Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya tarixində görünməmiş bir çökmə müşahidə olunur"
"Rusiya tarixində görünməmiş bir çökmə müşahidə olunur"

Ukrayna-Rusiya müharibəsinin bu gün 1 həftəsi tamam olur. Bununla belə, Rusiya Müdafiə Nazirliyinin 36 saata Kiyevi tutmaq planlarının baş tutmaması, Ukraynanın gözləniləndən daha artıq güclə işğala dirənməsi Rusiyanın dünya ölkələri gözündəki “ağ ayı” imicinə ciddi xələl gətirib. Belə ki, “şimal ayı”sı ciddi dalana dirənib və tamahı ucbatından girdiyi bataqlıqdan çıxa da bilmir.

Bununla yanaşı, Rusiyaya tətbiq edilən iqtisadi, eyni zamanda sosial sanksiyalar bu ölkənin əhalisini Putin hakimiyyətinə qarşı getdikcə, daha da aqressivləşdirir. “Müharibəyə yox” şüarı ilə aksiya keçirən 2 minə yaxın rus vətəndaşının polis qüvvələri tərəfindən amansızca döyülməsi və həbs olunması, Putinin nə yolla olursa, olsun, öz mənasız tərsliyində davam edəcəyinin əyani göstəricisinə çevrilib. Rusiya isə təkcə Ukraynada müharibə aparmır. O, eyni zamanda iqtisadi zərbələrə də davam gətirməyə, dirənməyə çalışır. Yaxşı, bəs iqtisadiyyatı darmadağın olan bir ölkənin Pyotrdanqalma qanunlarla ərazi genişləndirməsi, keçmiş imperial xəyallara qayıtması,rus mədəniyyətinə, siyasətinə hansı dəyəri qatacaq, yaxud, hansı dəyərləri onun əlindən alacaq? Belə görünür, zaman Rusiyanın əleyhinə, Ukraynanın isə lehinə işləyir.

Natiq Cəfərli Natiq Cəfərli

Məsələnin iqtisadi tərəfləri barədə iqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya danışıb. Ekspert bildirib ki, Rusiya müharibəyə girməmişdən öncə sanksiyaların olacağını nəzərə alsa da, bu qədər genişlənəcəyini hesablamamışdı: “Sansksiyaların olması ehtimalını Rusiya Ukraynaya təcavüz edərkən nəzərə almışdı. Amma Rusiyadan gələn bəzi xəbərlər onu deməyə əsas verir ki, sanksiyaların bu qədər sərt olacağını, hava məkanlarının bağlanması, “SWIFT” sistemindən kənarda qalması, hətta enerji daşıyıcılarının, yəni Rusiyanın neft-qazının alınmasına müəyyən embarqoların, məhdudiyyətlərin tətbiq olunacağı hesaba alınmamışdı. Rusiya düşünürdü ki, Avropa Birliyi ölkələrindən bəziləri ən azından Rusiya qazına, enerji daşıyıcılarına və maliyyə resurslarına ehtiyacı var deyə, müəyyən dərəcədə bəzi qərarların alınmasına veto qoyacaq. Yəni ki, AB-də tam yekdillik olmayacaq. Ona görə də məsələn, Macarıstan, Almaniya, Fransa ilə müharibədən öncə müəyyən danışıqlar aparırdı. Sadəcə Rusiyanın atdığı addım o qədər beynəlxalq hüququn göz görə-görə tapdalanmasıdır ki, artıq AB ölkələrində potensial olaraq Rusiya ilə münasibətlərdə maraqlı olan ölkələr belə ictimai rəyə və dünyadakı bu təzyiqə görə geri çəkilmək məcburiyyətində qaldılar. Mənə elə gəlir, Rusiyanın sonuna qədər hesablamadığı məqam ondan ibarətdir ki, “SWIFT”-lə, enerji daşıyıcıları ilə bağlı bir qərar olmaz, çünki Aropanın bunlara ehtiyacı var və sair. Bu nöqteyi-nəzərdən sanksiyaların sərt olacağını o qədər gözləmirdilər. İndi geriyə də addım atmaq istəmirlər. Çünki bu, ölkə daxilində ciddi narazılıqlar yaradacaq. Onlar düşünəcəklər: “Əgər biz bu güzəştlərə gedəcəkdiksə, bu qədər həngaməni niyə çıxardıq?”. Ona görə də, artıq Rusiya görməzdən gəlmə prinsipinə keçib. Sanki bu sanksiyaları görmür, sanksiyaların ona təsirinin minimum hədlərdə olacağını deyir. Amma rubl məzənnəsinə, səhm bazarına və bütün məhdudiyyətlərə baxanda, Rusiya tarixində görünməmiş bir çökmə müşahidə olunur. Həm rubl, həm də səhm bazarlarındakı vəziyyətlə bağlı kifayət qədər ciddi problemlərin yaşandığını görürük”.

İqtisadçı ekspert Rusiyanın “SWIFT”-dən çıxarılmasınəticəsində iqtisadi problemlərin bumeranq effekti ilə başqa Avropa ölkələrini vurmasına da münasibət bildirib: “Bu da gözlənilən idi. Dünyanın, xüsusilə də Qərb ölkələrinin ümumi ticarət döriyyəsi enerji daşıyıcılarını da nəzərə alsaq, təqribən, illik 400 milyard dollar təsir göstərir. Burda söhbət gəlirdən yox, dövriyyədən gedir. Rusiya 30 ildir ki, Avropa iqtisadiyyatına müəyyən mənada inteqrasiya olunmuşdu. İndi bəzi ölkələr, şirkətlər var ki, bundan ciddi ziyan görürlər. Amma Avropanın və Qərbin gördüyü ziyanla Rusiyanın gördüyü ziyan heç də eyni deyil. Bu məsələdə Rusiyanın ziyanı daha çoxdur. Xatırlayırsınızsa, müharibənin ilk günü, hətta müharibədən bir neçə gün əvvəl də AB ölkələri, o cümlədən ABŞ “bizə də ziyan dəyəcək, itkiləri gözə almalıyıq”mesajını vermişdilər. Yəni onlar da belə olacağını gözləyirdilər. Ancaq avronun məzənnəsi bir qədər fərqli məsələdir. Çünki dünyada dolların məzənnəsi getdikcə yüksəlir. Bu isə tək müharibə ilə əlaqəli deyil, həm də federalrezerv sisteminin yaxın gələcəkdə aqressiv faiz artımına gedəcəyi barədə xəbərlərdən qaynaqlanır. Belə xəbərlər var ki, federal rezerv sistemi bu il ərzində ən azından beş, ya altı toplantıda faiz dərəcələrini yüksəldəcək. Bu da o deməkdir ki, dollar indeksi bahalaşacaq. Ona görə də dollar başqa məzənnələrə, o cümlədən avroya qarşı dəyər qazanır. Yəni dolayısı yolu ilə təbii ki, münaqişəyə Avropanın daha yaxın olması, avronun məzənnəsinə təsir göstərir, amma fundamental iqtisadi səbəb fedrezervin məsələn, bu ay gözlənilən faiz artımıdır. Bu da dünyada dolların indeksinin yüksəlməsinə səbəb olacaq. Bu gözləntilər də dolları bahalaşdırır”.

Natiq Cəfərli Rusiya qazının Avropaya nəqli barədə məsələyə də toxunub: “Enerji daşıyıcıları məsələsinə gəldikdə, neftə qadağa qoymaq daha asandır. Doğrudur, Rusiya dünyanın ən böyük neft istehsalçılarından biri, bəzi aylarda birincisidir. 10,5-11 milyon barelə yaxın günlük neft istehsal edir. Amma Qərb ölkələrinə satdığı neftin günlük həcmi 5,5 milyon bareldir. Yerdə qalan isə daxili istehlaka, Şərq ölkələrinə, o cümlədən Çinə yönəlir. 5 milyon barelə alternativin tapılması daha asandır. Məsələn, İrana sanksiyalar götürülsə, İran bazara daxil olacaq, 2 milyon barel neft də bununla bazara daxil ola bilər. Səudiyyə Ərəbistanı istehsalı artıra bilər. ABŞ-ın özündə istehsalı artırma potensialı var. Yəni 5 milyon barelin yeri çətin də olsa, doldurula bilər. Amma təbii qaz belə deyil. Avropanın təbii qaza olan ehtiyacı keçən ilki ən yeni məlumatlara görə, illik 510 milyard kubmetrdir. Bunun 176-178 milyard kubmetrini Rusiya verir. Bu da həmin qazın 36-37%-i edir. Bu da kifayət qədər böyük həcmdir və əvəzləmək mümkün deyil. Bu həqiqəti Avropa ölkələri ilə yanaşı, Rusiya da anlayır. Amma son 48 saatda alınan qərarlardan belə nəticə çıxarmaq olar ki, bacardıqca, qaz alımını azaldacaqlar. Bunun üçün də müəyyən qərarlar alınacaq. Lakin bu, o demək deyil ki, Rusiya qazından tam imtina edəcəklər. Bu, ən azından yaxın illər ərzində mümkün deyil. Rusiyanı “SWIFT”-dən tam çıxarmadıqları üçün o qazı tam olaraq kəsə bilməz. Müəyyən pəncərələr qalıb. Həmin pəncərələr də uran, qaz, neft, əlvan metallar alanda, ödənişləri etmək üçündür. Həmin pəncərələr qalıb. Bu, o demək deyil ki, Rusiyanı tamamilə “SWIFT”-dən çıxarıblar. Rusiyanın 298 bankı “SWIFT”-dən qeydiyyatdan keçib. Bunun ən böyük 9 bankına qadağalar qoyulub. Başqaları isə hələki, məhdudiyyətlərlə çalışır. Amma qazı da kəsə bilməz. O mənada ki, qaz neftdən fərqli olaraq, hardasa toplanılıb, saxlanıla bilməz. Bu, mümkün deyil. Qaz çıxarılırsa, ötürülməlidir. Rusiya ya gərək həmin qazı yandırsın, ya da havaya buraxsın. Başqa alternativi yoxdur. Nefti heç olmasa, tankerlərdə, rezervuarlarda saxlamaq olar. Amma qaz belə deyil. Qazda çıxarılan hasilatı saxlamaq da olmur. Çünki qaz quyularında hasilat dayandırılanda, hasilatın keyfiyyəti pozulur və sonradan həmin quyular yararsız hala düşür. Ona görə də, qazı çıxarırsa, gərək satsın. Buna görə də, satmaqdan imtina edə bilmir. Çinə də həmin həcmdə qazın ötürülməsi üçün infrastruktur yoxdur. Bəzi infrastruktur layihələri var, amma bu, yalnız 80 milyard kubmetr qaza hesablanıb. Onun da 60 milyardını artıq satır. Orda cəmi 20 milyardlıq boş yer var. Yəni 178 milyard kubmetr qazı Çinə ötürməyə infrastruktur yoxdur. Ona görə də, burda Rusiyanın Qərbdən bir asılılığı var. Təbii ki, bunu Qərb də bilir. Ona görə də qarşılıqlı asılılıq məsələlərində bir-birinə pəncərələr, nəfəsliklər saxlayıblar” – deyə, iqtisadçı ekspert Natiq Cəfərli əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »