Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Acı həqiqət budur - maaşı psixoloqun heç bir günlük əməyinin dəyəri deyil"
"Acı həqiqət budur - maaşı psixoloqun heç bir günlük əməyinin dəyəri deyil"

Son zamanlar intihar hallarının artdığını görürük. Bunu mütəxəssislər müxtəlif səbəblərlə əlaqələndirir. Bu səbəblərdən biri də şəxslərin qısnanılması – bullingdir.

“Bulling” – heç bir real, ciddi səbəb olmadan hər hansı insana qarşı ayrı-seçkilik edilməsinə, işdə, kollektivdə, təhsildə, daxil olduğu müxtəlif sosial qruplarda onun bilərəkdən təklənməsinə, mənəvi, psixoloji, bəzən fiziki təzyiqə məruz qalmasıdır.

Əslində, bulling fenomeni tarixi izləri çox qədim dövrlərə gedib çıxan mürəkkəb sosial-psixoloji faktordur. Psixoloji baxımdan, bu, çoxluğun fərqli görünən, deviant normalara qarşı çıxan qrup, sinif, kollektiv üzvünün və ya fərdin qarşısında ifrat özünütəsdiq tələbatından – “öz üstünlüyünü daim sübut etmək” istəyindən yaranır. Əslində, kiməsə qarşı məqsədli, birgə ayrı-seçkilik etmək, onu incitməyə, aşağılamağa çalışmaq natamamlığın – şəxsiyyət kimi, formalaşa bilməməyin göstəricisidir.

Nail Cəlil Nail Cəlil

Sosioloq Nail Cəlil Bizimyol.info saytına açıqlamasında bildirib ki, məktəblərdə bullingin nisbətən geniş yayılması yenə də şəxsiyyət yönümlü təhsil məsələsi ilə bağlıdır. Çox vaxt sinifdə, qrupda hər hansı şagirdin yoldaşları tərəfindən sıxışdırılması, incidilməsi müəllimləri, sinif rəhbərini, direktoru narahat etmir. Onlar bunu adi norma, uşaq dəcəlliyi kimi qiymətləndirirlər. Əslində, pedaqoji idarəetmə baxımından, direktorun, onun təlim-tərbiyə üzrə müavininin, sinif rəhbərlərinin bununla bağlı qabaqlayıcı, önləyici, profilaktik addımlar planı olmalıdır. Sinifdə münasibətlərin dinamikasını, gizli və aşkar bullingi, onun təzahürlərini, subyektiv səbəblərini aşkara çıxaran çoxsaylı effektiv sosial-psixoloji, pedaqoji metodlar, prosedurlar var. Məktəblilərin yaş dövləri, yeniyetməlik çağında ortaya çıxan səciyyəvi problemlər, yeni informasiya-kommunikasiya texnologiyaların onların həyatına, davranışına mümkün mənfi təsirləri irəlicədən nəzərə alınmalıdır. Təbii, bütün məsuliyyəti ayrılıqda müəllimlərin, məktəb rəhbərliyinin üzərinə yükləmək də doğru deyil. Burada səbəblər, şərait çox fərqli ola bilər:

“Ən vacib, diqqətdən kənarda qalan amillərdən biri valideyn nəzarətidir. İkinci mühim səbəb məktəblərdə, çox vaxt elə ali təhsil müəssisələrində də sosial-pedaqoji iş və effektiv nəzarət qrupunun olmamasıdır. Çox vaxt hər məktəbdə bir psixoloq ştatı olur və yüzlərlə, bəzən mindən artıq şagirdin mənəvi-psixoloji problemlərinin həlli ona həvalə edilir. Acı həqiqət budur, aldığı maaş (son göstəricilərlə ortalama 350 manatdan çox deyil) həmin psixoloqun heç bir günlük əməyinin dəyəri deyil. Keyfiyyətli, bulllingdən uzaq, şəxsiyyət yönümlü təhsil üçün ciddi, keyfiyyətli təminat çox vacibdir. Digər tərəfdən, bu da məsələnin tam həlli deyil. Bir psixoloq (“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil almış məktəb psixoloqu) heç vaxt təklikdə bu qədər məsuliyyətli, ağır işin öhdəsindən gələ bilməz. Hətta pedaqoji kollektivin, rəhbərliyin dəstəyi də müvafiq şərtlər daxilində problemi sonadək həll olunmasını təmin edə bilmir. Çıxış yolu daha iki sosial təyinatlı mütəxəssisi (sosioloqu və sosial işçini) psixoloqla birgə işə cəlb etməklə məktəblərdə xüsusi sosial-pedaqoji tərbiyə və nəzarət qrupu yaratmaqdır. Hesab edirəm ki, bu halda təhsildə ayrı-seçkiliyi, subyektiv qrup təzyiqini minimuma, bəzi hallarda hətta sıfıra endirmək mümkündür. Həmin qrupun maaşı da yetərincə yüksək olmalı, ən pis halda, müəllimlərin orta əmək haqqından geri qalmamalıdır. Müasirləşən, təhsilə, müxtəlif idarəetmə strukturlarına nüfuz edən bullingi yalnız şəxsiyyətyönümlü təhsilin təkmilləşdirilməsi və bu istiqamətdə multidissiplionar komanda işinin təşkili, qüvvətləndirilməsi yolu ilə həll etmək mümkündür”.

Ekspert qeyd edir ki, böyüklərin, bəzi hallarda “reket jurnalist” adlandırılan media təmsilçilərinin etdiyi ayrı-seçkiliyə, bu və ya digər şəxsə, bəzən müəllimə qarşı yönəltdikləri təzyiqlərə - təkləmək, sıxışdırmaq, aşırı təsir göstərmək səylərinə gəldikdə, bunlar çox zaman məqsədli və qərəzli xarakter daşıyır.

“Ümumiyyətlə, indi media çox vaxt sensasiya, asan, ucuz əldə edilə bilən reytinq arxasınca qaçır. Bu səbəbdən, bullingə məruz qalan insanların problemlərindən, faciəsindən bir sıra hallarda bilərəkdən şou düzəldilir. Məsələnin mahiyyəti, ciddi psixoloji travmalarla, bəzi hallarda hətta intiharla nəticələnən bullingin hansı səbəblərdən baş verməsi, problemin mümkün həlli yolları diqqətdən tam kənarda qalır. Problem isə həll olunmaq əvəzinə, daha da böyüyür, KİV təmsilçilərinin müəyyən qismi üçün təzyiq, manipulyasiya alətinə çevrilir. Məktəbləri “obyekt” seçən bəlli “jurnalist” görünümlü reket zümrəsinin belə faktlardan sui-istifadə etməsi bir sıra hallarda ictimai fikri çaşdırır, obyektiv sosial həll modelinin formalaşmasına mane olur. Bu halda, məsələnin həlli humanist-personal yanaşma modeilində - insana dəyər verilməsində, hər kəsə qayğı, diqqət və hörmət hissinin formalaşdırılması ilə bağlıdır. Bunu sistemli, çoxpilləli sosial maarifləndirmə və cəmiyyətin hər bir üzvündə sosial məsuliyyətin, cavabdehlik hissinin qüvvətləndirilməsi yolu ilə təmin etmək olar” - deyə N.Cəlil bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »