ABŞ və NATO Rusiyanın təklif etdiyi Avropada təhlükəsizlik zəmanətləri haqqında müqaviləni imzalamaqdan imtina edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
Bildirilir ki, Qərb tərəfdaşları Moskva ilə razılaşmanın bir hissəsi olan keçmiş sovet ölkələrinin alyansa qəbul edilməməsi tələbi ilə razılaşmır. Bundan əlavə, ABŞ və NATO Rusiyanı Ukrayna ətrafındakı vəziyyətə görə ölkələr arasında əməkdaşlığın əsasını təşkil edən etimadı itirməkdə ittiham edib. Buna baxmayaraq, Qərb Moskva ilə birgə silahların geri çəkilməsi və gərginliyin azaldılması üzrə tədbirlərin müzakirəsini davam etdirməyə hazırdır.
“El Pais” qəzetinin yazdığına görə, Moskvaya rəsmi cavabında NATO izah edib ki, Rusiya ilə münaqişə istəmir, lakin alyans özü üçün əsas məsələlərdə güzəştə getməyə hazır deyil.
"Biz Avropa və Şimali Amerikada müttəfiqliyimiz və təhlükəsizliyimizin əsaslandığı prinsiplər üzərində güzəştə gedə bilmərik və getməyəcəyik", - deyə alyansın sənədində vurğulanıb.
Birləşmiş Ştatlar isə öz növbəsində Rusiyanın “qlobal və Avro-Atlantik təhlükəsizlik arxitekturasının fundamental prinsiplərinə meydan oxuyan” ilk ölkə olduğunu qeyd edib. Vaşinqtonun fikrincə, bu, “əməkdaşlığımızın əsasında duran etimadı” pozub. Birləşmiş Ştatlar vurğulayıb ki, o, NATO-nun açıq qapı siyasətinə qətiyyətlə riayət etməkdə davam edir, bu isə Moskvanın Ukraynanı alyansa qəbul etməmək tələbi ilə razılaşmamaq deməkdir.
NATO-nun tam cavabı ingilis dilində dörd səhifə, ABŞ cavabı isə beş səhifəni əhatə edib.
Diplomatik mənbə "RİA Novosti"yə "El Pais" tərəfindən dərc edilən materialların həqiqiliyini təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da məsələ ilə bağlı mətbuata münasibət bildirərkən: "Amerika tərəfindən təsdiq və ya təkzib etməyi xahiş edin - bu, onların sənədidir", - deyə bildirib.
Daha əvvəl "Washington Post" mənbəyə istinadən xəbər vermişdi ki, ABŞ rəsmiləri rusiyalı həmkarlarından Vaşinqtonun cavabını gizli saxlamağı xahiş ediblər. Rusiya Xarici İşlər Nazirliyi danışıqlar ərəfəsində ABŞ və NATO-ya təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini açıq şəkildə dərc edib. Bu da, Qərbdə tənqidlərə səbəb olub.
Moskvanın təkliflərini imzalamaqdan imtina etməsinə baxmayaraq, həm ABŞ, həm də NATO silahların məhdudlaşdırılması üzrə birgə tədbirləri müzakirə etməyə hələ də hazır olduqlarını bildiriblər.
Müttəfiqlər söz veriblər: “Biz Rusiya ilə ikitərəfli maraq doğuran məsələlər üzrə razılaşma və ya razılaşmaları nəzərdən keçirməyə, müvafiq təhlükəsizlik problemlərimizlə bağlı yazılı, imzalanmış sənədləri daxil etməyə hazırıq”.
Onlar həmçinin Rusiyanın “təcili əlaqə saxlamaq üçün” telefon qaynar xəttinin yaradılması təklifi üzərində işləməyə hazırdırlar. Lakin buna cavab olaraq ABŞ və NATO Rusiyadan bəzi qarşılıqlı addımlar atmasını tələb ediblər.
Bizimyol.info