Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Od çərşənbəsidir
Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramına qədər olan 4 çərşənbədən ikincisi, Od çərşənbəsidir. Rəvayətə görə, insan 4 ünsürdən su, od, torpaq və küləkdən yarandığı üçün qədim insan bu ünsürlərə böyük önəm verib. Novruz – yeni günə qədər olan zamanı bu ünsürləri hər birini ayrı-ayrılıqda bayram kimi qeyd edərək, qarşılayıb. Hər ünsürlə bağlı çərşənbələri adladıqca, yeni günə çatacağını düşünüb.

Od, Türkün düşüncəsində də hər zaman müqəddəs olub. Od çərşənbəsinə eyni zamanda “Addı çərşənbə”, “Üzgü çərşənbə” də deyilib.

İnanclara görə, çərşənbələrdə tonqal qalanır, üzərindən atlayıb “ağırlığım uğurluğum odlara” deməklə həmin şəxs il boyu bütü sıxıntılardan, xəstəliklərdən uzaq olarmış.

Od istiliklə bağlıdır, istiliyin ən böyük mənbəyi isə Günəşdir. Soyuqdan yorulan insan səbrsizliklə Günəşin oyanmasını gözləyirmiş.

Atəşpərəst etiqadlarına görə, “Müqəddəs od”u insana ağac verib. Od ilə bağlı müxtəlif alqışlar, inanclar var. Od işıqlı sabahdır. Od xeyirli gələcəkdir. Od, azadlıq rəmzidir və.s.

  • Deyilənə görə, ocaq yananda səs çıxırsa, deməli kimsə kimsə səndən danışır. Od hisli olarsa, “uzaqdan qonaq gələcək” deyirlər.
  • Ocaqda kül titrəyəndə “od xeyirə oynayır” deyirlər.

Çərşənbədə ocağı boş qoymazlar. Adət-ənənəyə görə, Od çərşənbəsində plov bişirmək lazımdır. Od müqəddəs hesab edildiyi üçün, Od çərşənbəsində ocağın üstü boş qalmamalıdır. Deyilənə görə, Od çərşənbəsində süfrə nə qədər dolu olsa, il bir o qədər bərəkətli, ruzili keçər. Od çərşənbəsində qalanan tonqalları səhərə qədər sönməyə qoymazdılar.

Odla bağlı alqışlar, qarğışlar da var. Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir. Məsələn, qızlar od çərşənbəsində ən yaxşı geyimlərini geyinib bir yerə toplanarmış. Gənc oğlanlar isə evlərin bacasından şal atar, hədiyyə gözləyərmiş. Hətta bu barədə Şəhriyar da öz şeirlərində qeyd edib:

"Bayram idi, gecə quşu oxurdu,

Nişanlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı, şal sallamaq,

Bəy şalına bayram payı bağlamaq"

Əslində inanclara görə, bütün fallar son-ilaxır çərşənbə edilir. Amma od çərşənbəsinin də falları var. Məsələn, Od çərşənbəsində qızlar ürəyində arzu tutub, heç kimlə danışmadan duzlu kökə yeyib, su içmədən yatarlarmış. Deyilənə görə, yuxuda ona kim su versə, qızın taleyində də həmin oğlan olacaqmış. Digər bir fala görə isə gənc qızlar ayaqqbılarının başlarından üstündən qapıya tərəf atarlarmış. Ayyaqqabının ağzı küçəyə tərəf olsa bu il həmin qız ailə həyatı qurar, xoşbəxt olarmış...

Bu gün Od çərçənbəsidir. Tonqal qalayıb üzərindən atlayın. Ağırlığınızdan, yüklərinizdən təmizlənin. Bir az da məsumlaşıb, fala da baxa bilərsiniz.

Od çərşənbəniz mübarək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »