“Azərbaycan və Rusiya arasında münasibətlərin daha da dərinləşdirilməsini nəzərdə tutan müttəfiqlik bəyannaməsi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyi ərəfəsinə təsadüf edir. Bu da rəmzi məna daşıyır”.
Bu barədə Bizimyol.info saytına politoloq İlyas Hüseynov “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”-ni şərh edərkən bildirib. Onun sözlərinə görə, bəyannamənin ən önəmli tərəflərindən biri də qarşılıqlı sürətdə dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörməti ifadə edir. Daxili işlərə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələmək də önəmli təhlükəsizlik sahəsində komponentlərdən hesab edilir:
“Eyni zamanda ticari-iqtisadi münasibətləri daha da, genişləndirmək, müttəfiqlik byannaməsi sahəsində mümkün olacaq”.

Ekspertin sözlərinə görə, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa 4,5 milyard ABŞ dolları həcmində yatırımları vardır. Eyni zamanda 800 çox Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu ticari-iqtisadi münasibətlərin potensialından xəbər verir.
“Digər önəmli element isə humanitar-mədəni sahəni əhatə edir. Azərbaycanda rus dilinə hörmətlə yanaşılır və komunikasiyaların qurulmasında rus dili önəmli alətdir. Azərbaycanda ali və orta məktəblərdə rus dili tədris olunur. Rusiyanın maraqları çərçivəsində də bu siyasət dəyərləndirilir. Gələcək nəsillər arasında ünsiyyətin davam etdirilməsi baxımından tərəfləri daha da yaxınlaşdıran amildir” - deyən ekspert, bəyannaəmənin Cənubi Qafqazda post münaqişə dövründə təhlükəsizlik arxitekturasının genişləndirilməsi və təhlükəsizlik spekterində əməkdaşlıq münasibətlərinin qurulmasının mühim əhəmiyyət kəsb etdiyini də dilə gətirib. O, vurğulayıb ki, Rusiya Federasiyası 2020-ci ilin noyabrında müharibənin dayandırılması istiqamətində təşəbbüslərlə çıxış etmişdir.
“Bəyannamə Ermənistanın kapitulyasiyası ilə yekunlaşır. Hazırda siyasi gündəlikdə duran məsələlər var. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sərhədlərin delimtiyasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin qurulması və birgə yaşayışın dayanıqlı formada inkişaf etdirilməsi ən ümdə vəzifələrdən hesab edilir” - deyən politoloq bildirib ki, Rusiya Federasiyası və Azərbaycan arasında imzalanmış müttəfiqlik bəyannaməsi həll edilməmiş problemlərin milli maraqlarımız konteksində həll edilməsinə imkan yaradacaq və ölkələr arasında olan münasibəti bundan sonra da inkişaf etdiriləcək.
Xatırladaq ki, ötən gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar.
İlahin, Bizimyol.info