Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna böhranı Azərbaycana necə təsir edə bilər?
Ukrayna böhranı Azərbaycana necə təsir edə bilər?

Ötən gün Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində qondarma qurumların – “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın (“LDXR”) müstəqilliyini tanındığını elan edib.

Rusiya prezidenti Vladimir Putinin bu addımı Azərbaycanda da geniş müzakirələrə yol açıb.Çünki demək olar hər kəsə məlumdur ki, Ukrayna və Rusiya arasındakı gərginliyin iqtisadi təsirlərinin Azərbaycanı da əhatə edə bilmə ehtimalı olduqca böyükdür. Mümkün müharibə Azərbaycanın əsas ixrac məhsulları olan enerji məhsullarının qiymətini artıra və iqtisadi baxımdan ölkəyə sərfəli görünə bilər. Ancaq Ukrayna və Rusiya arasında münasibətlərin kəskinləşməsi Azərbaycana risklər də yaradır. Çünki hər iki ölkə Azərbaycanın mühüm ticarət tərəfdaşı hesab olunur. Rusiya və Ukrayna Azərbaycanın ticarət əlaqələrində vacib yer tutur. Ötən il Azərbaycanın toplam ticarət dövriyyəsi təxminən 33 milyard dollar səviyyəsində olub. Bu dövriyyənin 4 milyard dollara yaxını və ya 12 faizi sırf sözügedən iki ölkənin payına düşür.Rusiya Federasiyası Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkədir.Təkcə ötən il Rusiyadan gətirilən məhsullar 2 milyard dollar civarında olub.Ukraynadan idxal olunan məhsullar isə 500 milyon dollar civarında olub.İxraca gəlincə isə, Rusiya Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin siyahısında 3-cü yerdədir.ötən il Azərbaycan Rusiyaya 921 milyon dollar dəyərində məhsul göndərib.Rusiya həm də Azərbaycanın qeyri-neft sektoru məhsullarının əsas alıcısıdır. 2021-ci ildə ölkənin qeyri-neft sektoru məhsullarının üçdə biri məhz Rusiyaya ixrac edilib. Ötən il ərzində Azərbaycanın Ukraynaya ixracatının dəyəri 452 milyon dollar civarında olub. Bu baxımdan, Rusiya və Ukraynada iqtisadi infrastrukturun zərər görməsi və iqtisadi problemlər yaşaması Azərbaycanın ticarət əlaqələrinə də təsir göstərə bilər. Həmçinin onu da nəzərə almaq lazımdır ki, hər iki ölkədə çox sayda azərbaycanlı yaşayır. Azərbaycanın statistika qurumu xaricdə yaşayan azərbaycanlıların real sayına dair dolğun bilgilər verməsə də, bəzi mənbələrdə Ukraynada 500 min, Rusiyada isə 2 milyondan çox etnik azərbaycanlının yaşadığı deyilir. Rusiya və Ukrayna arasında baş verə biləcək mümkün müharibə, təbii ki, orada yaşayan insanların da gəlirini azalda bilər. Bu isə Rusiya və Ukraynada çalışan azərbaycanlı əmək miqrantlarının Azərbaycanda yaşayan ailələrinə göndərdiyi vəsaitə təsirsiz ötüşməyəcək.Nəzərə alsaq ki, rəsmi rəqəmlərə görə ötən il Azərbaycana pulköçürmə sistemləri vasitəsi ilə Rusiyadan yarım milyard dollar civarında Ukraynadan isə 25 milyon dollara yaxın pul köçürülüb. Deməli, müharibə baş verərsə, hər iki ölkədə iqtisadi çətinliklər yaranacaq və nəticədə Azərbaycandakı yüz minlərcə ailə həmin ölkələrdən göndərilən pullardan məhrum qalacaq. Bu hadisələr fonunda Qərb və Avropa ölkələrinin Rusiyaya qarşı iqtisadi sanksiyaların hansı hədəfə hesablandığına diqqət etmək kifayətdir.

Rusiyadan öncə bu növ ağır sanksiyaların tədbiq edildiyi Kuba, Şimali Koreya, İran, Venesuala, hətta Suriya kimi ölkələrdə rejim dəyişikliyinə yol açmadığını görürük. Əksinə bu rejimlər sanksiyaları səbəb göstərərək, öz ideoloji kütlələrini anti-qərb ritorikası ilə konsolidasiya edə bilirlər. Maliyyə çətinliklərini də əhalinin üzərinə yükləyirlər. Olan isə əhalinin aşağı təbəqələrinin güzəranına olur. Ancaq yuxarıda sayılan ölkələrdən fərqli olaraq Rusiyada siyasi rejimi əhalinin alt təbəqələrinə bağlayan ideologiya çox zəifdir. Aşağı təbəqələrdə Putin şəxsiyyətinə pərəstiş olsa da görünən odur ki, ağır sanksiyalar olsa, bu, əhalinin alt təbəqələrində və kiçik sahibkarlıqda dalğalanmalara yol aça bilər. Çünki sanksiyaların Avropanın Rusiya qazından böyük asılılığı olduğu bir dönəmdə Rusiyanın enerji sektoruna yönəlməyəcəyi və ya yumşaq sanksiyalar olacağı gözlənilir. Bu sanksiyaların əsas təsiri isə aşağı təbəqəyə və kiçik sahibkarlara olacaq. Nəzərə alsaq ki, Rusiyada yaşayan azərbaycanlıların çox hissəsi Rusiya bazarlarında və kiçik sahibkarlıqla məşğul olur. Nəticə olaraq onu demək olar ki, Rusiyadakı vətandaşlarımız bu sanksiyaların təsirindən yan keçə bilməyəcəklər.

Baş verə biləcək müharibə Cənubi Qafqazın, o cümlədən regionda əsas söz sahiblərindən olan Azərbaycanın strateji və iqtisadi maraqlarına öz mənfi təsirlərini yarada bilər.

Nicat Xeyrulla

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »