Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma geniş yayılmadı"
"Cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma geniş yayılmadı"

2019-cu ildən bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası bütün sahələrə öz təsirini göstərdi. Milyonlarla insan bu xəstəliyə yoluxdu, dünyasını dəyişdi. Pandemiya bütün dünya iqtisadiyyatına zərər vurdu. Bütün ölkələrdə karantin rejimi tətbiq edildi. Evdəqal qadağaları, sosial məsafə, maska qadağası və s. və ilaxır. Azadlıqda olan insanlar üçün belə bu dövrdə öz sağlamlığını qorumaq çətin idi. İnsanlar ərzaq, dərman çatışmazlığı yaşayacaqlarından qorxurdular. Bəs belə bir dəhşətli dövrdə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların vəziyyəti necə nəzarət altında saxlanılırdı?

“Konstitusiya Araşdırmalar Fondu”-nun sədri, hüquqşünas Əliməmməd Nuriyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, bütün dünyada pandemiya ilə bağlı qırmızı vəziyyətlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı öz elanını verdikdən sonra Azərbaycan höküməti pandemiyanın qarşısını almaq, təsirlərini azaltmaq üçün müvafiq tədbirlər gördü. Pandemiya bütün sahələrə təsir göstərdiyi kimi cəzaçəkmə müəssisələrinə də təsirini göstərdi.

Əliməmməd Nuriyev Əliməmməd Nuriyev

“Pandemiyanın qarşısını almaq üçün cəza çəkmə müəssisələrində də tədbilər görüldü. Sərt izolyasiya tədbirləri həyata keçirildi, sərt karantin qaydaları tətbiq edildi, ətraf mühitlə əlaqələr məhdudlaşdırıldı. Bilirsiniz ki, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla onların yaxınlarının əlaqəsi onların hüquqlarından biridir. Amma koronavirus geniş yayıldığı üçün yaxın qohumlarla əlaqəyə müəyyən müddətə məhdudiyyətlər qoyuldu”,- deyən ekspert əlavə edib ki, digər tərəfdən anticovid tədbirləri o cümlədən mütəmadi olaraq məhkumların yoxlanılması baş verdi, maskalardan istifadə, sosial məsafəyə əməl etməyə maksimum dərəcədə çalışıldı. Cəzaçəkmə müəssisələrindəki yataqxanalarda məhkumların hərarəti mütəmadi olaraq yoxlanılırdı. Bu yoxlamalar gün ərzində iki dəfə həyata keçirilirdi. Hərhansı məhkumda halszılıq, hərarət və s. hərhansı bir nasazlıq aşkar edilirdisə, dərhal izolyasiya edilir, yoxlanılır, covid testi götürülürdü. Covid testi pozitiv olduğu təqdirdə, həmin şəxs müəssisənin xəstəxanasında koronavirus xəstələri üçün ayrılan xüsusi “boksda” saxlanılır, protokola uyğun olaraq müalicəsi həyata keçirilirdi. Yəni bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilirdi.

“Bu dövrdə cəzaçəkmə müəssisələrində təşkil olunan monitorinqlərdə bizimlə birgə vətəndaş cəmiyyəti nümayəndələri də iştirak edir, müalicənin ÜST protokoluna nə dərəcədə uyğun olub-olmamasına nəzarət edirdik.

Bütün tədbirlər yüksək səviyyədə həyata keçirilirdi. Bunun nəticəsi olaraq cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma geniş yayılmadı. Bunun qarşısı alındı. Əlbəttə, koronavirusa yoluxanlar da oldu, dünyasını dəyişənlər də. Eyni zamanda cəzaçəkmə müəssisələrində yüksək risk daşıyan şəxslərlə bağlı xüsusi karantin qaydaları tətbiq olundu. Hətta Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin aprel ayında 65 yaşdan yuxarı yüksək risk qrupuna daxil olan şəxslərin müraciətləri əsasında onlara əfv tətbiq olundu. Prezidentin əfv sərəncamı ilə 176 nəfər cəzasının qalan hissəsindən azad edildi. Bu siyahıda qadınlar da var idi. Bu rəqəm, cəzaçəkmə müəssisələrində olan 65 yaşdan yuxarı şəxslərin 80 faizini təşkil edirdi” - deyə hüquqşünas bildirib.

Ekspert vurğulayır ki, hazırda da karantin rejimi qaydalarına əməl olunur. Nisbətən karantin qaydalarında yumşalmalar olduğu üçün artıq yaxın qohumlarla görüşlərlə müəyyən şərtlər çərçivəsində icazə verilir. Digər tərəfdən isə bu günlərdə cəzaçəkmə müəssisələrinə gələn vəkillər, PCR testindən keçərək daxil olur. Bu da görülən mühim tədbirlərdəndir.

Ə.Nuriyev bildirib ki, bütün cəzaçəkmə müəssisələrində protokola uyğun olan dərmanlar var. Yəni, hərhansı məhkum koronavirusa yoluxduğu zaman uyğun olaraq müalicə edilə bilir:

“Təbii ki, hazırda canlı əlaqələr nisbətən azdır. Amma telefon əlaqələri və digər əlaqələr mövcuddur”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »