Ötən günlərdə sosial şəbəkələrdə yayılan bir videogörüntüdə Azərbaycan Respublikasının ərazisi olan Qarabağda azərbaycanlıların idarə etdiyi Azərbaycana məxsus yük maşınlarının Rusiya sülhməramlıları və eyni zamanda seperatçı terror qruplaşmasının qeyri-qanuni polisləri tərəfindən yoxlanıldığı əks olunur. Ərazidə isə bir nəfər də olsun, Azərbaycan əsgəri, yaxud polisi gözə dəymir.
Müdafiə Nazirliyi isə üzərindən bir neçə gün keçməsinə baxmayaraq, hadisəyə qarşı adekvat reaksiya və rəsmi açıqlamanı gecikdirir, "görüntülər barədə araşdırma edirik" deyir. 3 min şəhid verdikdən sonra öz yük maşınlarımızı, vətəndaşlarımızı yad bir ölkənin əsgəri, nə olduğu, nədən əmələ gəldiyi bilinməyən hansısa terrorçu birləşmələrin "polis" uniformalı silahlıları yoxlayır. Bu, nəyin göstəricisidir? Hansı mesaj verilməyə çalışılır? Müdafiə Nazirliyi nə üçün hələ də "görünən dağa bələdçi" axtarır? Gecikdirilmiş rəsmi informasiya düşmən dəyirmanına su tökmək hesab olunmurmu? Bu görüntülər isə üzərində "MC" loqosu ilə yayılıb, yəni, sülhməramlılar tərəfindən. Əgər Müdafiə Nazirliyi videogörüntülər barədə rəsmi açıqlamanı gələn yeni il bayramına saxlamasa, hər hansısa adekvat tədbirin görüləcəyi “arzu-xəyal” kateqoriyasından çıxıb, reallığa dönüşə bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu, çox iyrənc və xoşagəlməz görüntülərdir: “Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunan Rusiya Sülhməramlı Kontingentinin Azərbaycan torpaqlarında növbəti özbaşınalığının bir daha şahidi olduq. Son dəfə Rusiya Müdafiə Nazirliyinin saytının sülhməramlılara aid bölməsində paylaşılan videomateriallarda Tərtər rayonunun azad edilmiş Suqovuşan qəsəbəsindən Kəlbəcər istiqamətinə yollanan,hərəkət edən Azərbaycana məxsus ərzaq və tikinti materialları daşıyan avtomobil karvanının yoxlanılmasına aid çox iyrənc və xoşagəlməz görüntü paylaşılıb. Əvvəllər də Rusiya sülhməramlılarının müəyyən çatışmazlıqları ilə rastlaşırdıq. Nəzarət Buraxılış Məntəqələrində (NBM) maşınların saxlanılması, yoxlanılması ilə rastlaşmışıq, lakin Laçın dəhlizindən keçən terrorçuların 91%-nin maşınlarını yoxlamayan sülhməramlıların Azərbaycan ərazilərində, Azərbaycan vətəndaşlarına məxsus maşınları çox ciddi bir şəkildə yoxlamaları ciddi təəssüf doğurur.
Ümumiyyətlə, sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarında son zamanlar özlərini sanki söz sahibi kimi təqdim etməyə çalışmaları bizim üçün qəbuledilməzdir və buna mütləq son verilməlidir. Bu dəfə baş verən prosesdə isə terrorçuların sülhməramlılarla birlikdə Azərbaycan maşınlarını yoxlaması, hər birimizin qüruruna toxunur. Daha fəlakətlisi isə odur ki, separatçılarla sülhməramlıların birgə yoxladığı Azərbaycan maşın karvanının tərkibində Müdafiə Nazirliyinə məxsus yük maşınları da aşkar şəkildə görünür. Belə bir vicdansızlıq, belə bir rəzalət dünyanın heç bir ölkəsində görülməyib, hansı ki, məğlub olan, həbsdə yatmalı olan tərəfin silahlısı qalib ölkənin ərazisində qalib ordunun həmin ölkəyə aid maşınlarını saxlasın və yoxlasın. Bu, dünyada rast gəlinməyən bir hadisədir, kifayət qədər ciddi və öncədən hazırlanmış bir təxribatdır. Bu, heç bir halda cavabsız qala bilməz. Aidiyyatı qurumlarımız, xüsusilə də Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi baş vermiş bu hadisəyə ən sərt, təsirli və effektiv bir şəkildə cavab verməlidirlər.
Müdafiə Nazirliyinin dərin bir susqunluğa dalaraq, belə bir hadisəni görməzdən gəlməsi də qəbuledilməzdir. Azərbaycan tərəfi olaraq, Rusiya Sülhməramlılarının terrorçuları Azərbaycan maşınlarının yoxlanışına cəlb etdiyinə görə, Rusiyanın müvafiq qurumlarından ağlabatan və ətraflı bir izahat tələb edilməli, bu işdə əli olanların hamısının cəzalandırılmasına nail olmalıyıq. Əgər zərurət yaranıbsa, sülhməramlıların həmin postda xidmət edən heyəti dərhal dəyişdirilməli, geriyə göndərilməli, onların əvəzinə yeniləri gəlməlidir. Yox, əgər gələcəkdə də belə bir hal təkrarlanarsa, sülhməramlılar bu hadisədən nəticə çıxarmasalar, o zaman biz həmin NBM-lərə öz şəxsi heyətimizi yerləşdirməklə, bu yoxlamanı sülhməramlılarla birgə həyata keçirməliyik. Yox, əgər razı olmazlarsa, özlərini yaxşı aparmayan bu məsuliyyətsiz “qonaq”lara şimal istiqamətini göstərməliyik”,– deyə, hərbi ekspert Ədalət Verdiyev əlavə edib.
Mətin Şükürlü, Bizimyol.info