Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan kinosunun köhnəlməyən nümunəsi: "De ki, məni sevirsən" - Video
Azərbaycan kinosunun köhnəlməyən nümunəsi: "De ki, məni sevirsən" - Video

"- O həm qəşəngdir, həm də təmiz qadındır, cilalanmış almazdır. Sən bunu başa düşməzsən.

- Əgər təmiz arvaddırsa, ta niyə gözünü zilləyirsən, sən girən kol deyil, əzizim.

- Ona hələ baxarıq, o öz işimdir..."

1977-ci ildə çəkilən “De ki, məni sevirsən” filmində “Mayak”ın nəzarətçisi Rəsmini Azərbaycan kişi obrazının “üz qarası” adlandırmaq olar. Evli qadın Zemfiraya “aşiq olan” Rəsminin əsl niyyəti başqadır. Saatlarla çimərlikdə onu “Mayak”dan izləyir. Rəsmi yaraşıqlı deyil, romantikası da balığı, çiçəyi skripka qabında daşıyacaq qədərdir. Başqasının qadınına göz dikmək, onu ailəsindən qoparmasa da, bir yerdə olmaq istəyir. Bunun üçün əlindən gələni edir.

Zemfiraın əri neftçi olduğu üçün, həyatı ondan ayrı keçir. Həyat yoldaşının yanında olmaması onu darıxdırsa da, yolunu gözləyir. Çünki onları birləşdirən Samir adlı bir övladları var. Rəsmi Zemfiranın başına fırlanır, onu “Mayak”a dəvət edir, hətta deyir: “Mən bu qədər eybəcərəm”...

Filmin əsas mövzusu balıq qaçaqmalçılığı ilə bağlıdır. Şəhərdə tonlarla nərə balığı ilə tutulan sürücü, balıq anbarlarının yerini demək istəmir. Natiq adlı müstəntiq bu işi araşdırmaq üçün əraziyə təhkim edilir və araşdırmalara başlayır...

Təəsüflər olsun ki, bu gün "Rəsmi"lərin sayı artır. Bu gün Azərbaycan kişilərinin qadınlara olan münasibəti elə Rəsminin Zemfiraya olan sevgisi qədərdir. Bunu demək olar ki, hər gün baş verən qadına qarşı zorakılıq halları, qadın qətlləri sübut edir. Sıralarınızda belələrinin sayı artdıqca, kişilərin də nüfuzu gözdən düşür. Artıq qadınlarımız kiminləsə tanış olanda, sevgili olanda sözün əsl mənasında “min ölçüb, bir biçir”.

Filmdə Rəsminin etdiyi cinayətin üstü açılır. O, həbs edilir. Amma təəssüf olsun ki, həyatda çox zaman Rəsmi kimilər azadlıqda qalır, etdiyi cinayətlərin sayı artır. Rejissor filmdə həm də onu demək istəyir ki, “cinayətkarın əxlaqı da olmur”... Yəni mənəviyyatını itirmiş kişi təkcə başqasının namusuna göz dikən kişi deyil, həm də cinayətkardır, cəmiyyətin, Azərbaycan kişisinin üz qarasıdır.

Film haqqında çox yazmaq olar, amma onu hiss etmək üçün, ilk sevgi duyğularını yenidən yaşaya bilmək, keçmişə nəzər salmaq üçün bu film haqqında oxumaq əvəzinə, filmi izləmək lazımdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »