Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir. Yeni əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
- Bəs jurnalist güzəştli ipotekadan istifadə edə biləcək qədər əmək haqqı alırmı?
“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev Bizimyol.info saytına açıqlamasında bildirib ki, “MEDİA”-ya yeni səlahiyyətlər verildi. Bunlardan biri də jurnalistlərə güzəştli ipotekaların verilməsi ilə bağlıdır. Təbii ki, bu yaxşı haldır. Bir zamanlar bu müzakirə edilirdi: “O zamanlar “Baş redaktorlar” deyilən bir birlik var idi. Orada güzəştli kreditlərin, güzəştli ipotekaların verilməsi ilə bağlı müzakirələr aparılırdı”.
Ş.Ağayev qeyd edib ki, uzun müddət keçdikdən sonra jurnalistlərə bu güzəştlərin verilməsi sevindirici haldır. Jurnalistlərin həm mənzillə təmin olunmaq həm də, dövlətin başqa əhəmiyyətli qulluq sahibləri ilə eyni sıralarda olması təqdirə layiqdir.
“Jurnalistlərə ev bağışlamaq, ev vermək söz-söhbətə səbəb olurdu. Artıq ipoteka şərtləri ilə jurnalist mənzil şəraitini yaxşılaşdıra biləcək”,- deyə Ş.Ağayev bildirib.
Bəs jurnalist ipoteka ilə ev ala biləcək qədər əmək haqqı alırmı?
Şakir Ağayev qeyd edib ki, təbii Azərbaycanda jurnalistlərin hamısı o həcmdə məvacib almır: “Ancaq MEDİA agentliyinin yeni qaydalarına görə, MEDİA-nın layihəsində iştirak edən jurnalistlər 600 manat əmək haqqı almalıdır. Bu hardasa ipotekaların verilməsi üçün köməkedici ola bilər. Hesab edirəm ki, media biznes strukturuna çevrilərsə və reklam bazarları açılarsa, qanunlar kağız üzərində qalmazsa, icra mexanizmi olarsa jurnalistlərin də əmək haqqı arta bilər. Bu, jurnalistlərin ipoteka səlahiyyətlərindən istifadə etməsinə kömək edə bilər. Bu gün buna gücü çatan jurnalistlər olsa da, onların sayı çox azdır. Gücü çatmayanlar çoxluq təşkil edir”.
Ş.Ağayev qeyd edib ki, jurnalistə güzəştli ipotekadan yararlanmaq imkanlarının yaradılacağını düşünmək mümkün deyildi: “İnşəallah, jurnalistlərin də əmək haqqı artırılar. Və ev şəraiti yaxşı olmayan jurnalistlər güzəştli ipotekadan istifadə edə bilərlər. Bunu isə zaman göstərəcək”.
İlahin, Bizimyol.info