"WhatsApp" messencerində boşluq aşkar edilib. O, "Android" cihazlarının sahiblərinə üçüncü tərəfin "WAMR" proqram təminatından istifadə etməklə həmsöhbət tərəfindən silinmiş mesajlara və media fayllarına baxmaq imkanı verir.
Bizimyol.info xəbər verir ki, "New York Post"un yaydığı məlumata görə, tətbiq hazırda yalnız "Android" üçün mövcud olsa da, "iPhone"dan gələn mesajları da izləyir.
Eyni zamanda, xidmət digər məşhur messencerləri də izləyə bilər. Smartfona quraşdırıldıqdan sonra "WAMR" smartfonda quraşdırılmış bütün mesajlaşma xidmətlərini aşkar edir və istifadəçiyə onu maraqlandıran birini seçməyi təklif edir.
Bundan sonra proqram seçilmiş xidmətlərdən bildirişləri izləməyə başlayır. "WAMR" qarşı tərəfin audio və ya mətn mesajını sildiyini görsə, onun məzmununa baxmaq təklif edəcək.
Bundan əlavə, "WAMR" gizli təhlükələr daşıya bilər. Nəşrin məlumatına görə, proqram işləmək üçün həddən artıq çox icazə tələb edir. Bu o deməkdir ki, bu yardım proqramı cihazda quraşdırılmış digər proqramlardan məlumatları oğurlamaq üçün istifadə edilə bilər.
Yazı hazırlanarkən proqram hələ də "Google Play"də mövcuddur və 50 milyon dəfədən çox yüklənib.
Bizimyol.info