Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu insanlar ümumiləşdirmə və etiketləmə sindromu ilə yaşayırlar"
"Bu insanlar ümumiləşdirmə və etiketləmə sindromu ilə yaşayırlar"

Azərbaycanda tez-tez müzakirə edilən bir məsələ var: “Gender bərabərliyi”... Qadınlarımıza niyə vəzifə verilmir, qadın hüquqları niyə qorunmur və s. bu barədə danışarkən özümüz belə gender bərabərliyi məsələsini vurğulamış oluruq.

Məsələn hər zaman deyirik ki, qadınlar ailələrindən, həyat yoldaşlarını hüquq mühafizə orqanlarına şikayət edən zaman, hüuqu mühafizə orqanları barışdırıcı obrazda çıxış edir. Və yaxud vəzifə bölgüsündə qadınlara 2-ci dərəcəli vəzifələr verilir.

Orxan Şahbaz Orxan Şahbaz

Sosial araşdırmaçı Orxan Şahbaz Bizimyol.info saytına açıqlamasında bildirib ki, ümumiyyətlə Azərbaycanda insan hüquqları ilə bağlı sıxıntılar var: “Varlıqların hüquqları, kasıbların isə öhdəlikləri olur. Mən bu ifadəni hər zaman istifadə edirəm. Yəni hüquq maddi olaraq varlı olanlar üçün müəyyənləşib. Maddi olaraq kasıb olanlar üçün isə hər zaman öhdəliklər olub. Təxminən bu situasiya gender məsələsində də özünü göstərir. Oxumuş təbəqə, mənəvi və maddi zəngin olan insanlar üçün bu məsələ o qədər də aktual deyil. Çünki onlar insana hörmət edirlər. Bu insan qadın da olsa, kişi də olsa hörmətlidir. Ancaq daha çox oxumayan dünyəvi sekulyar düşüncəsi olmayan bir az geri düşüncədə olan insanlar isə daha çox gender məsələsini qabardırlar. Sanki həyatları məişətdən ibarət olur. Kişi bunu deməlidir, qadın bunu. Kişi belə olmalıdır, qadın belə.. Bu insanlar ümumiləşdirmə və etiketləmə sindromu ilə yaşayırlar”.

Sosioloq hesab edir ki, onlar mental düşüncələrlə insanlarl müəyyənləşdirirlər: “Gender bərabərliyi bütün dünyada var, sadəcə Azərbaycanda bu dediyim kimidir”.

Niyə gender bərabərliyini qoruya bilmirik?

Son günlər məişət zəmnində baş verən cinayət hadisələrinə nəzərə salaq. Fevralın 25 də Xətai rayonunda kişi, öz həyat yoldaşını öldürüb, qaynı və qaynanasına xəsarət yetirib. Ötən gün isə Şəmkir rayonunda 1998-ci il təvəllüdlü Aytac (ad şərtidir) həm keçmiş əri tərəfindən boğazı kəsilərək öldürülüb. Göyçayda isə qaçırılan qız işgəncələrə məruz qalıb. Bütün hadisələr kişilər tərəfindən törədilib. Bəs bu gender bərabərliyinin pozulması demək deyilsə, nədir?

Sosioloq Orxan Şahbazın da dediyi kimi gender bərabərliyi məsələsi daha çox kasıb və təhsil almayan təbəqədə özünü göstərir. Bunun qarşısını almaq isə biz vətəndaş cəmiyyəti olaraq maarifləndirmə aparmalıyıq. Deyəcəksiniz ki, maarifləndirmə ilə cinayətin qarşısını almaq olarmı?

Cəmiyyətin kifayət qədər təhsilli fərdləri arasında da cinayətkarlar olur, amma bu gender bərabərliyi çərçivəsinə heç də yaxın gəlmir. Yəni qadın ölümlərinin statistikası və təfərrüatı sosioloqu haqlı çıxarmağa əsas verir...

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »