Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İctimai müzakirədən keçməsə, çox əcaib bir qanun layihəsi çıxacaq"
"İctimai müzakirədən keçməsə, çox əcaib bir qanun layihəsi çıxacaq"

"Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsi bu gün Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qanun layihəsində istehlakçı hüquqlarını pozmayan, hüquqları müdafiə edən müddəalar varmı? Bu sualla uzun illərdir ki, istehlakçı hüquqlarını müdafiə edən, sözün əsl mənasında işinin mütəxəssisi “Azad İstehlakçılar” Birliyinin sədri Eyyüb Hüseynova müraciət etdik. O, bildirdi ki, “Qida təhlükəsizliyi haqqında” “qanun yorğan altında qəbul ediləcək” qanunlardan biridir:

“Mən bir il yarımdır ki, Qida Təhlükəsizliyi Agentliyi yanında ictimai Şuranın üzvüyəm. Dəfələrlə Qoşqar Təhməzlinin müavininə demişəm ki, qanun təqdim ediləndə ictimai müzakirə aparılsın. Deyirlər ki, guya aparıblar. Kimləri çağırıblar, kiminlə müzakirə ediblər, bilinmir.

“Azad İstehlakçılar” Birliyi, 24 ildir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə məşğuldur, bizim bu müzakirələrdən xəbərimiz olmayıb. Qanun layihəsi Milli Məclisə ötürülüb. İctimai Şura üzvlərinin qnaun layihəsinə baxması üçün heç bir şərait yaradılmayıb. Necə deyərlər, bu da əksər qanunlar kimi “yorğan altında qəbul edilən qanundur”. Bu qanunu qəbul edib, cəmiyyəti bu qanunun tələsinə salmaq işi gedir”.

Eyyub Hüseynov Eyyub Hüseynov

E.Hüseynovun sözlərinə görə, dəfələrlə qanun layihəsinin müzakirəsində iştirak etmək üçün Milli Məclisin uyğun komitəsinə məktub göndərib. Cavab olaraq bildirilib ki, qanun layihəsinin ilk müzakirəsinə dəvət ediləcək.

“Bu gün müzakirə ediləcək qanun layihəsi. Amma məndən 48 saat keçərliliyi olan PCR test tələb edilir. Mən 3 doza vaksin vurdurmuşam. Əgər 3 doza vaksinə inanmırlarsa, mənim yenidən pul verib, test etdirib, qanun layihəsinin müzakirəsində iştirak etməyə marağım yoxdur. Biz qanun layihəsinə töhfələr verə bilərdik. Çox təəssüf ki, hazırdı real vəziyyətdə çatışmazlıqlar var. AQTA yanında ictimai şura içində mən də olmaqla çox zəif işləyən bir şuradır. Düşünürəm ki, geniş ictimai müzakirədən keçməsə, ortaya çox əcaib bir qanun layihəsi çıxacaq. Əhalinin qida təhlükəsizliyi təmin olunmayacaqdır” - deyə ekspert bildirib. O qeyd edib ki, neçə illərdir ki, keyfiyyət məsələsi ortada qalıb. Belə ki, AQTA qida məhsullarının təhlükəsizliyini təmin etsə də, keyfiyyət barədə bir kəlmə də olsa fikir bildirilmir.

“Mən qanun layihəsini görmədən belə təklif edirəm ki, keyfiyyət məsələsi qanuna daxil edilməlidir. Eyni zamanda qida məhsullarının markalanması da bura daxil edilməlidir. Qida məhsullarına halal sertifikatlarının verilməsi qanuna daxil edilməlidir. Qanunu görməmişəm, bilmirəm. Amma cəmiyyəti yararı olmayan “yorğan altından qəbul edilən” qanunlara etiraz edirəm” - deyə E.Hüseynov bildirib.

P.S. E.Hüseynov fikirlərində müəyyən qədər haqlıdır. Çünki Azərbaycanda bəzi qanunlar ictimai müzakirə olunmadan və yaxud cəmiyyətə məlum olmayan “ictimai şura üzvləri” tərəfindən “müzakirə edilib” qəbul edildiyi üçün, bu gün ölkədəki qanunvericilikdə ciddi ölçüdə boşluqlar gözə batır. İstənilən qanunu incələsən, saysız boşluqlar müəyyən etmək mümkündür. Qısası, qanunlar mövzu mütəxəsisləri tərəfindən müzakirə edildikdən sonra qəbul edilməlidir ki, cəmiyyətdə həmin qanuna qarşı tərəddüd şübhə olmasın.

İkinci məsələ isə, Milli Məclisin 48 saatlıq PCR test istəmə məsələsidir. E.Hüseynovun da qeyd etdiyi kimi 3 doza vaksin qəbul edilmirsə, niyə vaksinasiya aparılır? Və yaxud bu yeni qərardımı? Yoxsa bu 24 illik istehlakçı hüquqlarını müdafiə edən şəxsin qanun layihəsinin müzakirəsində iştirakını çətinləşdirmək üçün verilən bir qərardır? Çox maraqlıdır.

Mövzu ilə bağlı AQTA-ya və Milli Məclisə sorğu göndərmişik. Sorğumuza cavab verildikdə mövqelərini dərc edəcəyik.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »