Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hesablama Platasının səlahiyyətləri artırılır
Qurumun fəaliyyəti ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisin plenar iclasında yenidən hazırlanan "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.Qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 6 fəsil 41 maddədən ibarət olan layihədə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir. Z.Səmədzadə bildirib ki, qanun layihəsində maliyyə, uyğunluq və səmərəlilik auditi öz əksini tapıb.

Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək: "Bu da dövlət vəsaitlərindən daha səmərəli istifadənin təmin olunmasına imkan verəcək".

Z.Səmədzadə qeyd edib ki, yeni qanun kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Palatanın sərhədlərinin konkret müəyyənləşdirilməsi ilə dövlət vəsaitləri üzərində nəzarəti konkretləşdirir. Onun sözlərinə görə, Palatanın büdcə prosesində iştirakında konkret mərhələlər müəyyən olunub.

Qanunda bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə təqdim edir.

Bundan başqa, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Milli Məclisə daxil olduğu gündən 15 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini Milli Məclisə təqdim edir.

Müzakirələr zamanı deputat Çingiz Qənizadə deyib ki, layihədə başa düşülməyən məqamlar var: “13.3-cü maddəsində göstərilib ki, Milli Məclisin razılığı olmadan Hesablama Palatasının üzvü səlahiyyət müddəti ərzində cinayət məsuliyyətinə cəlb edilə bilməz. Tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Mən ümumilikdə bunun tam əleyhinə deyiləm”.

O bildirib ki, deputatlar da cinayət törətdiyi yerdə tutula bilər. “Tutulma hələ həbs demək deyil. Həbs üçün təbii ki, razılıq lazımdır. Onun üçün burada müəyyən qədər dəqiqləşdirmə aparmaq lazımdır. Belə hesab edirəm ki, bu bəndin üzərində müəyyən işlər aparmaq lazımdır.

13.4-cü bənddə isə qeyd edilib ki, Hesablama Palatasının üzvünə qarşı cinayət işi yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər. Burada da müəyyən boşluq var. İstərdim ki, burada “baş prokurorun təqdimatı, Milli Məclisin razılığı ilə” sözləri qeyd edilsin.

Həmçinin qanunun 28.4-cü bəndində qeyd edilib ki, Hesablama Palatasının təqdimatın ləğv edilməsi və ya onlara dəyişikliklərin edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir. Biz hüquqi dövlətdə yaşayırıq. Hesab edirəm ki, məhkəmə qaydasında da buna baxılması olduqca vacibdir”.

Deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının bələdiyyələrə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit yoxlaması aparmasına ehtiyacın olmadığını vurğulayıb: "Elə bələdiyyələr var ki, bəlkə də 200 manat vəsait almayıb. Dövlət büdcəsindən az vəsait alan bələdiyyələrin yoxlanılmasına nə ehtiyac var? 10 milyonlarla manat dövlət zəmanəti ilə kredit götürmüş səhmdar cəmiyyətlər, dövlət büdcəsindən 100 milyonlarla vəsait alan qurumlar maliyyə yoxlamasından kənarda qalır. Hələ indiyədək Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxladığını müşahidə etməmişik”.

Spiker Oqtay Əsədov buna cavab olaraq bildirib ki, Hesablama Palatası seçim yolu ilə bələdiyyələrin fəaliyyətini yoxlayır və yoxlamalıdır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, qanunun 3 və 5-ci maddəsində qurumun statusu aydın göstərilib: "Hesablama Palatası son 10 ildə Azərbaycanda heç bir bələdiyyəni yoxlamayıb. Digər millət vəkillərinin təkliflərini nəzərdən keçirməyə çalışacağıq".

Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »