Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
14 fevral, yoxsa 30 iyun: Sevmək üçün "gün" lazımdırmı?
14 fevral, yoxsa 30 iyun: Sevmək üçün "gün" lazımdırmı?

14 fevral əksər ölkələrdə “sevgililər günü” kimi qeyd edilir. Tarixi qədim Roma İmperatorluğuna qədər uzanan bu günü Azərbaycanda da qeyd edənlər çoxdur. Düzdür, bir ara 14 fevralın 30 iyun – “İlham və Fərizənin toy günü” ilə əvəzlənməsini təklif edənlər də oldu. Amma dünyasını dəyişmiş gənclərin, nakam həyatlarını birləşdirdikləri günün sevgililər günü kimi qeyd edilməsindən absurd təklif ola bilməzdi. Buna görə də, bu günü əksər azərbaycanlılar qəbul etmir. Qəbul edənlərin əksəriyyəti isə heç tarixi ilə də maraqlanmayıb.

İndi 14 fevraldan danışaq. Qədim Roma katolik kilsəsinin inancı ilə qeyd edilən bu gün, Valentin adlı bir din adamının adı ilə bağlıdır. Bu səbbədən də bəzi cəmiyyətlər bu günü “Müqəddəs Valentin günü” kimi də qeyd edirlər. Valentin sözü qərb mədəniyyətlərində bəyənilən və ya sevilən şəxs mənasını verir. Bu gün bəzi cəmiyyətlərdə sevgililərin bir-birinə hədiyyələr aldığı xüsusi gün olaraq qeyd edilir.  Hesablamalara görə, hər il 14 fevral tarixində bütün dünyada 1 milyarda yaxın sevgi kartı göndərilir. Bununla yanaşı, bu gün alınan hədiyyələr də bazara təsir edir.

14 fevralın tarixindən danışaq: Fevral ayının ortasının sevgi ilə əlaqəsi qədim dövrlərə təsadüf edir. Qədim Yunan təqvimlərində yanvar ayının ortası ilə fevral ayının ortası arasında qalan zaman Gamelyon ayı adlandırılırmış. Bu ay, Zevs ilə Heranın müqəddəs evliliyinə həsr edilmişdi.

Qədim Romada 15 fevral bərəkət tanrısı Lupekusun şərəfinə Luperkus günü olaraq qeyd edilirdi. Bu gündə Luperkusun din adamları tanrıya keçi qurban edərdi. Daha sonra isə başlarına keçirdikləri keçi dərisi ilə Roma küçələrində qaçaraq hər kəsə toxunardılar. Gənc qızlar isə könüllü olaraq ortaya atılar və bərəkət tanrısının toxunuşlarından pay almağa çalışardılar. İnanclara görə, bu toxunuşlar qadınların uşaq dünyaya gətirməsini asanlaşdırırdı. Luperkus bayamından 1 gün əvvəl 14 fevralda gənc kişilər gənc qızların adını kağızlara yazaraq, püşk atar, bayramı həmin qızla keçirərdilər. 469-cu ildə Papa bu qeyri-xristian bayramı qadağan etdi və sadəcə püşk atmasına icazə verdi. Ancaq artıq kağızlara qızların adı deyil, müqəddəslərin adı yazılırdı.

14 fevral 1800-cü ildə Amerikalı Ester Holand ilk sevgililər günü kartını göndərdikdən sonra bu gün bayram kimi qeyd edilməyə başlandı. Bununla yanaşı, bayarım ticari baxımdan da gəlir qazandırırdı. Sevgililər günündə əksər ölkələrdə ticarət daha aktiv olur. 14 fevral “Sevgililər günü”-nü gözdən salmağa çalışan bir qrup insan keşiş Valentinin cinsi azlıqları öldürdüyünü iddia edir. Tarix isə belə demir..

Tarixi mənbələrə görə, imperator II Klaudi Romanı sərt qərarlarla idarə edən zalım bir hökmdarmış. Onun üçün ən böyük problem isə orduda döyüşməyə əsgər tapa bilməməsi idi. O, romalı kişilərdən sevgililərini və ailələrini tərk etməyi tələb edirdi. Kişilər isə bunu qəbul etmirdi. Bunun qarşısını almaq üçün o, Romada nişan və nikahlara qadağa qoyur. Bu əmri qəbul etməyənlər arasında alim Müqəddəs Valentin də vardı. O, imperatorun səhv qərar verdiyini başa düşürdü. Keşiş Valentin gizli şəkildə kəbin kəsməyə də davam edirdi. Sonunda isə həbs edildi. Valentinin həbsdə olduğu günlərlə bağlı müxtəlif rəvayətlər bu günə qədər gəlib çıxıb. Bunlardan birinə görə, həbsxana nəzarətçisi gözləri anadangəlmə görmə qüsurlu olan bacısı Culiyanı Valentinin yanına gətirir. Culiya çox gözəl və ağıllı qız idi. O, günlərlə Valentinin yanında qalır. Valentin ona Roma tarixi, Tanrı haqqında danışır. Culia dünyanı Valentinin danışdıqları ilə görməyə başlayır və həyatı sevir. Bir neçə gün sonra Valentinin ölüm əmri gəlir. O, Culiyaya bir məktub yazır, imza olaraq isə “Sənin Valentinin” deyə qeyd edir. Məktub Culiyanın əlinə ertəsi gün 269-cu il fevralın 14-də çatır. Valentin sonradan “Porta Valentini” adı verilən qapının altında dəfn edilir. Bu gün Romada həmin yerdə Praksdeks Kilsəsi yerləşir. Culiya Valentinin məzarı yanında cəhrayı çiçəkləri olan bir badam ağacı əkir. Bu gün badam ağacı sevginin və dostluğun rəmzi hesab edilir.

Qısası, əzizlərim, Valentin haqqında deyilən aşağılayıcı rəvayətlərə inanmayın. Tarixi araşdırın, o zaman həqiqətləri biləcəksiniz.

"İldə bir günün sevgiyə həsr edilməsi, sevgilərin məhv olduğu bu günümüzdə önəmlidir" deyə bilərəm. “Əslində hər gün sevgi olmalıdır” şablonundan da istifadə edə bilərəm. Ən başlıcası sevə bilməkdir. Günün önəmi yoxdur əslində.

Bir də sevgililər günündə bir neçə qadına “sevirəm” deyib hədiyyə alanlar da var. Həyat isə hər şeyi eyni anda yaşamaq üçün çox qısadır.

Sevməkmi? Sevin, bütün varlığınızla hiss edin. O zaman 14 fevralın da, digər günlərin də necə keçdiyini hiss edə bilməyəcəksiniz...

Sevgilərlə,

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »