Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbristanlığı ot basır, su dolur, güllər oğurlanır, məzarlar darmadağın edilir - Video
Qəbristanlığı ot basır, su dolur, güllər oğurlanır, məzarlar darmadağın edilir - Video

Çox zaman insanlara sağlığında deyil, öldükdən sonra uca mərmər başdaşıları ilə qiymət verirlər. Bunu tez-tez dilə gətiririk. Amma bəzən də insanlar ölən yaxınlarını dəfn etməklə işi bitmiş hesab edirlər. Məzarın sonrakı vəziyyəti heç kimi maraqlandırmır. Məzarları ot basır, məzarlıqlara su dolur, məzarın üzərinə qoyulan güllər oğurlanır, məzarlar darmadağın edilir. Bundan isə ölmüş yaxınının məzarı ilə maraqlanmayanların heç xəbəri olmur. Bəlkə də, onlara qoyulan başdaşıları da “el xatirinə”, “el nə deyər” deyə qoyulur.

Kürdəxanı ilə Pirşağı arasında olan qəbirstanlıq barədə dəfələrlə yazmışıq. Məzarların su altında qalmasından, dağılmasından söz etmişdik. Hətta məzarlığın yanında olan göldən vətəndaşların balıq tutması barədə danışmışdıq.

Bu günlərdə bir qədər dəyişiklik olsa da, təəssüf ki, məzarlıq yenə də baxımsız vəziyyətdədir. Göl ilə məzarlığı ayırmaq üçün araya “sarı torpaq” tökülərək, yol salınıb. Amma bu yol, məzarlığı basan suyun qarşısını tam ala bilməyib. Bu gün də bəzi məzarlar suyun içndədir. Məzarlıqda bitən qamışlar, otlar insan boyunu keçir. Bəzi məzarların qəbirdaşı olmadığı üçün yığılan daşlar dağılır, güllər pərən-pərən olur. Düzdür, məzarlarla ilk növbədə ölən şəxslərin yaxınları maraqlanmalıdır. Amma əgər onlar maraqlanmırsa, ərazi üzrə bələdiyyələr, icra qurumları məzarlığın vəziyyəti ilə maraqlanmalıdır. Məzarlıqları su basmasının qarşısı alınmalıdır. Məzarlığın hasarları, giriş qapısı olmalıdır. Məzarlığın müdriyyəti olmalıdır, məzarlığın səliqə-səhmanı ilə maraqlanmalıdır. Sözügedən məzarlıqda isə sözün əsl mənasında “bayquş ulayır”. Məzarlıq baxımsız vəziyyətdədir. Baxımsız olduğu zaman isə məzar daşlarına qarşı hörmətsizlik edənlər də tapılır. Axı, onsuz da maraqlanan yoxdur.

Kürdəxanı ilə Pirşağı arasında olan qəbirstanlıq

Bəzən məzar daşlarının üzərində olan fotolara baxırsan, mərmər, ağ daşlardan baxan üzlərə. Düzdür, insan öldükdən sonra cəsədinin harada və ya necə olmasını hiss edə bilmir. Yəni, belə deyirlər. Amma fotolara baxanda istər-istəməz düşünürsən, bu insanlar belə yerdə dəfn edilməyə layiq idilərmi? Görəsən, bu insanların yaxınları, doğmaları, övladları varmı? Bütün bunlar bir kənara, məzarlığın rəhbərliyi bu vəziyyəti görmürmü? Amma biz görürük. Məzarlığın dörd tərəfini gəzsəm də, danışa biləcək heç kimi tapa bilmədim. Kimsə qarşıma çıxmadı ki, soruşum “bura niyə baxımsızdır?”...

Baxımsız olmasının səbəbi bəllidir, çünki burada dəfn edilənlərin əksəriyyətinə nə yaxılnları sahib çıxır, nə də aidiyyatı qurumlar...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »