Rusiya və Ukrayna arasında savaşın başlanması ehtimalı xeyli yüksəlib. Donetsk və Luqansk qondarma respublikalarının müstəqilliyinin tanınması Kremlin müharibə niyyətindən xəbər verir.
Rusiyanın bu günlərdə böyük hücuma başlayacağı gözlənilir. Ukrayna sərhədlərində gərginlik isə daha çox ABŞ valyutasının işinə yarayır. Dollar fevralın 22-də bölgə ölkələrində xeyli güclənib. Bizimyol.info xəbər verir ki, rubl kəskin dəyər itirib. Rusiya milli pulu pandemiya dövründə ən zəif mövqeyə düşüb. Dollar şimal ölkəsində 80 rubldan baha təklif olunmağa başlayıb. Axırıncı dəfə belə vəziyyət 2020-ci il martın 18-də yaranmışdı. Onda da dollar 80 həddini aşmışdı.
Rubl qeyri-sabitliyə görə bütün valyutaları geridə qoyub. Bu kriteriya üzrə geriləmə 33.97 faizə çatıb. Bununla da rubl Türkiyə lirəsindən önə çıxıb. İndiyə qədər qardaş ölkə valyutası ən qeyri-sabit qrafik cızan pul vahidi sayılırdı.
Ümumiyyətlə, Rusiya və Ukrayna arasındakı gərginlik Türkiyədə də özünü göstərib. Lirə dollar qarşısında zəifləyib. ABŞ valyutasının məzənnəsi fevralın 22-də 14 həddinə yaxınlaşıb. Son böhrandan sonra ilk dəfədir belə dəyişiklik müşahidə edilir.
Birjalarda daha nə diqqət çəkir? Neftin qiyməti yüksəlməkdə davam edir. Bir də qızılın dəyəri artıb.
Neftin qiymətinin yüksəlməsi təəccüblü deyil. Adətən, neft ölkələrində müharibə ehtimalı artanda belə tendensiya müşahidə olunur. Məsələn, yanvarın sonlarında Yəmən husilərinin Birləşmiş Ərəb Əmirliklərinə hücumu bazarda özünü göstərmişdi. Onda neftin qiyməti kəskin artmışdı. Rusiya-Ukrayna gərginliyi də bu məsələdə vacib amillərdən sayılır. Döyüşlər aktiv fazaya keçsə, neft daim üçrəqəmli qiymətlə satılacaq.
Azərbaycanda dolların məzənnəsi ilə bağlı proqnoz vermək olduqca çətindir. Çünki məzənnə inzibati addımlarla tənzimlənir. Bazarın vəziyyəti heç nə ifadə etmir. Neftin qiymətinin yüksəlməsi bir tərəfdən manatın dəyər itirməyəcəyinə əminlik yaradır. Digər tərəfdən heç cür arxayınlaşmaq olmur. Çünki əvvəllər hər şeyin qaydasında olduğunu düşündüyümüz vaxt ölkə iqtisadiyyatında kəskin dönüşlər müşahidə etmişik.
Aytən, Bizimyol.info