Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qızım oldu deyə ərim bir ay məni danışdırmadı”
“Qızım oldu deyə ərim bir ay məni danışdırmadı”

Qız uşaqlarınızı sevin...

54 yaşlı Rəsmiyyə Vəliyevanın iki qız övladı var. Onunla söhbətimizin mövzusu da bu barədə oldu. Hərçənd, əvvəldən razılaşmışdıq ki, söhbətimiz videomüsahibə şəklində olacaq. Amma son anda Vəliyeva fikrini dəyişdi. Bunu da həyat yoldaşının xaraktercə mühafizəkar olmasıyla izah etdi. Elə söhbətimizin də bir hissəsi qız övladlarına görə həyat yoldaşıyla aralarında yaranmış narazılıqlar haqda oldu.

***

“Mən əslən Siyəzən rayonundanam, yoldaşım isə Bakıdan. Yoldaşım çox kiçik olanda atasını itirib, anası onu və bacısını körpəlikdən təkbaşına böyüdüb. Bacısı böyüyüb ərə gedəndən bir neçə il sonra boşanıb. Daha doğrusu, əri başqa qadına görə onu atıb, bu da bir qız uşağı ilə geri qayıdıb. Ona görə evin maddi yükü, məsuliyyəti kişi olaraq, yoldaşımın üzərinə düşüb...”, - Rəsmiyyə Vəliyeva hələ ailə qurana qədər həyat yoldaşının həyatını danışır.

“Qızım oldu deyə, ərim bir ay məni danışdırmadı”

Onun sözlərinə görə, yaşadığı çətinliklər həyat yoldaşı Mehdidə gələcəkdə oğul gözləntilərini artırmışdı. Sanki o, üzərinə düşən məsuliyyəti şüuraltı nə vaxtsa kiminləsə bölüşmək istəyirdi:

“Yoldaşım o qədər çətinlik çəkmişdi ki, biz evlənəndə artıq səhhətində problemlər vardı. Evlənəndə onun 30, mənim 25 yaşım vardı. Qohumların vasitəçiliyilə evlənmişik. Birinci övladımız qız oldu. Düzü, hiss elədim ki, lap ürəyincə olmadı, amma büruzə verməməyə çalışdı. Anasının adını qoydu. Anasına çox bağlıdır. Bir il sonra ikinci qızımız olanda evimizdə sanki yas düşdü. İnanın, bir aya yaxın məni danışdırmadı. Planlaşdırılmamış hamiləlik idi, amma neyləmək olardı, uşağı məhv edəsi deyildim ki...”

“Yoldaşım əlil oldu, ona həmin qızım baxırdı”

Rəsmiyyə xanımın həmin qızının – Aynurun hazırda 27 yaşı var. Deyir ki, atasının sevimlisidir. Günü bu gün də atası uzun illər öncə Aynuru doğum evindən gətirəndə qaş-qabaq salladığını yadına salanda xəcalət çəkir: “Hətta zarafatyana yadına salanda da utanır, acığına gəlir. Bir neçə dəfə qışqırıb ki, mənimlə belə zarafat eləmə. Aynuru o qədər çox istəyir, sözlə demək çətindi. Bəlkə o biri qızımdan da çox... O da atasına çox bağlıdır. İş elə gətirdi ki, yoldaşım əlil oldu. Ayağının biri qanqrena oldu, dizdən yuxarı kəsdilər. Mən işləyirdim, Aynur həm oxuyurdu, həm evdə atasının qulluğunda dururdu. Sonra universitetə daxil oldu, həm oxuyurdu, həm işləyirdi. Belə övladı necə istəməyəsən?! Aslanın erkəyi, dişisi olmaz...”

Azərbaycan Tibb Universitetində təhsil alan Aynur, hazırda Bakıdakı özəl xəstəxanalardan birinin laboratoriyasında işləyir.

“Cinsə görə hamiləliyi sonlandırmaq sağlam körpəni öldürmək deməkdi”

Uşağın ana bətnində məhz cinsinə görə məhv edilməsi selektiv abort adlanır. Uşağın cinsi isə təxminən 12 həftəliyində məlum olur. Məhz bu üzdən qanunvericilik 12 həftəyə qədər abortlara icazə verir. Təkcə qanunlar deyil, elə tibb mütəxəssisləri də deyir ki, 13-14 həftədən yuxarı abortlar risklidir.

“Qız olduğu üçün ana bətnində körpəni məhv etmək nə peşə əxlaqına sığır, nə də insanlığa. Cinsə görə hamiləliyin sonlandırılması şəxsən mənim üçün bir həkim olaraq, yolverilməzdir, sağlam bir körpəni öldürmək deməkdir. Çox ciddi qüsuru yoxdursa, ananın həyatı təhlükədə deyilsə, o halda, mən o cür addımlara getmirəm”, - ginekoloq Mətanət Yusifzadə Bizimyol.info saytına bildirib. O, əlavə edib ki, son illərdə selektiv abortlarla bağlı maarifləndirmə xarakterli materialların müsbət təsiri olub. Həkimin sözlərinə görə, insanlar əvvəlki illərlə müqayisədə məhz cinsiyyətinə görə abortlardan nisbətən çəkinirlər: “Düzdür, yenə də oğlan uşağına üstünlük verilir. Amma əvvəlki illərlə müqayisədə sanki azalıb. Məncə, qınaqlar təsirini göstərib. Hər halda, mənim müşahidələrim belədir. Adamlar cinsiyyətindən asılı olmayaraq, az uşağa meylli olub”.

“Oğlan uşaqlarına nəslin davamçısı kimi baxırlar”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, doğulan uşaqların cins nisbətinin pozulması tendensiyası Azərbaycanda özünü qabarıq şəkildə göstərməkdədir. Ölkədə hər doğulan 100 qıza 114 oğlan düşür: “Selektiv abortların sayının artması insanlar tərəfindən stereotiplərin mövcudluğundan, eləcə də oğlan uşaqlarına nəslin davamçısı kimi üstünlük verilməsindən irəli gəlir”.

Azərbaycan Cinayət Məcəlləsinin 141-ci maddəsində qanunsuz abort etmə ilə bağlı maddə var. Lakin bir sıra ekspertlər hesab edir ki, qanunvericiliyə selektiv abortlarla bağlı da xüsusi müddəaların əlavə edilməsinə ehtiyac var.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

Aytən, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »