“Vəziyyət kritikdir. Konsulluqdayam. Kievdə vəziyyət çox pisdir, rus qoşunları Kiev şəhərinin 6-7 kilometrliyində dayanıb. Xarkov şəhəri mühasirədədir. Burada Fövqəladə Hallar Nazirliyinin kursantları var. Burada təhsil alırlar. 150 nəfər yaxın onlardır. Səhərdən konsulluğa 300 nəfərə yaxın azərbaycanlı gəlib. Halhazırda 2-3 nəfər vətəndaşımız qalmağa yeri olmadığı üçün konsulluqdadırlar. Evdən çıxmamaq tövsiyyə edilir. Hazırda bütün küçələr boşdur. Bir saat əvvəl ağır artilleriya hücumları vardı”.
Bu barədə hazırda Xarkov şəhərində olan İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli Bizimyol.info saytına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Ukrayna ağır günlərini yaşayır:
“Biz bura Xocalı soyqrımının 30 illik ildönümü tədbirləri ilə bağlı gəlmişdik. Bu gün 7.30-da Dneprə biletimiz vardı. Sabah birisigün orda tədbirlərimiz vardı. Amma vəziyyət belə gətirdi. Şəhərdə mehmanxanalar boşaldılıb. Biz də mehmanxanada idik. Şəhər əhalisinin yarısı şəhəri tərk edib. Ərzaq mağazalarından başqa hər yer bağlıdır. Açıq olan mağazalarda vacib olan ərzaqlar, məsələn çörək yoxdur”.
S.Adıgözəlli bildirib ki, azərbaycanlılar arasında hələ ki, heç bir itki yoxdur. Onun sözlərinə görə, rəsmi statistikaya görə, Xarkovda 37 min azərbaycanlı yaşayır:
“Bu rəsmi statistikadır. Amma iş üçün gələnlər, tələbələr, gəlib qeydiyyata düşməyən çox azərbaycanlı var. Ukrayna üzrə ən çox azərbaycanlı Xarkov şəhərində yaşayır”.
İlahin, Bizimyol.info