Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlar niyə öz qatillərinə inanır?
Qadınlar niyə öz qatillərinə inanır?

Bir neçə gün öncə Yevlax rayonu Hacıselli kəndində 48 yaşlı Mehdi Qarayev həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qarayevanı amansızlıqla öldürüb. Araşdırma zamanı məlum olub ki, Mehdi ötən ilin yanvarında da onu qətlə yetirməyə cəhd edib. Belə ki, ötən ilin 13 yanvar tarixində Mehdi Qarayev, yaşadığı mənzildə balta ilə E.Qarayevaya ağır zərbələr endirərək onu öldürməyə cəhd göstərib. Həmin vaxt başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadının həyatını xilas etmək mümkün olub.

Bu dəfə isə qatil ər, istədiyinə nail olub. Bir dəfə onu öldürməyə cəhd edən kişi ilə yenidən eyni damın altında yaşamağa Elnarəni nəyin vadar etdiyi çox maraqlıdır. Dünyadan köçəni qınamazlar, amma baş verən hadisələrə məntiqli yanaşmağa başlayanda görürük ki, bizim qadınlarımız qatillərini bağışlayıb, onlara yenidən güvənə bilirlər…

İlk cəhddə ağır xəsarətlər alan, barmaqlarını itirən bir qadın niyə həmin adamı bağışlasın ki?

Psixoloq Nura Cəfərzadə Bizimyol.info saytına açıqlamasında bildirib ki, yaşadığımız cəmiyyətdə qadına verilən dəyərdən irəli gələrək tez-tez “qadın cinayətlərinin” şahidi oluruq. Dəyər verilməyən bir varlığın ölümü də çox maraqlandırmır bəzi “insanları”. Belə olan halda istənilən münaqişədə ilk gözdən çıxarılan qadın həyatı olur.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Cəmiyyət tərəfindən kişilərin bu əməlinə haqq qazandırılması onları daha da cəsarətləndirir. Bu yaxınlarda həyat yoldaşını qətlə yetirən kişi səbəb olaraq demişdi ki, bircə onu bilin ki, boşuna öldürməmişəm, səbəbi var. Bunu dedi və insanların ağlında həyat yoldaşının əxlaqı ilə bağlı suallar yaratdı, özü isə namusunu təmizləyən “ər” oldu. Kişilərin bu cür addım atmasının səbəbini psixoloji tərəfdən bu cür açıqlamaq olar; insanlar həyat motivinə görə bir neçə qrupda birləşdirilir, buna dünya modeli adı verilir. Bir qrup dünya modeli var ki, bu “davranış” adlanır. Bu qrupa aid olan insanlar daima öz davranışları ilə reputasiya qazanırlar. Məsələn, bu qıza baxın, necə ağıllı, tərbiyəli qızdır və s. kimi sözlər bu qrupda olan insanların tez-tez eşitdiyi sözdür. Davranış modelinin mənfi tərəfləri isə özünü bu şəkildə göstərə bilir, yəni digər insanlara nəzərən, bu insanlar xəyanətlə üzləşəndə verdiyi reaksiya əgər ailədən də şiddəti davranış modeli olaraq seçibsə məhz belə olacaq”.

Psixoloq deyir ki, bu məsələdə ən çox zərər çəkən isə uşaqlar olur. Çox zaman ailələr uşağa görə boşanmadığını desə də, əslində onların həqiqətdə səbəbi travmatik münasibətlər qurması, ayrılarkən nə edəcəklərini bilməmələri olur. Elə ailələr var ki, onlar məhz uşaqlarını düşünüb boşanmalıdır və ya psixoloqa müraciət edib, problemi kökündən çözməlidir. Ancaq heç bir halda uşaqlar ailə daxilində söz söhbətlərin və şiddətin şahidi olmamalıdır, nəinki uşağın gözü önündə anasını öldürmək…

Bəs qadınlar niyə qatillərinə inanır?

Bu inam deyil bəlkə də... Bu çarəsizlikdir, iqtisadi asılılıqdır, “el nə deyər” qorxusudur…

Bu gün qızlarına təhsil verməyən və onun iqtisadi baxımdan azad olmasına çalışmayan valideynlər, Elnarə obrazını gözləri önündə canlandırmalıdırlar. Kim övladının öldürülməsini istəyər ki?

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »