İki ildən çox davam edən koronavirus pandemiyası ilə bağlı karantin rejimləri bütün sahələrə eləcə də, insanların psixikasına zərbə vurdu. Qeyri-müəyyənliklər, qadağalar, ölümlər, bəzi fəaliyyət sahələrinin bağlanması, onlayn təhsil və s. qadağalar insanların psixikasını elə zədələyib ki, karantin rejimi yumşaldılsa da və daha əvvəlki qadağalar olmasa da indi insanlar virusdan əvvəlki həyata geri dönə bilmirlər. Bunu istər məktəblərdə təhsillə bağlı, istər yollarımızda avtomobillərlə bağlı yaranan problemlərdə daha aydın şəkildə görə bilirik.
Karatin rejimində toyların keçirilməsinə də qadağa qoyulmuşdu. Toyların keçrilməsinə icazə verildikdən sonra hərəkət iştirakçılarının toy karvanı problemi də özünü göstərməyə başladı. Toy karvanı avtomobilləri tərəfindən yolların tutulması, toy karvanı avtomobil sürücülərinin avtoxuliqanlığı və s. hərəkətlər digər hərəkət iştirakçılarını narahat edir. Bəzən toy karvanı avtomobilləri yolu elə tuturlar ki, məcbur olub, karavana qatılırsan...

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, toy karvanları bu gün yol hərəkəti iştirakçıları üçün böyük başağrısına çevrilib. Bu, nəinki Bakı şəhərində, ölkənin digər şəhər və rayonlarında da müşahidə olunur. Toy karvanlarında avtoxuliqanlıq halları böyük qəzalarla nəticələnir.
“Toy karvanlarında 10-15 avtomobillə 4 zolaqlı yolu tuturlar. Digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar. Bu, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. DYP bununla bağlı dəfələrlə çağırışlar edib. Biz də təklif edirik ki, toy karvanlarında olan avtomobillərin sayı azaldılsın. Yəni, bu avtomobillərin sayı maksimum 5 ola bilər. Biz bu təklifi irəli sürürük. DYP, toy karvanlarındakı avtomobillərin sayının azaldılmasını tələb edə bilər. Bu say azaldılsa, bəlkə indiki qədər çox və ciddi problemlər olmaz”.
Ekspert təklif edir ki, toy karvanlarının marşrutu əvvəldən məcburi şəkildə DYP-yə verilməsi tələbi irəli sürülə bilər. Bu zaman toy sahibi daha məsuliyyətli olar və toy iştirakçılarından tələb edər ki, qaydaları pozmasınlar. Çünki toy karvanlarında avtomobil idarə edən sürücülər düşünür ki, xeyirli işin ardınca getdikləri üçün heç kim onlara heç nə deməyəcək. Buna görə də qaydaları kobud şəkildə pozurlar. Toy karvanlarında avtomobillərin sayının azaldılması və toy karvanlarının marşurutunun əvvəlcədən DYP-ə bildirilməsi bu problemin qarşısını müəyyən qədər ala bilər.
İlahin, Bizimyol.info