Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günah həmişə "Zarinada deyil" və ya məktəbdə "günahkar" axtarışı
Günah həmişə "Zarinada deyil" və ya məktəbdə "günahkar" axtarışı

Uşaq vaxlarımda bir özbək filminə baxmışdım. Filmin adı belə idi: “Bütün günahlar Zarinadadır”. Filmdən yazmaq fikrim yoxdur, sadəcə həmişə müəllimləri cəzalandırırlar deyə, bütün günahlar “Zarinada” olmaya da bilər və ya günahkar yalnız bir tərəf ola bilməz”, - deyə düşünürəm.

Bu günlər məktəblərdə çəkilərək yayılan videogörüntülər həm fərdlərin, həm də buna seyrçi qalan cəmiyyətin günahıdır. Hadisələrdə “mütləq günahkarlar müəllimlərdir” düşüncəsi bizə yaxşı heç nə vəd etmir. Müəllimi cəzalandırmaqla gənclərin psixoloji üstünlüyünü sübut etmiş oluruq ki, bu da digər şagirdlərə anoloji halı təkrarlamq üçün stimul verir.

Nədənsə, Azərbaycan Təhsil Nazirliyində belə bir fikir formalaşıb ki, məktəbdə hadisə baş veribsə, müəllim cəzalandırılmalıdır. Kökündən yanlış yanaşmadır. Baş verən və ya ssenariləşdirilərək baş verən hadisənin ən azı iki tərəfi var – müəllim və onu əsəbiləşdirərək videoçəkiliş edən şagird(lər). Hansı əsasla cəza alan tərəf yalnız müəllim olmalıdır? Bu hansı “Femidanın” tərəzisinin mizanıdır? Qəbul etməliyik ki, o qalmaqalı yaradaraq çəkiliş aparan şagirdlər “xoş sözlə yola ver”iləcək yaşda və başda deyillər. Bunu hamımız bilirik amma özümüzü görməzliyə vururuq. Onlar bu qədər dardüşüncəli tərbiyədədirlərsə, demək qurduqları oyunu istənilən müəllimə tətbiq edə bilərlər. Kimin əsəbləri daha zəifdirsə, oyunun qurbanına çevrilir. Beləliklə də biz bütün müəllimləri təhlükəyə atmış oluruq. Müəllim uşağa əsəbiləşir deyə günahkardır, müəllim şagirdlərin sinif otağını dağıtmasına laqeyd (bəlkə qorxusundan) yanaşırsa yenə günahkardır.

Bəlkə, müəllimlərin üzərinə yürüş etməzdən qabaq uşaqlarımızı tərbiyə etmək barədə düşünək. Hərəkətlərinə, qəbahətlərinə görə bir az da günahı özümüzdə axtaraq. Verdiyimiz və ya verə bilmədiyimiz tərbiyənin doğru-yanlışı barədə dəyərləndirmə aparaq. Axı həmişə “Bütün günahlar Zarinada” olmaya da bilir.

Bir dəfə bu hadisə barədə yazmışdım. Dayanacağa nalayiq şəkil cəkən şagirdlərə əsəbiləşən müəllimi 14-15 yaşlarında olan iki şagird hədələməyə başlayıb. Mən oraya çatanda uşaqlardan biri atasına zəng edib müəllimin onu döydüyünü dedi. Müəllimin mənə necə günahkarcasına baxdığını görüb “kimi istəyirlər çağırsınlar, narahat olmayın, yanınızdayam”, - deyib onunla birgə gözlədim. Uşaqlardan birinin atası gəldi. Taksi sürücüsü idi. Yaxınlaşıb salam verdi, uşağını müəllimin nə üçün vurduğunu soruşdu. Əslində, müəllim onları vurmamışdı, sadəcə “bu atanızın şəklidir” demişdi. Müəllim vəziyyəti ona anlatdı. Bəlkə iki metrə yaxın hündürlüyü olan kişi müəllimin qarşısında sanki bürüşüb yumağa döndü. “Siz hələ az demisiniz, sağ olun müəllim, onun (oğlunu göstərərək) adından da, ona tərbiyə verə bilmədiyim üçün öz adımdan da sizdən dəfələrlə üzr istəyirəm. Siz bizim böyüyümüzsünüz”, - dedi.

Mən işə gedərkən bu hadisə ilə qarşılaşmışdım. Vəziyyətin normal sonluğunu görüb yoluma davam etdim. Amma mindiyim avtobusda, metroda hətta redaksiyaya qədər yol boyu qarşılaşdığım hər kəsin simasında o taksi sürücüsünün ədalətini axtarırdım. Bax, bu çarşablı qadın həmin anda özünü necə aparardı və ya metroda mənimlə üzbəüz oturan, tökülmüş saçlarını kənarlardakı uzun tüklərlə gizlətməyə çalışan o gülərüz kişi nə edərdi? Məktəbdən kiçik qızını aparan gənc ana müəllimə qarşı həmin mərhəməti göstərərdimi? Bəlkə də əksi olardı, amma həmin gün bütün insanlar mənə mərhəmətli, ədalətli görünmüşdü. Hamının simasında elmə, təhsilə və müəllimə hörmət cizgiləri görürdüm. Sevinmişdim. Çünki mən təhsil aldığım məktəbin bütün müəllimlərinə sonsuz hörmətim var və üzərimdə haqları olduğunu bilirəm.

Bəs, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərə qarşı bu qədər aqressiv olmağımıza səbəb nədir?

Deyənlər tapılacaq ki, bəzi müəllimlər müəllim adına yaraşmayan səviyyədədirlər. Mən də bu fikirlə razılaşa bilərəm, əgər onu deyən valideyn uşağını doğru tərbiyə edə bilirsə. Tutaq ki, hansısa müəllimin pedoğoji səviyyəsi orta təhsil müəssisələri üçün yetərli deyil. Bəs onu ora kim gətirib? Ona əyri yollarla ali təhsil diplomu alan, rüşvətlə layiq olmadığı “işə düzəldən” biz deyilikmi? Biz işimizi qanun və qaydalardan yayınmaqla “düz-qoş” etməyə çalışan cəmiyyət deyilikmi? Mədəni, savadlı insanlara əfəl, avam, bacarıqsız deyən də, cəmiyyətin mədəniyyətsizliyindən şikayətlənən də bizik axı.

Nə qədər ki, biz ədalətlə yox, hikkə ilə cəzalandıracağıq, övladlarımızın tərbiyəsində, yumşaq desək, boşluqlar olacaq. Müəllimlərimizi, ziyalılarımızı dəyərdən salmaqla cəmiyyətimizin dəyərini itirəcəyik ki, bunun təzahürü artıq məktəblərdən yayılan videoçəkilişlərdə aydın görünür.

Qızım 5-ci sinifdə oxuyan vaxlar idi. Tədris kurslarının birində sınaq intahanına aparmışdım. Orada gözləyən vaxt valideynlərlə söhbət edirdik, söhbət bu mövzudan düşmüşdü. Bir nəfər: “Müəllim mənim uşağıma çırtma vursa, gedib onu məktəb boyu sürüyərəm”, -dedi. Mən də ona: “Onda uşağın tərbiyəsi ilə ciddi məşğul olun”, -dedim. Ətrafımızda mənim dediyimə tərəfdar olanlar var idi.

Bir neçə ay əvvəl meyvə aldığım adamın diqqətlə mənə baxdığını hiss etdim amma onu yadıma sala bilmədim. Getməyə hazırlaşırdım ki, “müəllim məni tanımadız deyəsən, amma mən sizi hər gün xatırlayıram”,- dedi. Yadıma saldı ki, o həmin adamdır. “Siz düz deyirdir, kaş razı olaydım müəllimlər onu ... balası kimi döyəydilər, indi türmə yollarında qalmazdım. Hər şeyi itirdim, balam da məhv oldu”.

İnsan 5-6 ilin içində bəlkə 20 il qocalmışdı.

Mən də hamı kimi şiddətin əleyhinəyəm. Onu da bilirəm ki, insanı döyməklə tərbiyyə etmək həm qəbuledilməzdir, həm də axırıncı yoldur. Son güman olaraq və ya əsəb gərginliyi nəticəsində bu yolu da tətbiq etmək məcburiyyətində qaldığına görə, islaholunmazların  bütün günahını və "tərbiyə et" məsuliyyətini təkcə məktəbin üzərinə ata bilmərik. Bu məsuliyyətdən yayınanların çıxış yoludur. Tərbiyyə ailədən başlayıb məktəbdə formalaşır. Övladını düzgün yönləndirməyi bacarmayanların isə qəbəhatlərini gizlədəcək bir "günahkarları" var - müəllim.

Müəllimləri günahlandırdıqca, onu övladlarımızın gözündə kiçiltdikcə, uşaqlarımızın elmə marağını azaldır, onların izsiz yollarla getməsinə şərait yaradırıq. İzsiz yolların sonu xeyirli olmaz. O balaların naminə müəllim şərəfinin qorunmasında hamılıqla iştirak etməliyik. Bunu “kaş ki” deməmək üçün etməliyik. Günahkar “Zarina”dırsa, o Zarina hamımızıq.

Qadir Musaoğlu

P.S. Filmin sonunda məlum olur ki, Zarinaın bir yanlışı bir ailənin dağılmasına səbəb olur.

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »