Azərbaycan Dövlət Pantomima Teatrı Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq Varşavadadır. Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, burada xalq artisti Bəxtiyar Xanızadənin “Xocalı bu olub” tamaşası nümayiş etdirilir.
“Tamaşa Varşavanın ziyalıları, senatın deputatları və səfirliklərin iştirakı ilə nümayiş etdirilir” - deyən E.Rəfiyev bildirib ki, səfər Mədəniyyət Nazirliyinin və Varşadavada Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil edilib.
“Ürəkağrıdıcı haldır ki, biz burada “Xocalı” tamaşasını göstəririk. Biz bu tamaşanı 10 il əvvəl Berlində nümayiş etdirmişdik. Tamaşada “meşədə uşağının səsini boğan ana” obrazı Salatın zalda əyləşmişdi. O, zaldan özünü izləyirdi. Biz ürək ağrısı ilə o tamaşamı oynamışdıq. Çünki o vaxt heç bir torpağımız geri qaytarılmamışdı. İndi bir sevindirici hal var ki, biz qalib dövlətin, qalib millətin nümayəndələri kimi çıxış edirik. Amma nə olursa, olsun Xocalı faciəsini unutmaq olmaz. Bu elə bir faciədir ki, hər il dünyaya göstərilməlidir ki, azərbaycanlıların başına belə bir faciə gəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin” - deyə əməkdar artist bildirib.
Xatırladaq ki, qarşıdan Xocalı soyqırımının 30-cu ildönümü gəlir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Bu zaman etnik azərbaycanlılara qarşı soyqırım baş verdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu qanlı soyqırımdan 30 il keçir. Bəlkə 100 illər keçəcək, ancaq Azərbaycan xalqı bu soyqırımı əsla unutmayacaq. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların mənəvi borcudur ki, “Xocalıya haray” desinlər…
Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı hadisəsini əks etdirən “Xocalı bu olub” tamaşası ümid edirik ki, azərbaycanlıların yaşadığı qanlı olayı dünyaya çatdıracaq. Hadisənin Pantomim şəklində, yəni sözsüz - sadəcə hərəkətlərlə insanlara çatdırılması məncə daha təsirli olacaq. Çünki insanlar bəzən sözləri eşitmir, amma hərəkətləri də əsla unutmur…
İlahin, Bizimyol.info