəti mühitini dəyişmək təbii ki, mümkün deyil. Bu, əks –təsir verəcək. Əsas siyasi və iqtisadi böhran Rusiyada gözlənilir. Bunun nəticəsində də məsələlər həll olunacaq. Digər tərəfdən, Rusiya XİN rəhbəri Sergey Lavrovun İnsan Hüquqları Komitəsində keçirilən tədbirdə dünyanı nüvə silahı ilə qorxutması olduqca məntiqsiz davranışdır. Adama deyərlər, “heç hənanın yeridir?”. Bunu hamı başa düşür. Hamı anlayır ki, Rusiya belə bir hücum etsə, ona qarşı da eyni hücum olunacaq. Hamı üçün bəllidir ki, bu, mümkün olan şey deyil. Nüvə bombasının atılması barədə qərar verilərkən, istənilən insan başa düşür ki, nəinki onun özü, yaxınları da həmin addımın qurbanı olacaqlar. Yenə deyirəm, bir insan nə qədər psixoloji problemli olmalıdır ki, həmin məsələ barədə göstərişi robot kimi bir başa icra etsin. Başqa bir tərəfdən, o prosesi reallaşdırmaq üçün azı 10 nəfər adam olmalıdır. Bu şəxslər də hansısa avtomat maşın deyillər ki, deyilən kimi icra etsinlər. Hər halda, mən buna inanmaq istərdim. Çünki bu, adi insani məntiqdir. Siyasi baxışlar olsa da, bu, insani məntiqdir. Yaşamaq məntiqi, yemək məntiqi və sair kimi. Bunlar insan təbiətindən irəli gələn qanunlardır. Son olaraq, yenə bildirmək istəyirəm ki, məsələnin həlli Rusiyada olan böhrandan asılıdır. Hər şey onun nəticələri ilə bağlıdır”,- deyə sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »