Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HD formata keçid, yoxsa kasıb başına corab hörmək?
HD formata keçid, yoxsa kasıb başına corab hörmək?

Bir müddət əvvəl Azərbaycan televiziya kanallarının HD (High Definition – yüksək dəqiqlikli) formatda yüksək keyfiyyətli yayıma keçid etməsi ilə bağlı qərar verildi. Hətta Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov da öncədən açıqlama verərək, HD yayım televiziyaları əlavə xərcə salmayacağını bildirdi.

Təbii ki, bu xəbərlər sevindirici idi. Ta ki, 28 yanvar günü televizoru qoşana, bütün yerli kanalların silindiyini görənə qədər….

Həmin gün ölkədə elə bir vəziyyət yaranmışdı ki, hamı “Tik-tok”dan mədət umurdu. Çünki heç kim kanalları necə bərpa etmək lazım olduğunu bilmir, sosial şəbəkələrə üz tuturdu. “Tik-tok”da isə daha çox izləyici cəlb etmək istəyən işbazlar müxtəlif videolar yayırdılar. Düzdü bu videolardan yararlanan insanlar da az olmadı, amma hər televizorun quraşdırılması eyni olmadığı üçün həmin videolar ucbatından iki qat xərcə düşənlərin də sayı kifayət qədər çox oldu.

Həmin gün televizor ustalarının əsl bayramı idi. Onların qəbuluna düşə bilmək heç də isə asan deyildi. Çünki özü kanalları bərpa edə bilməyən vətəndaşlar, mütləq ustalara müraciət etməli olurdular.

İlin böyük hissəsi işin zəif olduğundan gileylənən televizor ustalarının qiymətləri isə kəllə-çarxa çıxmışdı. Deməli, yerli kanalları bərpa etmək, yəni 10 dəqiqəlik iş üçün 10 manat, əgər ustadan əvvəl yayılan videolarla televizordan digər kanalları da silmisinizsə, bu zaman 20 manat tələb edirdilər.

Bir sözlə HD formatda yüksək keyfiyyətli yayıma keçid də yenə biz vətəndaşların başında “partladı”. Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov televiziyaların əlavə xərcə salınmayacağını bildirən zaman gərək, vətəndaşların biraz əllərini ciblərinə salmalı olacaqlarını da qeyd edərdi.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »