Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zamanın faciəsi": Xocalı soyqırımını anladan film...
“Zamanın faciəsi": Xocalı soyqırımını anladan film...

Bu gün Xocalı soyqrımının 30-cu ildönümüdür. 30 il əvvəl 1992-ci il, fevral ayının 25-26-na keçən gecə Ermənistan silahlı birləşmələri Rusiyanın 366-cı alayı ilə birlikdə Xocalıya divan tutmuş, 613 nəfəri qətlə yetirmiş və 1250 nəfəri əsir götürmüşdü. Xocalıda yaşayan vətəndaşlarımız xüsusi amansızlıqla qətlə yetirilmişdi. Uşaqların üzü tanınmaz hala salınmış, hamilə qadınların qarnı yarılmış, insanlar diri-diri yandırılmışdı. Bu yazını qalib ölkənin vətəndaşı kimi yazıram. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edən ölkənin vətəndaşı kimi. Amma hələ də Xocalıya nəzarət bizdə deyil. Xocalıda əslində nələr baş verdiyini biz sadəcə Xocalı faciəsindən sonra meyitlərin yığılması zamanı çəkilən video-kadrlarda görmüşük.

Gün gələcək Xocalıya nəzarəti ələ alacağıq. Bəzən düşünürəm ki, Xocalının hər qarışı məzarlıqdır. Xocalını düşünəndə qulağıma, ağlama səsləri, qışqırıqlar, vicdansız məxluqlara aid qəhqəhəli gülüşlər, silah səsləri, hıçqırıq səsləri gəlir. Əvvəllər düşünürdüm ki, görəsən niyə Xocalını dünyada tanıda bilməmişik. Sonra başa düşdüm məğlub ölkəsənsə, haqq səsini də eşidən olmayacaq. Haqqı insanlara çatdırmaq üçün qalib olmaq lazım imiş.

Bu gün Xocalı haqqında çəkilən filmlərdən birini şərh etmək idi niyyətim əslində. Dedim son çəkilən filmlərdən olsun. Və müxtəlif internet resurslarında Xocalı haqqında çəkilmiş filmləri axtarışa verdim. Bu dəfə bir neçə film haqqında yazmağı düşündüm.

Qarşıma “Zamanın faciəsi" filmi çıxdı. Film, Xocalı şahidlərindən birinin xatirələri əsasında çəkilib. Filmin heç bir büdcə olmadan aktyorların könüllü iştirakı ilə çəkildiyini nəzərə alsaq, pis alınmayıb. Amma daha canlı və səmimi alına bilərdi. Filmlərdə bədii dildən istifadə edilməlidir. Bu filmdə isə, aktyorlar da elmi dillə danışırlar. Filmin musiqisi Fuad İbrahimli və Toyqar İşıqlının olduğu üçün, bəlkə də elə filmi baxımlı edən bu musiqilərdir. Ssenari yaxşı yazılıb, 1992-ci ildə hakimiyət davası, Xocalının tək buraxılması müəyyən qədər göstərilə bilib.

“Siz Xocalı camaatını hələ yaxşı tanımamısınız. Onlar kişi kimi gəlib, kişi kimi də qalacaqlar”....

Bəlkə də filmdə ən toxunaqlı hissə elə bu yerdir. Xocalıda baş verənləri filmlərdə olduğu kimi göstərmək təbii ki, asan məsələ deyil.

İkinci film isə “Ümid işığı” filmidir. Filmdə aktyor oyunu heç də ürəkaçan deyil. Sözlər əzbərlənmiş kimi səslənir, hadisələri yaşamadan oynayırlar.

“Onların silahları yoxdur, bizə heç nə edə bilməzlər. Onların silahları olmasa da, başları sizin başınızdan yaxşı işləyir".

Filmdə ruha təsir etmək üçün aktyor oyunu və musiqi çox önəmlidir. Bu baxımdan “Ümid işığı” çox zəifdir.

“Fəryad” filminə yəqin ki, hamı baxıb. Mən də dəfələrlə baxmışam. Aktyorların ifası, hadisələrin gedişatı və Xocalıda baş verənlər daha açıq formada yer alıb. Filmdə Cavanşir Quliyevin musiqilərindən istifadə edilib.

“Bu Türkləri nə qədər qırırsan qır, qutarmır. Canları möhkəmdir “it uşağının”, dözümlüdürlər” – bu ifadələrlə erməni xisləti ortaya qoyulub.

“Fəryad” filminə baxanda Xocalını yenidən hiss edə bilirsən, filmə qapılıb özünü hadisələrin içində hiss edirsən. Musiqi isə, səni hadisələrin içinə alır. Xocalını anlamaq, hiss etmək istəyirsinizsə, “Fəryad”-a baxın...

Azərbaycanın acı tarixinin həqiqətləri müxtəlif formalarda kitablarda, filmlərdə dünyaya çatdırılmalıdır. Bunun üçün  keyfiyyətli filmlər çəkilməlidir. Biz qalibik, amma yaşadıqlarımızı nə unutmalı, nə də unutdurmamalıyıq.. Bunun üçün isə, mübarizəmizi davam etdirməliyik, bütün dünyaya “Xocalıya haray” deyə səs salmalıyıq...

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İlahin, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »