Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlənilən bir həbsin "gələcək tarixçəsi"...
Gözlənilən bir həbsin "gələcək tarixçəsi"...

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun dediyi: "Arayik Arutyunyan tezliklə istintaqa təqdim olunacaq" sözləri hələ də müzakirə mövzusudur. Yəqin ki, Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan saxlanılıb Bakıya gətirilənə qədər də gündəmdə olacaq. Çünki Nemət Əvəzov az qala dəqiq tarix də verib; Arutyunyanın nə zamansa tutulacağını deməyib, yaxın zamanlarda tutulacağını deyib. Yəni "tezliklə" sözü bu anlama gəlir.

Məlumdur ki, Arutyunyanı Baş Prokurorluq tutası deyil. Heç Daxili İşlər Nazirliyinin də işi deyil bu; Arutyunyan hansısa xırda xuliqan deyil ki, onu Post-Patrul Xidmətinin çavuşu qandallasın. Bu, xüsusi xidmət orqanlarının keçirəcəyi, hər halda keçirməli olduğu XÜSUSİ əməliyyat olacaq. Əslində belə əməliyyatların hazırlanması və icrası yüksək dərəcədə məxfilik şəraitində həyata keçirilir. Yəni hətta bunun keçiriləcəyinə dair hər hansı bir ipucu yolverilməzdir. O cümlədən də, faktik olaraq, yaxın zamanı işarə edən "tezliklə" ifadəsi. Bu məsələ, əlbəttə ki, müəyyən xarici aktorlarla da bəlirli ölçülərdə razılaşdırılmaq zorundadır. Əgər biz bu əməliyyatın tezliklə olacağını deyiriksə, sanki belə bir razılığın alındığını açıqlamış oluruq. Bu da doğru deyil. Üstəlik, yaxın zamanı işarə edərək Arutyunyanı və onun havadar(lar)ını duyuq salırıq; təhlükəsizlik tədbirlərini daha da artıracaqlar. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunumuz var. O qanunun 3-cü maddəsində konspirasiya prinsipi də ayrıca yer alır. Qanunun 6-cı maddəsində isə bu prinsipin gözlənilməsi əməliyyat-axtarış fəaliyyəti göstərən orqanların üzərinə vəzifə kimi qoyulur. Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi kimi bir mühim post tutan şəxs öz açıqlaması ilə bu qanunun tələblərini pozubmu, pozmayıbmı?! Bunu hüquqçular daha dəqiq şərh edə bilər.

Hə, bir də o sual da yaranır ki, Arutyunyana qarşı bu gizli əməliyyat harda keçiriləcək? Yəqin ki Baş Prokurorluğun baş istintaqçısı onun Qarabağdan çıxmasını nəzərdə tutur. İşin tragikomik tərəfi də budur ki, biz Arutyunyanı öz ərazimizdə - Qarabağda deyil, başqa ölkənin ərazisində tutmağı düşünürük. Beynəlxalq axtarışa vermişik.

Əslində harda saxlanılması bəlkə də önəmsiz görünər. Ancaq Azərbaycan xüsusi xidmət orqanları Arutyunyanı elə Azərbaycan ərazisində tutsaydı, bunun anlamı ikiqat böyük olar. Ancaq Xankəndi hələ Azərbaycanın suverenliyi altında deyil. Oraya və bir neçə başqa bölgəyə "müvəqqəti yerləşdirilmiş" Rusiya hərbi kontingenti nəzarət edir. Hələ də o ərazilərdə silahlı Ermənistan əsgəri dolaşır. Hələ də Arutyunyan həqiqətən qəhrəmancasına azad etmiş olduğumuz Şuşanın beş addımlığından və bizə "qaytarılmış" Laçın ərazisindən keçərək Ermənistana keçir və ordan da dörd bir yana siyasi-turistik "yelkən açır".

Belə çıxır ki, Ermənistan üzərində qələbə qazanmışıq, ancaq Arutyunyan üzərində hələ də qələbə axtarırıq. Həm də bu "qələbə"ni beynəlxalq axtarışa vermişik.

Bu arada keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Qarabağda separatçı-terrorçu ünsürlərə qarşı iki-üç günlük antiterror əməliyyatı keçirməsini istisna etməyib. Tofiq Zülfüqarov, bəli, zamanında dövlətdə strateji postlardan birini tutub. Ondan əvvəl də strateji-siyasi və hətta bəlli ölçüdə bu problematika ilə bağlı xüsusi əməliyyat məlumatlarına çıxışı olan şəxs idi. İndi o, rəsmi mövqeni ifadə edən şəxs olmasa da, hər halda bu proseslərin məntiqini bilir. Hər halda əgər keçmiş nazirin dediyi kimi, Qarabağdakı qanunsuz silahlılar ordan çıxıb getməsələr, antiterror əməliyyatı qaçılmaz olacaq. Bəs nə zaman?! Bax, bu, konspirativ yanaşma tələb edir...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »