Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çiçəklənən və solan Putin
Çiçəklənən və solan Putin

Rusiyanın Ukraynaya hücumun altıncı günündə açıqlanan məlumata görə, tərəflər xeyli insan, texnika itiriblər. Müharibə Ukrayna ərazisində getdiyindən ölkədə xeyli yaşayış məntəqələri, mülki və hərbi obyektlər dağıntıya məruz qalıb.

Bütün bunlarla yanaşı, ukraynalılar əzmkarlıqla döyüşür, həm də bu ağır şəraitdə belə yaşamağa davam edirlər. Əksəriyyət evlərini tərk etməyib. Bu həm də özünün olanı qorumaq hissidir. Bura ukraynalıların Ukraynasıdır. Çəkilmiş videokadrların birində ukraynalı qadının rus əsgərinə dediyi kimi:

“Mən öz evimdəyəm, heç kimə qarşı da aqressiv deyiləm. Həyatımı yaşamaq istəyirəm. Bəs siz kimsiniz və nədən silahlanaraq mənim evimə gəlmisiniz. Sizin Putininiz bunu düşünə bilmirsə, siz də ona başa salın”.

Rusiyada yaşayan, müxtəlif sahələrdə çalışan dost-tanışlarla söhbətdən sonra rus telekanallarının təbliğat cəhdlərinin əksinə olaraq, ölkə əhalisinin böyük əksəriyyətinin Putin siyasətinin əleyhinə olduğu qənaitinə gəldim. Söhbət etdiyim hər kəs ölkənin güc yolu, xüsusi xidmət və hüquq-mühafizə orqanları vasitəsi ilə idarə edildiyini bildirir. Son illərdə əhali arasında prezidentin nüfuzunun ən aşağı səviyyəyə endiyi bildirilir. Ölkə vətəndaşlarının dediyinə görə, Ukrayna ilə gərginliyin yaranması və xüsusən, müharibənin başlamasından sonra ruslar "Putinli gələcək" təsəvvür belə etmək istəmirlər.

Bəs Putini Rusiyanın ən güclü adamı edən səbəb nədir?

Rusiyada həmişə dövlətin gizli kriminal qanadı olub. Bu, SSRİ dağlıdıqdan sonra və əsasən Yeltsinin hakimiyyəti zamanı onların dövlət idarəçiliyinə təsir etmək gücləri yaranmışdı. Bu baxımdan Putini Kremlə aparan yolda onların təsiri istisna edilmir. Amma hər zaman olduğu kimi, “inqilab övladlarını yedi”. Putin, arxasınca iz buraxmaq istəmədi.

Hakimiyyətinin ilk illərində Putinə “Rusiyanın xilaskarı” kimi baxırdılarsa, onun artan sərvətinə tərsmütənasib olaraq xalqın sevgisi azalan xətt üzrə enməyə başladı. Hakimiyyəti uzandıqca ölkədə Putinə qarşı müxalifət güclənməyə başladı. Putin dəqiq həmlələrlə onları da darmadağın etdi və etməkdə davam edir. İndi Rusiyada məşhur filmdə Əmir Teymurun dediyi kimi: “... əlinin üstündə əl yoxdur” Putinin. O, Rusiyanın vahid-əvəzedilməz gücünə və ən böyük oliqarxına çevrilib. Putin, “gizli əli” ilə saraydaxili opponentlərini də vaxtında zərərsizləşdirə bilir. Onu qəbul etməyənlər əksəriyət olsa da, passiv etirazçılardır. Çünki müxalifəti xalq özü məhv edib.

Putin indi ən yaxın adamları ilə belə 15-20 metirlik məsafədən əlaqə saxlayır. Son vaxtlar təkcə xarici qonaqları deyil,  tabeliyində olan şəxsləri belə xüsusi uzun masalar arxasında qəbul etməsi onun hər kəsdən şübhələnməsinə, şəxsinə və postuna təhlükə gözlədiyinə işarədir. Bunu həm də Putinin rus xalqından uzaqlaşmasının simvolu kimi də qəbul etmək olar.

Xalqın passsivliyi sayəsində hədəfə vurulan dəqiq zərbələr zəngin və böyük Rus dövlətini Putin avtoritarizminə tabe etdirdi. Xalqın müxalifətə biganəliyi sonda dövləti Putinin iradəsindən asılı etdi. Artıq o, təkcə dövlət idarəçiliyini deyil, həm də xalqı istədiyi kimi idarə edə bilir. Lakin bugünkü kimi həssas məqamlarda dövlətin bütün qurumlarının xalqla bağlılığı, hətta müxalifətə olan ehtiyac da özünü aydın göstərir. Alternativi olmayan güc, diktaturaya aparan yoldur. Bu gün Rusiyada olduğu kimi.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »