Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Həsənovun övladları: “Bilmirik kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək...”
Eldar Həsənovun övladları: “Bilmirik kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək...”

2020-ci ilin avqustundan həbsdə olan və 10 il azadlıqdan məhrum edilən keçmiş Baş prokuror və səfir Eldar Həsənovun övladları Prezident İlham Əliyevə müraciət edib. Övladları iddia edir ki, Eldar Həsənova layiq olmadığı ağır cəza verilib.

Bizimyol.info xəbər verir ki, dövlət başçısına ünvanlanmış müraciəti sabiq Baş prokuror və səfirin iki qızı - Səbinə Hüseynova, Emilya Qurbanova, eləcə də oğlu Anar Həsənov imzalayıb.

“Atamızın 28 ildə heç vaxt heç bir tərəddüd etmədən etdiyi xidmətlər, gördüyü işlər, hamıdan çox Sizə daha yaxşı məlumdur. Məruz qaldığı ədalətsizliklərə, zülmlərə, təqiblərə, ayrı-seçkiliyə baxmayaraq, məhkəmədə son sözündə ömrünün sonuna qədər sədaqətli qalacağını bildirən insana ağlımıza, yuxumuza belə gəlməyən, layiq olmadığı ən ağır cəza verildi.

Əgər həqiqətən atamız milyonlar mənimsəmişdisə, niyə biz 3 övladdan 2-si gəldiyimiz gündən bəri Türkiyədə kirayədə yaşayır? Niyə heç birimizin bir dənə də olsun şəxsi maşınımız yoxdur? Niyə illərdir ki, biz övladlar və ailə üzvlərimiz 2 yerdə, bəzilərimiz isə 3 yerdə çalışırıq? Niyə Bakıda müsadirə olunan 2-3 otaqlı mənzillərimizdən illərdir ki, heç birində təmir belə olunmayıb, hamısı uçub-dağılmış vəziyyətdədir? Bunların hamısını baxış keçirən istintaq işçiləri öz gözləri ilə görəndə təəccüblərini, mənəvi əzab çəkdiklərini açıq dilə gətirdilər. Əgər milyonlar mənimsənilirdirsə, nədən ailəmizin Azərbaycanda, çalışdığımız Türkiyədə bir ticarət obyekti yoxdur?”, - Eldar Həsənovun övladları müraciətdə yazır.

Onlar bildirir ki, atalarının səfir fəaliyyətilə heç bir əlaqəsi olmayan, 20-30 il əvvəl alınmış əmlaklar da müsadirə olunub. Amma buna görə də məyus deyillər:

“Dünya malı dünyada qalır, biz heç vaxt ərkəsöyün böyüməmişik. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Onun məsləhəti, təşəbbüs və xeyir-duası ilə Bakıda, Böyük Britaniyada, İsveçrədə təhsil almışıq. 3 övladdan- ikimiz elmlər doktoru, birimiz isə elmlər namizədiyik - beynəlxalq hüquq, tibb, iqtisad elmləri üzrə...”

Eldar Həsənovun övladları vurğuylayıb ki, dövlət başçısına atasından qisas almaq məqsədilə yanlış məlumatlar verilə bilərdi. Onlar əmin edir ki, Eldar Həsənov Heydər Əliyev siyasi xəttinə sadiqdir: “Siz çox təcrübəli, müdrik insansınız, böyük siyasətçisiniz, dərin təhlil qabiliyyətiniz var. İkinci Qarabağ müharibəsində bizim də doğma yurdumuz Kəlbəcər rayonu daxil olmaqla, 30 il işğal altında olan əzəli torpaqlarımızı qəhrəmancasına azad edərkən bunun əyani şahidi olduq. Bu gün də bu uğurlara söykənərək yeni Azərbaycan qurursunuz. Buna görə Sizə dünyalar qədər minnətdarıq. Əfsuslar olsun, Birinci Qarabağ müharibəsində Qazaxdan- Naxçıvanadək var gücü ilə çalışan, müharibədə iştirak edən atamız bu sevinci həbsdə yaşadı. Hətta saxlanıldığı həbs yerindən Sizə təbrik və minnətdarlıq məktubları göndərdi. Biz övladlar olaraq gənc yaşlarımızdan bu günə qədər atamızın bizə aşıladığı Heydər Əliyev siyasi xəttinə sadiq olmuşuq. Bu gün də bu düşüncədə, bu əqidədəyik”.

Sabiq səfirin övladları bildirir ki, ataları haqda yanlış məlumat çatdıranların kimliyi onlara məlumdur: “Atamız haqqında Sizə qisas almaq məqsədilə yalan, uydurma, şər-böhtan xarakterli məlumatı verməklə həbsinə nail olanlar bizə məlumdur. Baxmayaraq ki, onlar hər vasitə ilə bizə çatdırırlar ki, onlarlıq bir məsələ yoxdur, ən yüksək səviyyədə verilmiş göstərişdir, biz sadəcə icraçıyıq və elə düşünürlər ki, biz də bu nağıllara inanırıq. Yeri gəlmişkən son 15 ildə Azərbaycanda həbs olunan, tanınan hər kəslə bağlı bu standart ifadələri elə Sizin rəhbərliyiniz altında çalışan bəzi insanlar bilərəkdən yayır. Bunu da bilməyinizdə fayda var. Nəticədə 13.08.2020-ci il tarixdə atamız XİN ilə bağlı başlanmış cinayət işi üzrə həbs olundu. Az bir müddət sonra XİN-dən bütün həbs olunanlar azadlığa buraxıldı (Allah hamısının qapısını açıq etsin), buna baxmayaraq yaşça onlardan 8 il fərqlə ən yaşlısı 67 yaşında olan atamız bu günə qədər həbsdədir. Azərbaycanın xarici ölkələrdə 78 səfirlik və diplomatik nümayəndəliyi olsa da, yalnız Avropada ən az büdcəsi olan atamızın çalışdığı Səfirliyin 20 illik fəaliyyəti yoxlanıldı.

Ailəmizin, qohum-əqrəbalarımızın, yaxınlarımızın hamısının evlərində Prokurorluq və məhkəmə qərarları ilə axtarışlar aparılır, 38 nəfərin barədə İnterpola, Beynəlxalq Maliyyə Kəşfiyyatına, atamızın çalışdığı 4 ölkənin və bizim yaşadığımız ölkələrin müvafiq dövlət orqanlarına məktublar, sorğular göndərildi. Nəticədə istər atamız, istərsə də biz, ailə üzvləri, qohum-əqrəba ilə bağlı bir dənə də olsun qanunazidd əməl, fakt aşkar olunmadı. Heç bir müqavilə-kontrakda, bank-maliyyə sənədlərində imzası olmayan, əleyhinə heç bir şahid ifadəsi olmayan bir insan barəsində günahsız olduğuna baxmayaraq hansısa möhtəbər sübutlara yox, ehtimal və mülahizələrə əsasən çox amansız bir hökm oxundu.

Əminik ki, bütün bunları qorxularından Sizdən gizlədirlər. Məhz buna görə də Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalaraq bu gün də həbsdədir”.

Eldar Həsənovun övladları müraciətlərində onun səhhətindəki problemlərdən də söz açır, son 5 ildə 7 dəfə cərrahiyyə əməliyyatı keçirdiyini vurğulayır. Onlar bildirir ki, sabiq səfir həbsdə olduğu müddətdə sağalması mümkün olmayan paroksizmal vertiqo xəstəliyinə düçar olub: “O, 3 dəfə DTX-nın hospitalına aparıldı və orada əməliyyat olunmasına baxmayaraq, müayinə və müalicəsi prokurorluğun göstərişinə əsasən, yarımçıq saxlanıldı, istintaq təcridxanasına qaytarıldı. Son 5 ayda qoyulmuş qadağalara görə heç bir həkim müayinə və müalicə üçün yanına buraxılmır. 67 yaşında ağır xəstəlikləri, şiddətli ağrıları olan, gündəlik 31 dərman qəbul edən bir insana belə qeyri-insani, qeyri-humanist, amansız, qəddar münasibət olarmı?! Düşünün, sivil dünyanın hansı ölkəsində belə bir hal ola bilər?! Bunların hamısını Sizdən gizlədirlər.

Anamız Elmira Həsənova 5 aydır ki, ağır xəstəlikdən Türkiyədə xəstəxanadadır. Hər gecə birimiz yanında qalırıq, övladlar olaraq bilmirik kimin yanında olaq, kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək?!”

1995-2000-ci illərdə Azərbaycanın Baş Prokuroru, 2001-2020-ci illərdə isə Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina kimi ölkələrdə səfiri olmuş Eldar Həsənov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla 10 il azadlıqdan məhrum edilib. O, səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması və s. lahiyələrin icrası zamanı yeyintilərə yol verməkdə təqsirli bilinib. Lakin Eldar Həsənov özünü təqsirli bilmir, qisas almaq məqsədilə sifarişlə həbs olunduğunu, dövlət başçısına onun haqqında yaıan məlumat çatdırıldığını deyir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 il həbs hökmündən apellyasiya şikayəti verib. Apellyasiya şikayəti üzrə ilkin baxış iclası martın 10-da keçiriləcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »