Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda "ulduz alveri" başlayır: Almayanlar işləyə bilməyəcək
Azərbaycanda "ulduz alveri" başlayır: Almayanlar işləyə bilməyəcək

“Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir.

Ulduzların alması üçün qaydalar hansılardır və əlçandırmı?

Turizm üzrə ekspert Samir Dübəndi məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, otellərin kateqoriyalara bölünməsi, yəni, təsnif edilməsi ölkəmiz üçün yeni deyil. 90-ci illərdən etibarən AZS-745 "Mehmanxana və Mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarlarının tətbiq edilməsi" standartına uyğun olaraq, bu iş aparılırdı. 2015-ci ildə bu standart təkmilləşdirilmiş, standartda 25 növ yerləşdirmə müəssisəsi növləri əlavə edilmişdir.

Samir Dübəndi Samir Dübəndi

“Həmin sənəddə mehmanxanaların təsnif edilməsinə olan tələblər və qaydalar Avropanın HOTREC adlanan Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının HOTELSTARS sənədindən götürülmüşdür və bəzi cüzi dəyişikliklər aparılmışdır. Bu illər ərzində hotellərin təsnif edilməsi prosesi könüllü olaraq aparılırdı.

Təhlillər onu göstərirdi ki, könüllü qalaraq bu sistem zəif işləyir. Əminliklə deyə bilərəm ki, sənayedə çalışan mehmanxana və mehmanxana tipli müəssisələrin təxminən 25%-i təsnif edilmişdir. Yəni, digərləri ulduz kateqoriyası daşımırlar”.

Ekspertin sözlərinə görə, turist hotel seçərkən, onun üçün ilk meyarları sırasında ulduz dərəcəsi durur.

“Hesab edirəm ki, ulduz olmadıqda və yaxud ulduz kateqoriyası düzgün göstərilmədikdə, istehlakçının (turist/qonaq) hüquqları pozulurlar. Məsələn, beynəlxalq aqreqatorlarda (Booking.com, TripAdvisor.com, Expedia.com və s.) hotellərin özlərinə ulduz çəkmələri, bunu digər reklam materiallarında, hotelin üzərində göstərilməsi və s. qonağın hüquqlarını pozur və o, aldadılır.

2018-ci ildən etibarən, Azərbaycan Dövlət Turizm Agentliyi yarandıqdan sonra bu proseslərə daha ciddi yanaşma oldu. Yenidən HOTREC tərəfindən 30-a yaxın ölkədə, o cümlədən, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda da adaptə edilmiş qaydalar bir daha mənimsənildi.

Nəticədə Azərbaycan Respublikasının “Turizm haqqında” qanunu təsdiqləndi və əlavələr edildi. Orada göstərilir ki, otellərlə bağlı qərar 1 iyul tarixindən qüvvəyə minəcək və otel yalnız 6 ay müddətində ulduz almadan fəaliyyət göstərə bilər, lakin sonradan ulduzun alınması mütləqdir”.

Ekspertin sözlərinə görə, burada 2000-5000 manat arası cərimələr də tətbiq ediləcək və bu o deməkdir ki, artıq ulduz məsələsi icbari xarakter dayışan proses olacaq.

“Məncə bu düzgün addımdır. Çünki könüllü proseslər bütün dünyada ləng gedir. Bunu icbarı edərək kifayətlənməməliyik. Digər tərəfdən də bununla bağlı güclü təşviqat aparmalıyıq ki, otellər anlasın ki, bu sistem nə üçün lazımdır və ilk növbədə biznesə lazım olan bir prosesdir.

Düşünürəm ki, icbari xarakter daşıyan proses bir müddət olacaq və bir neçə ildən sonra bunu yenidən könüllü formaya qaytara bilərik. Çünki dünyanın əksər dövlətləri məhz bu prosesi könüllü həyata keçirdirlər.

Digər bir məsələ isə odur ki, bu qaydalar otel, mehmanxana müəssisələrinə aiddir. Lakin mehmanxana tipli müəssisələr yəni, koteclər, apartmanlar, qonaq evləri və s. kiçik yerləşmə mərkəzləri üçün bizdə heç bir standart yoxdur. Düşünürəm ki, hazırkı vəziyyətdə bu tip yerləri də düşünməliyik”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »