Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada qiymətlər qalxır: İsveçrədən də Rusiya ilə bağlı qərar gəldi
Rusiyada qiymətlər qalxır: İsveçrədən də Rusiya ilə bağlı qərar gəldi

Avropa İttifaqının (Aİ) üzvü olmayan və dünyada baş verən bir çox böhran, münaqişələrdə bitərəf mövqedə qalan İsveçrə Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, İsveçrə hökumətindən verilən açıqlamada, “Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini nəzərə alan Federal Şura 28 fevral tarixli qərarı ilə AB-nin fevralın 23-də açıqladığı sanksiya paketlərini tətbiq etməyi qəbul edib",- deyə bildirilir.

Məlumata görə, sanksiyalar dərhal qüvvəyə minəcək. Bundan əlavə İsveçrənin Rusiya prezidenti Vladimir Putin və digər yüksək vəzifəli şəxslərə qarşı maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldiyi bildirilir. İsveçrə banklarında Rusiya məmurlarına və biznesmenlərinə məxsus vəsaitlər də dondurulacaq.

Qeyd edək ki, Avropa ölkələrinin hava məkanını Rusiyaya bağlamasına paralel olaraq İsveçrə də bu gündən etibarən hava məkanını Rusiya üçün bağlayıb. Həmçinin şura, Rusiya vətəndaşları üçün vizaların verilməsini asanlaşdıran 2009-cu il müqaviləsini də qismən dayandırıb.

Xatırladaq ki, sanksiyaların nəticəsində Rusiyada 1 dollar 77 rubldan 109 rubla qalxmışdı. Amma Rusiyada bu qiymətə də dollar almaq mümkün deyil. Qara bazarda heç 200 rubla da dollar tapmaq olmur. Həmçinin Rusiyanın istehlak bazarında bir çox məhsulların qiyməti kəskin artıb. Hava məkanının bağlanması üzündən hava daşımaları iflic olub. Bundan başqa xaricdə təhsil alan Rusiya vətəndaşlarının da Avropada oturum hüququ ləğv edilir. Ölkənin bank sektoru çöküb. İnsanlar pul vəsaitlərini dollar olaraq nağdlaşdırmağa çalışırlar. Ölkədə narazılıqlar artsa da, bu ana qədər polis qüvvələri etirazları boğa bilirlər.

Son olaraq Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmağa çağırıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var - ABŞ, Çin, Fransa, İngiltərə və Rusiya. Qurumun fəlsəfəsinə görə, onlar dünyanın təhlükəsizliyinə zəmanət verirlər. Amma Rusiya artıq neçə illərdir qonşularına qarşı təcavüz nümayiş etdirir. Hazırda isə Ukraynanı işğal etməyə qalxıb. Zelenski bildirib ki, başqa ölkəlkərə təcavüz edən bir ölkə dünyanın təhlükəsizliyindən sorumlu ola bilməz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "dünya 5-dən böyükdür" deməklə BMT Təhlükəsizlik Şurasının tərkibinə dəfələrlə etiraz edib. İndi baş verənlər Türkiyə liderinin haqlı olduğnu bir daha ortaya qoyur.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »