Ötən il təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, 5 min 494 və nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü cərimələnib. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qadınlar daha çox yolayrıcını keçmə qaydalarının pozulmasına görə (1363) cərimə edilib. İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, ara məsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192 qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına bildirib ki, yola çıxan hər kəs hərəkət iştirakçısıdır. Onlar təbəqələrə və cinslərə bölünməməlidir.
“Bu qadındır, bu kişidir fərq etməz. Hər kəs yola çıxırsa, yol hərəkəti qaydalarına əməl etməlidir. Ona uyğun davranmalı, təkcə özünü deyil, yol iştirakçılarını da düşünməlidir”.
Ekspert hesab edir ki, yola çıxan hər kəs hərəkət iştirakçısı olduğu üçün onların neçə faizinin qadın, neçə faizinin kişi olması, onların neçə faizinin hansı qaydaları pozması öz əhəmiyyətini itirmiş olur. Çünki yolda qadınlar da, kişilər də bərabər hüquqludur. Buna görə də, avtomobil idarə edənin qadın və ya kişi olması heç bir əhəmiyyət kəsb etmir:
“Bu statistika heç də onu göstərmir ki, qadınlar yol hərəkəti qaydalarını bilmirlər, qaydaları tez-tez pozurlar”.
Nəqliyyat eksperti Fazil Məmmədov Bizimyol.info saytına açıqlamasında deyir ki, qadınlar kişilərə nisbətən daha diqqətli olur. Buna görə də qadınlar daha az qayda pozur.
“Qadın sürücülər haqqında müxtəlif miflər olsa da, reallıq budur ki, onlar kişilərdən daha diqqətli avtomobil idarə edirlər. Qadın sükan arxasında nə işlə məşğul olsa da, fikri-diqqəti yolda olur. Bəzən yeni avtomobil idarə etməyə başlamış qadınlarda müəyyən problemlər müşahidə edilir. Amma təcrübə topladıqca, bəzi qadınlar kişilərdən belə yaxşı avtomobil idarə edə bilirlər” - deyən ekspert bildirib ki, verilən statistikaya gəldikdə isə, bu statistika o qədər böyük rəqəmlər ehtiva etmir.
“Ümumiyyətlə, "qadındır, ona görə qayda pozur" demək düzgün deyil. Kişilər də çox qayda pozur. Sadəcə olaraq, əksər inkişaf etmiş ölkələr qadınların sürücülüyünü qəbul etsə də, hələ də bizdə bunu qəbul etməyənlər mövcuddur. Bu səbəbdən də qadın qəza törətdikdə, xüsusi vurğu ilə təqdim edilir. Zaman keçdikcə buna da alışacağıq” - deyə ekspert bildirib.
Azərbaycanda qadın, bütün sahələrdə bacarıqsız kimi qələmə verilməyə çalışılır. Bunun kökündə isə bəzi kişilərin qısqanclığı durur.
İlahin, Bizimyol.info