Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Milli Məclisin Silahlı Qüvvələr üzərində nəzarəti olmalıdır”
Pralamentin iclasında «Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşdan keçib

Qüdrət Həsənquliyev: «Ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq”

Milli Məclisin iclasında Yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən MM sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, layihə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur.

Qeyd edək ki, Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.

Qanun layihəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Layihədə başqa silahlı birləşmələrin dəqiq siyahısının Azərbaycan prezidenti tərəfindən təsdiq ediləcəyi müəyyən olunur. Layihədə Silahlı Qüvvələrin təyinatı və əsas vəzifələri konkret olaraq sadalanır, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyətinin, Silahlı Qüvvələrin idarə edilməsi və maliyyə, maddi-texniki təminatının, həmçinin, Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyətinin hüquqi əsasları müəyyən edilir, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarətlə bağlı məsələlər tənzimlənir.

Müzakirədə iştirak edən deputatlar bir sıra təkliflərlə çıxış ediblər. deputat Fazil Mustafa parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti olmasını təklif edib. O qeyd edib ki, maddəyə bununla bağlı əlavə bənd salınsın: “Milli Məclis qanunverici və səlahiyyətli orqandır. Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisinin razılığı olmalıdır. Bəzən elə fikir yaranır ki, sanki biz ABŞ konqresi və ya Bolqarıstan parlamenti üçün hansısa səlahiyyət istəyirik. Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin. Yəni Milli Məclis də hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar Xidmətə baxın. Qurum qeyri-peşəkarlardan ibarət olanda belə olacaq. Çünki nəzarətdən kənarda qalıb. Ədliyyə Nazirliyinin özü də Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Mən Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətdə Milli Məclisin kənarda qalmasını yanlış hesab edirəm”.

Deputat Qüdrət Həsənquliyev isə peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib. “Bu yanlış addımdır. Ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq. Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

Deputatı Azay Quliyev bildirib ki, “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir. “Suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib”.

Deputat bildirib ki, qanun layihəsində Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilməsi normal bir müddəadır.

“Təbii ki, Silahlı Qüvvələrdə bu tipli qurumlar yaradıla bilməz. Hətta bununla bağlı əvvəlki qanunda da xüsusi bir müdəa vardı. Bu, dünya praktikasına uyğundur. Burada hər hansı bir QHT-nin və yaxud siyasi partiyanın fəaliyyətini məhdudlaşdırmır. Bu, bir norma və prinsipdir. Ancaq biz burada ictimai nəzarətlə bağlı məsələyə xüsusi diqqətlə yanaşmalıyıq. Biz Silahlı Qüvvələrin bir çox növünə ictimai nəzarəti praktiki olaraq həyata keçiririk. Ədliyyə Nazirliyində İctimai Şura var. Başqa qurumlarda da artıq bu proses gedir. Yaxşı olardı ki, qadağan olunmuş materiallara məhdudiyyət tətbiq olunmaqla ictimai nəzarət tətbiq olunmalıdır. Bu, işin xeyrinə olar”. Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib.

Deputat Naqif Həmzəyev Silahlı Qüvvələrdə müddətdən artıq xidmətə götürənlərlə bağlı xüsusi nəzarətin tətbiq edilməsini təklif edib. O bildirib ki, müddətdən artıq xidmətə götürənlə bağlı sənədləşmə zamanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır: “Son vaxtlar hərbi sirlə bağlı orduda bəzi problemlərin olması da bunun vacibliyini ortaya çıxarır. Müddətdən artıq hərbi xidmətə götürülənlərin həmin dövrə qədər hərbi karyerasında yalnız müddətli hərbi xidmət dövrü var, ondan sonra onun harada və necə həyat tərzi keçirməsi bəlli olmur. Ona görə də sonradan müddətdən artıq hərbi xidmətə götürülən zaman təhlükəsizlik xidmətinin və yerli polisin dəstəyindən istifadə etmək lazımdır”.

Deputat hərbi hissələrdə işə götürülən mülki işçilərin də eyni yoxlanışdan keçməsini təklif edib: “Bəzən olur ki, mülki şəxs olan peşəkar aşpaz və yaxud digər xidmət növü nümayəndəsi hərbi qurumda işə götürülür. Bu zaman bu şəxslər də müvafiq qurumlar tərəfindən yoxlanılmalıdır” - deyən deputat qeyd olunan məsələlərin layihədə əks olunmasını təklif edib.

İclasda iştirak edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deputata cavab olaraq deyib ki, orduda müddətdən artıq hərbi xidmətə götürülənlərlə bağlı məsələ diqqətdə saxlanılır və onlar işə götürülən zaman xüsusi xidmət orqanları tərəfindən yoxlanılır: “Bu məsələyə bundan sonra da daha çox diqqət yetiriləcək”.

“Ordu cəmiyyətə qapalı olmalıdır ki, işinin öhdəsindən gələ bilsin”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə qarşı çıxıb. “Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilməsi təklifini irəli sürmək düzgün deyil”.

S. Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır: “Ordu nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. Silah növləri mütəmadi dəyişir, müasirləşir. Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər müqavilə əsasında orduya cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələlər üçün QHT-ləri cəlb etmək lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, işinin öhdəsindən gələ bilsin”.

S. Novruzov müdafiə nazirinin mülki şəxs təyin edilməsi barədə təkliflərə də münasibətini bildirib. O qeyd edib ki, müharibə şəraitində olan ölkənin müdafiə naziri peşəkar hərbiçi olmalıdır: “Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi, ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəalara yer vermək mümkün deyil. Ordunun sirləri qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığı məlumatdan kənar məlumatlar yaymamalıdır”.

“Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur”

Birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Ziyafət Əsgərov mətbuatın və QHT-lərin Silahlı Qüvvələr üzərində nəzarətinə, məhdudiyyətin aradan qaldırılmasına edilən etirazlara münasibət bildirib.

Z. Əsgərov deyib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib: “ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? İndi ABŞ kimi deyək ki, “gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq?”

Vitse-spiker zaldakı jurnalistlərə üzünü tutaraq, “Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!” söyləyib.

Z. Əsgərov bildirib ki, Azərbaycan Ordusu dünyanın ən demokratik ordularındandır: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil. Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”.

Z. Əsgərov Azərbaycan Ordusuna düşməni öz ərazimizdən qovmaqla yanaşı, işğalçı ölkə ərazisində təqib etməsi səlahiyyətinin verilməsin təklif edən deputat Tahir Kərimlinin fikirlərinə də reaksiya verib: “Tahir müəllim, o halda bu, işğal sayılacaq”.

Oqtay Əsədov: “Hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır”

Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev qanun layihəsi ilə bağlı təkliflərə münasibət bildirib. O, bildirib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev cəbhə bölgəsində hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı məsələyə toxunub. Nazir müavini qeyd edib ki, bu barədə məlumat müdaiada getdikdən sonra dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxlayıb. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdırlar. Bu, həssas məsələdir. Müharibə şəraitindəyik. Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı işlənilir. Bizdə ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir”, - deyə K. Vəliyev bildirib.

Generala reaksiya verən spiker Oqtay Əsədov onu narahat olmamağa çağırıb: “Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur”. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »