Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onun bəlalı sevgisi”: Öz direktoruna aşiq olan işçinin sevgi macərası...
“Onun bəlalı sevgisi”: Öz direktoruna aşiq olan işçinin sevgi macərası...

Boşanmış qadın və subay oğlan sevgisi... Bütün zamanların qlobal problemi.

“Onun bəlalı sevgisi” Bayram Bayramovun “Bəlalı Sevgi” romanı əsasında 1980-cı ildə çəkilib. Film maraqlı bir səhnə ilə başlayır. Avtomobil idarə edən Şövkət işıqforda dayanıb, yaşıl işığın yanmasını gözləyir, yanında dayanan avtomobilin içində olan kişilər ona baxıb nəsə danışır...

Aradan 42 il keçib və bu epizod bu gün də yollarda baş verir... Hiss olunur ki, aradan illər keçməsinə baxmayaraq, Azərbaycan kişisinin təfəkküründə heç bir irəliləyiş olmayıb.

Filmdə tələbə Bəhruz diplom işi üçün istehsalat psixologiyası mövzusunu seçir və buna görə də tikiş fabrikində katib kimi işləməyə başlayır. Bir müddət çalışdıqdan sonra Bəhruz məhsulun aşağı keyfiyyətdə olmasını müəyyən edir. Buna səbəb isə işin düzgün aparılmamasıdır.

İş prosesində Bəhruz, gözəl direktor Şövkətə aşiq olur... Filmdə yer almış mahnılar da ürəkoxşayandır.

Bir ötən sevgini unuda bilsəm,

Könülümü sevginlə ovuda bilsəm,

Bir axşam yanına qayıda bilsəm,

Bağışla, bağışla, məni bağışla.

Bəzən olur, yeni tanış olduğun insanı sanki illərdir ki, tanıyırsan. Şövkət də Bəhruza bu hissi yaşadır. “Hərdən mənə elə gəlir ki, Sizi illərdir tanıyıram” deyir . Əslində belə idi, Şövkət gənc yaşlarında Bəhruzgilin məhəlləsində olan xalasıgilə gəlirmiş. Uzun hörükləri olan Şövkət, Bəhruzun elə o zamanlardan xoşuna gəlirmiş. Hər günün bir hökmü var...

Filmdə görünür ki, qadınlar hələ o dövrdə də lider ruhlu olublar. Şövkət boşandıqdan sonra tikiş fabrikində direktor vəzifəsində çalışır. Rəhbər ruhu onu Bəhruzla getdiyi restoranda da buraxmır. Yeməkləri o sifariş edib ofisiantdan tez gətirməsini tələb edir. Bəhruz isə alışmayıb Şövkətin bu davranışına, onun qadın kimi davranmasını arzulayır.

Romantik bir yemək əsnasında digər masalardan bir kişi onların masasına yaxınlaşıb söz atır:

“Şövkət sənmisən, aya günə dönmüsən, deyirlər vəzifəni böyüdüblər”.

Şövkət isə “düz deyirlər” deyib yeməyinə davam edir. Bu, Şövkətin keçmiş həyat yoldaşının dostlarından biri idi.

Şövkət tələbəlik illərində sevdiyi ilə ailə həyat qursa da, evliliyi heç 3 ay davam etmir. Bir gün Bəhruz sevgisini etiraf edir... Şövkət bu sevgini qəbul etməkdə tərəddüd edir. Boşanmış olduğunu deyir. Amma Şövkətin boşanmış olması Bəhruz üçün problem deyil. O, Şövkəti təmiz hisslərlə sevir...

Bəhruz işlədiyi müddətdə Şövkətin səhvlərini də görür. Ancaq bu səhvləri qəbul etmək istəmir Şövkət. Amma sonda qalib gələn Bəhruzun sevgisi olur. Şövkət də qəbul edir bu sevgini...

Bütün dövrlərdə kişilər müstəqil qadınlarla münaqişədə olub. Bu, həqiqətən belədir: güclüsənsə, ayaq üstündə dura bilirsənsə, heç kimə möhtac deyilsənsə, mütləq əlindən heç nə gəlməyənlər səninlə mübarizə aparır. Səni aşağılamağa çalışır, əlindən gələni edir ki, səhvə yol verəsən...

Filmdə də Qaraxanovla Əjdər Sabiroviç, Şövkətin büdrəməsi üçün çalışır... Amma Bəhruz, Şövkətin büdrəməsinin qarşısını ala bilir. Sonda sevgi qələbə çalır...

Ümumiyyətlə, Azərbaycan kinoları arasında “Onun bəlalı sevgisi” filmi bir qədər müasirliyi ilə fərqlənir. Sanki film bu günlə dünənin sintezidir...

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »