Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bunu görəndə düşünür ki, bunu kimsə edibsə, mən niyə etməyim"
"Bunu görəndə düşünür ki, bunu kimsə edibsə, mən niyə etməyim"

Son zamanlar baş verən cinayət hadisələrində ortaq bir xətt diqqəti çəkir - “başı kəsilərək öldürüldü”... Nizami rayonunda öldürülən ana və uşaqları, Balaxanıda öldürülən blogger, Şəmkirdə öldürülən gənc qadın... Hamısı bu üsulla öldürülüb. Və fikir verrisinizsə, bu ölüm cinayətləri yerli televiziya kanallarının birində qaynatanın gəlinini necə doğrayaraq öldürdüyünü əks etdirən həmin o proqramdan sonra baş verib. Görünən odur ki, bəzən mətbuat, KİV, telekanallar reytinq arxasınca qaçdıqları zaman yol verdikləri səhvləri nəzərdən qaçırırlar. Qəbul etməliyik ki, xüsusən pandemiyadan sonra cəmiyyətin psixi vəziyyətində böyük problemlər yaranıb.

Psixoloq Ramin Hacıyev Bizimyol.info saytına müsahibəsində bildirib ki, telekanallar özü də istəmədən bu mövzuları təbliğ edir: “Media belə halları təbliğ edir. Bu kimi hallar hər cəmiyyətdə olur. Amma bu o demək deyil ki, açıq-geniş şəkildə işıqlandırılmalıdır. Bəzən antireklam şüuraltına reklam kimi hoparaq təqdim edilir. Psixikasında pozuntular olan insanlar bu halları həyata keçirir. Yəni normal psixikası olan şəxs kiminsə başını kəsmir, kimisə bununla hədələmir. Bu mövzuda proqramlar hazırlanırsa, verilişlər çəkilirsə, bir növ bu hədsiz böyük rezonansa səbəb olur.

Ramin Hacıyev Ramin Hacıyev

Biz insanların psixoloji durumunu monitorinq etmirik. Kimin psixoloji durumunun hansı halda olduğunu bilmirik. Psixikasında zəiflik olan, zorakılıq hallarına meylli, mənəvi həssas, bu kimi mövzulara diqqətcil olan insanlar bu hallarla media vasitəsilə üzləşən zaman düşünür ki, bunu kimsə edibsə, mən niyə etməyim”.

Psixoloq bildirir ki, belə cinayət halları baş verdiyi təqdirdə media bunu təfərrüatı ilə açıqlamamalıdır. Çünki filmlərdə belə yaş həddi anlayışı var. 13+, 16+,18+ və s. yazılaraq filmlərə hansı yaşlı insanların baxa biləcəyi qeyd edilir. Xəbərlərdə isə, yaş həddi yoxdur. Belə xəbərlər yayımlanan zaman psixikasında qüsur olan insanlar da buna şahid olur və nəticədə belə halalrın faizi artır.

“Yəni, mən bu halın artmasının səbəbini bir mütəxəssis kimi bunda görürəm” - deyə psxiloq bildirib.

Həqiqətən də insanlar təqlidə meyllidir. Psixikasında qüsur olan, cəmiyyətdə özünü təsdiq edə bilməyən, uğursuzluqlarla qarşılaşan, itirməyi qəbul edə bilməyənlər. Qazanmağı bacarmayan insanlar başqalarına zərər verməklə öz eqolarını tətmin etməyə çalışırlar. Cəmiyyətdə, sıralarımızda belə insanlar kifayət qədərdir. Bu kimi hadisələrin qarşısını almaq üçün isə ekspert hesab edir ki, cinayət xəbərlərinə senzura qoyulmalıdır. Yəni kim gəlinini necə doğrayıbsa, bunu istintaq orqanına izah etməlidir, cəmiyyətə göstərilməməlidir. Və yaxud baş verən cinayətlərin təfərrüatları cəmiyyətə açıqlanmamalıdır. Bəli, biz başa düşürük ki, Nizami rayonunda ana və uşaqlarının qətlə yetirilməsi ağır və qəbul edilməz bir cinayət hadisəsidir. Ancaq bunu “oğlanın boynunu bir bıçaq zərbəsi ilə kəsərək” deyə təfərrüatı ilə açıqlamağın faydasından çox zərərləri var. Bu kimi hadisələrin təfərrüatının açıqlanması eyni üsulla həyata keçirilən cinayət hadisələrinin artması ilə nəticələnə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »