Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Yalçın Rzazadənin anım günüdür
Bu gün Yalçın Rzazadənin anım günüdür

"İl ötdü, ay keçdi,

Qəlbimi açmadım heç kimə,

Heç kimə, mən, yar...

Yan bir şimşək kimi

Ömrümdən keçginən,

Keçginən, keçginən sən, yar..."

Özünəməxsus ifası, ruhu oxşayan səsi ilə yaddaşlarda qaldı. Sakit biri idi, mübarizə aparmaz, dava-dalaşı sevməzdi. Bu gün “Od içində" filmindən yaddaşlarımızda “Taleyim gəl” mahnısının ifaçısı Yalçın Rzazadənin dünyadan köçdüyü gündür. Həmin film sənətkarın ilk və son film təcrübəsi olur. O, yenidən filmlərə dəvətlər alsa da, qastrol səfərləri və verdiyi konsretlərdən filmlərə çəkilməyə zamanı olmur. Buna baxmayaraq "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə mahnılar ifa edir.

Yalçın Rzazadə təkcə sevgi mahnıları deyil, eyni zamanda vətənpərvərlik ruhunda olan mahnıların ifaçısı kimi də tanınır. O, repertuarında Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarların mahnılarının ifaçısı kimi yaddaşlarda iz buraxıb.

Daim görünüşü, vüqarlı görkəmi ilə və qeyri-adi səsi ilə tamaşaçılarını ovsunlayan Y.Rzazadənin ifalarını dinləyəndə bu gündə insanın ürəyinin döyüntüsü dəyişir.

Məsələn “Yox deyəndə mən” mahnısını dinləyin, gözləriniz önündə “yox” dediyiniz hər şey canlanacaq. Peşmançılıqlarınızı xatırlayacaqsınız. Ömrünüzdən buraxdığınız, əlinizin çatmadığını o qatarın arxasınca peşman-peşman baxacaqsınız.

Və yaxud “Mən necə unudum səni”-ni dinləyin. Gözlərinizdən yaş süzüləcək, itirdiyiniz sevgiyə bir daha ağlayacaqsınız. Bəlkə də bu mahnıları onun ifasından dinləməsəydik, bu qədər əziz, bu qədər doğma olmazdı bu mahnılar.

Yalçın Rzazadə ötən ilin bu günü uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib. Bu gün bir ildir ki, sevimli ifaçı aramızda yoxdur. Amma ifaları onu heç bir zaman unutmağa qoymayacaq.

Məsələn, hər dəfə “Dədə Qorqud” filminə baxanda səsini eşidib onu xatırlayacağıq.

"Eşqim oxunmayan nəğməsə,

Ömrüm yazılmayan kəlməsə,

Yarımı çağırsam, gəlməsə

Deməyin sevgisiz yaşadım..."

O, sevgi ilə yaşadı, sevgi ilə bu dünyadan köçdü və özünən sonra da böyük bir sevgi qoyub getdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »