Bu gün səhər Rusiya hərbi birliklərinin Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova daxil olması ilə bağlı görüntülər yayılmışdı. Ukrayna Müdafiə Nazirliyi də faktı təsdiqləmişdi.
Sonradan şəhər daxilində gedən döyüşlərdə Ukrayna silahlı qüvvələri üstünlüyü ələ alıblar və şəhərdə nəzarəti saxlaya biliblər.
“Xarkov Ukrayna qüvvələrinin nəzarəti altındadır. Hazırda şəhərin mərkəzində təmizləmə əməliyyatı aparılır”,- deyə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequb sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, şəhər Ukrayna Silahlı Qüvvələri, Milli Polis və ərazi müdafiə qüvvələri tərəfindən təmizlənir.
"Düşmən Rusiya qüvvələri tamamilə ruhdan düşüb. Birbaşa Xarkovda düşmən texnikanı yolun ortasında qoyub 5-10 nəfərlik bütöv qruplar şəklində Ukrayna qoşunlarına təslim olurlar. Onlar Ukrayna Silahlı Qüvvələrinin ən azı bir nümayəndəsini görən kimi təslim olurlar”,- deyə rəsmi qeyd edib.
Sinequb bölgədəki vəziyyətdən də danışıb. Regional Dövlət Administrasiyasının rəhbəri bildirib ki, Ukrayna hərbçiləri Çuquyevə tam nəzarət edirlər.
"Rusiya təcavüzkarının Lipetsk istiqamətində, Volçansk və Belqorod istiqamətində hücumu davam edir. Biz Rusiya texnikasının ayrı-ayrı kolonlarını qeydə alırıq. Ukrayna Silahlı Qüvvələri öz mövqelərində fəal döyüşür",- deyə Regional Dövlət Administrasiyasının rəhbəri əlavə edib.
Qeyd edək ki, Xarkov Ukraynanın Rusiya ilə sərhədinə yaxın ərazidə yerləşən şəhərdir. Müharibənin 4-cü günü davam etsə də, hələ də Rusiya qüvvələri böyük şəhərlərdən heç birini ələ keçirə bilməyib.
Bizimyol.info