Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Küçələrdə barrikadalar qurulur” – Kiyevdə son durum
“Küçələrdə barrikadalar qurulur” – Kiyevdə son durum

Rusiya ordusunun Ukrayna savaşında əsas hədəfi Kiyevi ələ keçirməkdir. Düzdür, Kreml rəhbərliyi bunu etiraf etmir. Amma paytaxt uğrunda döyüşlərə necə önəm verilməsi gerçək məqsədi ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, Ukrayna ordusu Kiyevi bacardıqca qoruyur. Jurnalist Pyotr Ruzavin müdafiə cəhdlərinin uğurla keçdiyinə əmindir. Onun sözlərinə görə, Rusiya ordusu ən böyük həmlələri, adətən, gecə həyata keçirir.

“Yaşayış binalarını vurmağa çalışırlar, pəncərələrə atəş açırlar. Buna görə də günümün çoxunu vanna otağında keçirirəm. Son günyarımda ilk dəfə insanlara küçəyə çıxmağa icazə verilib. Şəhərin içində atışmalar olur. Partlayışlar da eşidilir. Bunu təxribatçıların törətdiyini deyə bilərik. Amma Rusiya ordusu dərinliyə girə bilməyib”.

Ruzavin küçədə polis əməkdaşları qədər silahlı könüllülərin gözə dəydiyini müşahidə edib.

“Kiyevdə ailəsini çıxarıb geri qayıdan kişilər var. Onlar ərazi müdafiə dəstələrinə yazılırlar. Küçələrdə barrikadalar qurulub. Kiyev sakinləri hər gecə Rusiya ordusunun hücumunu gözləyir. Şimal-qərb hissədə daha şiddətli döyüşlər gedir. Ruslar məhz bu istiqamətdən şəhərə daxil olmağa çalışırlar”.

Rusiyanın müstəqil mediasında işləyən jurnalist fevralın 28-də son iki günə nisbətən küçədə daha çox insana rast gəldiyini deyib.

“İnsanlar mağazaların qarşısında növbəyə dayanmalı olur. Hər ərzaq məhsulunu tapmaq mümkün deyil. Amma böyük qıtlıqdan danışmaq olmaz. Məsələn, yetərincə çörək bişirilir. Yəni şəhər bir şəkildə yaşayır”.

Kiyevdə metro işləmir. Bura hava hücumundan müdafiə yeri kimi istifadə olunur.

“İnsanlar orada, demək olar, yaşayırlar. Yəni birbaşa bura köçüblər. Şəhər rəhbərliyi bir neçə saat əvvəl sürücülərə müraciət etdi ki, ictimai nəqliyyat üçün nəzərdə tutulan zolağı məşğul etməsinlər. Buradan hərbi maşınlar, polis avtomobilləri, təcili tibbi yardım maşınları keçəcək. Hər hansı sürücü avtomobili ilə həmin zolaqda görünsə, bu, təxribat kimi qiymətləndiriləcək”.

Ruzavinin dediyinə görə, kiyevlilər danışıqlardan heç nə gözləmir. Onlar yalnız döyüşlərdə uğur qazanmaq perspektivinə inanır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »