Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu videoçarxda şiddət mərhələsinə keçmədən son anda hər şey dəyişir" - Video
"Bu videoçarxda şiddət mərhələsinə keçmədən son anda hər şey dəyişir" - Video

Qadına qarşı zorakılıq, gender bərabərsizliyi daha çox az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə baş verir. Qadınların psixi, iqtisadi, fiziki zorakılığa məruz qalması, şantaj-təhdid edilməsi, qətlə yetirilməsi bütün cəmiyyətlərə var. Gender bərabərsizliyi, qızların təhsildən yayındırılması, erkən nikahlar və s. bu kimi hallar Azərbaycan cəmiyyətinin də əsas problemlərindəın olub. Əvvəllər belə hallarda birbaşa qadınlar günahlandırılırdı. “Xəyanət edib”, “düz yolda olmayıb” deyə qadınlar haqlı-haqsız yerə öldürülür və bu hadisələrin çox da dərininə varılmırdı. Erkən nikahlar isə ənənə halını almışdı. Qızın 9 yaşını keçdisə, nişanlana və ya 13-14 yaşından sonra ailə qura bilərdi. Qızların təhsildən yayındırılması halları isə, bu gün də ölkənin əksər bölgələrində müşahidə edilir.

Bizimyol.info xəbər portalı gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə “Dayan və Dəyiş” layihəsi çərçivəsində eyni adlı sosial çarx hazırlayıb. Layihə rəhbəri və sosial çarxın ssenari müəllifi Orxan Musa qeyd edir ki, sosial çarxın süjet xətti ənənəvi hazırlanmış digər sosial çarxlardan fərqlidir.

Orxan Musa Orxan Musa

“Biz istədik ki, gender əsaslı zorakılığı cəmiyyətə bir qədər fərqli şəkildə təqdim edək. Bu mövzuda hazırlanan əksər videoçarxlarda zorakılığın baş verdiyi, qadınların döyüldüyünü və s. şiddət dolu səhnələr görürük. Bizim hazırladığımız bu videoçarxda isə şiddət mərhələsinə keçmədən son anda hər şey dəyişir. Videoçarx haqqında çox danışmaq istəməzdim. İstərdim ki, bunu tamaşaçılar, oxucular görüb dəyərləndirsinlər. Amma ümid edirik ki, bu vidoeçarxa baxanlar bir an da olsun, dayanıb-dəyişmək barədə düşünəcəklər”,- deyə O.Musa bildirib.

O.Musa qeyd edib ki, son zamanlar məişət zorakılığı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər, cəzaların sərtləşdirilməsi vəziyyətə o qədər də ciddi şəkildə təsir etməyəcək: “Çünki bir cinayətkar cinayətini cərimə ödəməklə həll yolu tapacaqsa, o həmin cəriməni ödəyib o cinayəti təkrar işləyə bilər. Cəmiyyətdə gender əsaslı zorakılığın qarşısının atılması üçün daha ciddi addımlar atılmalı və aidiyyatı qurumlar daha ciddi şəkildə çalışmalıdır”...

Zəki Bağırov Zəki Bağırov

Sosial çarxın rejissoru Zəki Bağırov cəmiyyətdə qadına qarşı zorakılığın tərəfdarı olmadığını qeyd edib. Onun sözlərinə görə, gender əsaslı zorakılıq hadisələri çərçivəsində ona daha çox erkən nikahlar təsir edir: “Bunu videoçarxı çəkən zaman da hiss etdim. Balaca aktrisamızın üzündə elə bir ifadə var idi ki, o ifadəni hələ də unuda bilmirəm. Biz o kadrı bir dəfəyə çəkdik. Düşünürəm ki, hazırladığımız videoçarx insanların duyğularına toxuna biləcək. İnsanların düşüncələrini dəyişə bilməsək də, dayanıb düşünməyə yönləndirə biləcək”.

Layihə çərçivəsində hazırlanan sosial çarxın ssenari müəllifi və rejissoru ilə hazırladığımız videomüsahibəni aşağıdakı ekrandan izləyə bilərsiniz:

Qeyd edək ki, sosial çarxı 12 fevral 2022 tarixindən etibarən Bizimyol.info saytının rəsmi YouTube hesabından izləyə bilərsiniz.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »