Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlar bütün sahələrdə ikincidir, ölümdən başqa!
Qadınlar bütün sahələrdə ikincidir, ölümdən başqa!

Bu gün Beynəlxalq Qadın və Qızların elmdə iştirak günüdür. Bununla əlaqədar BMT-nin Baş Katibi Antonio Quterreş müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, bu gün dünyada elm və mühəndislik sahəsi ilə məşğul olan hər üç tədqiqatçıdan yalnız biri qadındır. Struktur və sosial maneələr qadın və qızların elmlə məşğul olmasına əngəl olur və bu sahədə irəliləməsinin qarşısını alır. Quterreş həmçinin qeyd edib ki, pandemiya məktəblərin bağlanması, zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender bərabərsizliyini daha da artırıb.

“Bu bərabərsizlik bizi gizli qalmış istedad və yeniliklərdən məhrum edir. Elm və texnologiyanın hər bir kəs üçün xidmət etdiyinə əmin olmaq üçün qadın baxışına ehtiyacımız var. Biz hərəkətə keçə bilərik və bunu etməliyik” - deyən baş katib vurğulayıb ki, bu sinif otaqlarında texnologiya, fizika, mühəndislik və riyaziyyat öyrənən qızların sayını artıran siyasətlərlə, laboratoriyalar, tədqiqat müəssisələri və universitetlərdə qadınların inkişafı və rəhbərlik imkanlarını təmin etmək üçün hədəfli tədbirlərlə, elmdə qadınlar haqqında ayrı-seçkilik və stereotiplərə son qoymaq üçün qətiyyət nümayiş etdirməklə həyata keçirilə bilər. Bu məsələdə alıqlara aid qadınlar üçün imkanları genişləndirmək məqsədilə daha ciddi tədbirlər görülməsini də önəmli hesab edən baş katib bildirib ki, bunlar süni intellekt kimi vacib sahə üçün əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, süni intellekt sahəsində qadınların azlığı ilə kişiləri normaya uyğun, qadınları isə istisna hal kimi qəbul edən məntiqsiz və gender ayrı-seçkiliyini dəstəkləyən alqoritmlər arasında birbaşa əlaqə var. Belə ki, hər kəsə xidmət edən və gender bərabərliyini qoruyan süni intellekti inkişaf etdirmək üçün bu sahədə daha çox qadının iştirakına ehtiyac var.

Quterreşin fikrincə, gənc qadın alimlərin iqlim və ətraf mühit böhranlarını həll etməyə kömək edəcək karyera qurmalarına mane olan tendensiyaları durdurulmalıdır: “Mən mühəndislik sahəsində dərs demişəm. Şəxsi təcrübəmə əsaslanaraq bilirəm ki, gənc qadınlar və kişilər eyni dərəcədə bacarığa malikdirlər və eyni dərəcədə elmdən zövq alırlar, yeni fikirlərlə zəngindirlər və dünyamızı irəli aparmağa hazırdırlar. Biz təmin etməliyik ki onlar eyni mühitdə bərabər öyrənmə və iş imkanlarından istifadə edə bilsinlər. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günündə, mən hamını qadınların əsl potensialını həyata keçirə biləcəyi və bu günün qızlarının sabahın aparıcı alim və yenilik yaradanları kimi ədalətli və dayanıqlı gələcək qura biləcəyi mühit yaratmağa çağırıram”.

Məleykə Abbaszadə Məleykə Abbaszadə

Azərbaycanda isə, qadınlar dövlət qulluğu üzrə yardımçı vəzifələrə işə götürülür. Bunu çıxışlarının birində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə demişdi. O, bildirirdi ki, bütün növ imtahanlarda qadınlar kişilərlə bərabər bilik və bacarıq səviyyəsi nümayiş etdirirlər. Hətta bir çox qadınlar kişilərlə müqayisədə yüksək nəticə əldə edirlər. Amma bütün bunlara baxmayaraq, qadınlar əsasən ehtiyat kadr kimi sistemə daxil olur. Belə ki, bu gün inzibati rəhbər vəzifələrində çalışan dövlət qulluqçularının sayı 3 min 111 nəfərdirsə, onun 17,01 faizi qadındır. Bu isə deməyə əsas verir ki, Azərbaycanda qadın nə qədər savadlı, bacarıqlı olsa da, onu yeri cəmiyyətin nəzərində, dövlət qurumlarının nəzərində hər zaman ehtiyat kadr olaraq qalacaq. Bütün dünyada olduğu kimi Azərbaycanda da qadınların elmdə, dövlət qulluğunda irəli getməsi üçün maneələr var. Və bunun qarşısını almaq arzu olaraq qalır.

Azərbaycanda ilk hüquqşünas qadını Bilqeyis Həşimzadə, Azərbaycan-sovet partiya və dövlət xadimi Elmira Qafarova, tibb elmləri doktoru Hicran Bağırova, İqtisad elmləri üzrə fəlsəfə doktoru Hicran Mirzəyeva, etnoqraf-alim Solmaz Məhərrəmova və s. tanımadığımız, daha doğrusu tanınması üçün şərait yaradılmayan qadın alimlərimiz var. Onu da qeyd edək ki, UNESCO-nun məlumatlarına görə, Azərbaycan qadın alimlərin faizinə görə dünyada üçüncü yerdədir. Amma təəssüflə qeyd etməliyik ki, bu gün onların çoxunu tanımırıq. Azərbaycan cəmiyyətində alim qadınların kifayət qədər tanınması üçün şərait yaradılmır.

Qadın irəli çəkilmir, qadının savadı olsa da dəyərləndirilmir. Azərbaycanda qadını öldürməyi, məhv etməyi dəyərləndirməkdən yaxşı bacarırlar. Ötən il 70-dən çox qadın öldürülüb. Pərvanə, Aytən, Nigar, Sevinc, Türkan və onlarla qadın… Bəlkə də yüzlərlə...

Bəlkə ölən qadınlarımız alim ola bilməyib, Azərbaycan elminə töhvələri olmayıb. Amma onlar Azərbaycan üçün yararlı vətəndaşlar yetişdirə bilərdi, yeni alimlər dünyaya gətirə bilərdi. Nə qədər acınacaqlı olsa da, reallıq budur…

Qadınlar bütün sahələrdə ikincidir, ölümdən başqa!

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »