Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlara qarşı zorakılığın səbəbi nədir: Cahillik, yoxsa cəzasızlıq
Qadınlara qarşı zorakılığın səbəbi nədir: Cahillik, yoxsa cəzasızlıq

Bir neçə gün əvvəl Qaradağ rayonunda 1983-cü il təvəllüdlü Qənaət Fərmanova evində öldürülüb. Araşdırma zamanı müəyyən edilib ki, onu sevgilisi Azər Cəfərzadə bıçaqlayaraq öldürüb. Qonşularının sözlərinə görə, sakit təbiətli Qənaət mağazada satıcı işləyirmiş.

Bənzər hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, məktəbdə xadimə işləyən 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə məktəbin mühafizəçisi Bəxtiyar Əhmədli tərəfindən bıçaqlanaraq öldürülüb.

Şəmkir rayonunun Çinarlı qəsəbəsində 1995-ci il təvəllüdlü Lalə Həsənova və 7 yaşlı qızı bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Elməddin Həsənov tərəfindən törədildiyi bildirilir. Bu qətl hadisələri bu ayın birinci yarısında baş verib. Eyni zamanda bir neçə döyülmə faktı da var.

Məhkəmə prosesinin əks olunduğu bir yazı oxudum. Kişi, qadını “sürpriz” sözünü başa düşmədiyinə görə bıçaqlamışdı. Yəni savadsızlığın, cahilliyin bu qədəri deyib, cinayətləri savadsızlıqla, cahilliklə əlaqələndiməyə çalışacaqdım ki, yadıma ötən il məhkəmə hakiminin və polis əməkdaşının öz həyat yoldaşlarını qətlə yetirməsi faktlar düşdü.

Ölkədə “Məişət zorakılığı” haqqında qanunun tələbləri sərtləşdirilsə də, göründüyü kimi hələ ki, heç bir nəticə yoxdur. Yəni əgər döyülmənin, fiziki zorakılığın hər hansı bir maddi qarşılığı varsa, bu davam edəcək. Bunun qarşısını almaq üçün cərimə məbləğinin artırılması heç nəyi dəyişmir.

Sual oluna bilər ki; bir kişi “sevdiyim” dediyi, illərlə həyatını keçirdiyi qadına qarşı bu qədər qəddar ola bilirsə, dövlət qurumları - məsələn Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə edə bilər? Hər bir halda qurumlar oturub baş verən zorakılıqların sadəcə statistikasını hazırlamaqla və ya hadisələr baş verdikdən sonra “nəzarətimizdədir” açıqlaması verməklə işini bitirməməlidir.

Məsələn, xarici ölkələrdən mütəxəssislər gətirib burada dövlət qurumlarının hərhansı işçilərinə seminarlar təşkil edilməsi üçün xərclənən vəsaitlərlə bölgələrdə məsul dövlət qurumlarının nümayəndəliklərini yaratmaq olar. Bu zaman zorakılıqla üzləşən qadın bilər ki, kimə müraciət etməlidir.

Ailə münaqişələri zamanı hüquq mühafizə orqanları ən yaxşı halda kişini çağırıb, izahatını alıb, xəbərdar edib, yola salır. Bu isə heç nəyi dəyişmir. Həyat yoldaşını, sevgilsini öldürməyi planlamış şəxsin heç bir xəbərdarlıq qarşısını ala bilməz. Bir müddət əvvəl Yevlaxda Elnarə Qarayevanın əri tərəfindən öldürülməsi buna misaldır. Ər əvvəlcə ona ötən il balta ilə xəsarət yetirib. Qadının sümüklərini sındırıb, barmaqlarını doğrayıb və azadlıqda qalıb. Necə, nə cür, hansı səbəblə? Bunu heç kim gündəmə gətirmədi, heç kim sual etmədi ki, həyat yoldaşına qarşı belə amansızcasına cinayət işləmiş insan niyə azadlıqda qalıb? Bu bir daha hüquq mühafizə orqanlarının mövzuyla bağlı fəaliyyət səlahiyyətlərində boşluqların olduğunu sübut edir. Bu bir daha sübut edir ki, qadın öldürülənə qədər hüquq mühafizə orqanları “sümüyü mənim əti sənin” prinsipi ilə hərkət edib, qadın öldürüldükdən sonra işə ciddi yanaşmağa başlayır.

Niyə qadınlara qarşı cinayətlərə göz yumulur? Bu qədərmi dəyərsizdir qadın həyatı? Yoxsa biz insandan sayılmırıq?

Bu gün öldürülən qadınların arxasınca min söz deyən minlərlə xarakersiz, düşüncəsiz, vicdansızlar var... Bəzi kişilər də arxayındır ki, heç kim onu öldürməkdə günahkar çıxarmayacaq. Əksinə, “kişidir, namusunu qorudu” deyəcəklər. Heç kim o qadının nə yaşadığını, nə hiss etdiyini, nə arzuladığını, nə üçün mübarizə apardığını bilməyəcək... Heç kim onun səssiz bağırtılarını duya bilməyəcək. Bəzən öldürülən qadınların fotolarını paylaşır DİN. Heç onlaırn gözlərinə fikir vermisinizmi? Hamısının gözündə yalvarış tələbi, yaşamaq eşqi, sevgi ehtiyacıvar. Öldürülən bir qadının gözlərində nifrət görməzsən.

Məsələn, Qənaət Fərmanovanın fotolarına baxın. Necə kədərli baxır, xoşbəxt olmaq üçün bəlkə də o qədər mübarizə aparıb ki... Və yaxud ötən il polis həyat yoldaşı tərəfindən öldürülən Xanımın gözlərinə baxın.

Eh.. Anlayırsınızmı, qadınların duyğularından, hisslərindən, istəklərindən...

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »