Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Morganella diş çəkimi, açıq yara və cərrahi əməliyyatlar zamanı da yarana bilər"
"Morganella diş çəkimi, açıq yara və cərrahi əməliyyatlar zamanı da yarana bilər"

“Lancet” tibb jurnalının məlumatına görə, 2020-ci ildə dünyada depresiya və narahatlıq pozuntuları artmaqda davam edir. Aparılan araşdırmalara görə, depresiya xəstələri dünyanı daha fərqli görür. Məsələn, depressiya xəstələrinin gündəlik həyatda kontrastı azaltma meyli göstərdikləri müəyyən edilib. Bu günlərdə isə depresiyanın fərqli səbəblərinin ola biləcəyi proqnozlaşdırılır.

Araşdırmalara görə, bağırsaqlarda olan bəzi bakteriyaların çatışmazlığı depresiyaya səbəb ola bilər. Bədənimizdə olan milyonlarla bakteriya sağlamlığımıza mənfi və ya müsbət təsirlər göstərə bilər. Ancaq hansı bakteriyanın bədəndə hansı vəziyyətə səbəb olduğunu müəyyən etmək olduqca çətindir.

Finlandiyada aparılan araşdırmaya görə, bəzi depressiya hallarının səbəbi mikroblar ola bilər. San Dieqo Kaliforniya Universitetinin mikrobioloqu Cek Gilbert, genetika və qidalanmanın bədən mikrobiologiyası ilə əlaqəsini öyrənmək üçün apardığı araşdırmada “bu əlaqənin böyük klinik əhəmiyyətə sahib ola biləcəyinin real sübutu” olduğunu qeyd edib. Fin xalqının xroniki xəstəliklərinin səbəblərini araşdırmağa istiqamətlənmiş bu araşdırmada 6000 nəfərin genetik strukturu və bağırsaq mikrobları araşdırılıb. Araşdırma zamanı iştirakçıların qidalanmalarını, həyat tərzlərini və sağlamlıq vəziyyətləri də nəzərə alınıb. Nəticədə, insan genetik strukturunun bağırsaq florasında hansı bakteriyaların olmasına güclü təsir etdiyi müəyyən edilib. Bu mikrobların ən çox müşahidə edilən 46 xəstəliklə əlaqəsi də araşdırılıb. Depresiyaya gəldikdə isə xəstəxanada yatan xəstələrdə infeksiyalara səbəb olan iki bakteriyadan Morganella və Kiebdiella böyük rol oynadığı aşkarlanıb. Bununla bağlı 181 nəfər üzərində aparılan araşdırmada isə depresiyada olan şəxslərin bağırsağında Morganella bakteriyasının çox ola biləcəyi müəyyənləşdirilib. Buna görə də mütəxəssislər depressiya hiss edən şəxslərin analiz vermələrini də tövsiyyə edir.

Həkim terapevt Xatirə Əhmədova Bizimyol.info saytına müsahibəsində bildirir ki, morganella bakteriyası insanlarda və heyvanlarda müşahidə edilir. Qidalanma ilə birbaşa əlaqəlidir. Məsələn, yay aylarında uşaqlarda müşahidə edilən ishal və mədə-bağırsaq pozulmasının səbəbi morganella bakteriyasıdır. Həkimin sözlərinə görə, morganella bakteriyası güclüdür və antibiotiklərə qarşı müqavimətlidir.

“Morganella diş çəkimi, açıq yara və cərrahi əməliyyatlar zamanı da yarana bilər. Əsas yaranma səbəbi, kirli sudur. Bakteriya müxtəlif xəstəliklərə səbəb ola bilər. Odur ki, hərhansı bir xəstəlik zamanı şübhə yarandığı təqdirdə, morganella ilə bağlı analiz vermək lazımdır. Həkim ehtiyac olduğu zaman bu analizi tələb edir” - deyə həkim bildirib.

Depresiyaya gəldikdə isə həkim bildirib ki, qidalanma forması belə depresiyaya yol aça bilər. Daim eyni qidalarla qidalanan insanlarda təkcə depresiya deyil, müxtəlif ruhi pozuntular da əmələ gələ bilər.

“Pandemiyada biz bunu müşahidə etdik. Az qidalanma, qidalanmama və ya eyni qidalarla qidalanma insanların ruh halına təsir edə bilir” - deyə həkim qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »