Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"

Məktəblərdəki acınacaqlı vəziyyətlə bağlı ardı-arası kəsilməyən görüntülərdən sonra Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, şagirdlərin məktəbdə mobil telefondan istifadəsi ilə bağlı yeni qaydalar hazırlanır.

“Telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır. Hazırda bu mövzu nazirlik tərəfindən müzakirə olunur. Biz bu qaydaları elə tənzimləməliyik ki, hər hansı sui-istifadə halları olmasın. Eyni zamanda, proses düzgün aparılsın”,- deyə nazirlik rəsmisi vurğulayıb.

Təhsil eksperti Elşən Qafarov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, biz artıq son 10 ildə öyrəşmişik ki, hər hansı neqativ hal baş verdikdə ya tələsik, ya da kosmetik qərarlar verilsin.

Elşən Qafarov Elşən Qafarov

“Təhsil Nazirliyi telefonlarla bağlı belə bir təlimat verməyi düşünürsə, bunun müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi odur ki, nazirlik məsuliyyəti öz üzərindən atır və belə təlimat verir. Lakin məktəbin, müəllimin, işçilərin, şagidlərin və valideynlərin bütün fəaliyyəti məktəbin nizamnaməsi ilə tənzimlənməlidir. Bütün bu proseslərlə bağlı isə Təhsil Nazirliyi yerlərə təlimatlar göndərməlidir. Həmin təlimatlar isə məktəbin öz nizamnaməsində əksini tapmalıdır.

Məktəblərə telefon aparılmasını istəmirlər. Bəs, buna nəzarət mexanizmi necə olacaq? Əvvəla, məktəblərin giriş hissəsində telefonlar üçün dolab qoyulmalıdır və ya hər sinifə bir dolab verilməlidir. Üzərində isə kamera sistemi quraşdırılmalıdır ki, bu telefonlar itməsin və s.

Yox əgər tamamilə telefon gətirilməsini qadağan edirlərsə, bunu da yoxlamaq əslində çətin deyil. Çox baha qiymətə olmayan proqram, avadanlıqlar var ki, onlar hansı otaqda, dəhlizdə telefon olduğunu asanlıqla aşkar edə bilirlər”.

Eksperin sözlərinə görə, ümumiyyətlə, tək şagirdlərə yox, müəllimlərə də iş vaxtı ərzində telefondan istifadə etmək qadağan olunmalıdır. “Yəni, müəllim də məktəbə daxil olan zaman telefonunu təhvil verməlidir. Çünki şagird baxır ki, müəllim sinifdə telefonla oynayır, o da fikirləşir ki, “məndə niyə olmasın?”. Ona görə də məktəbdə telefon qadağası bütün işçilər üçün olmalıdır. Bundan əlavə, məktəbin gözətçi otaqlarında telefonlar olmalıdır ki, valideynlər övladları və ya əksinə, övladlar valideynləri ilə əlaqə yaratmaq istədikdə bu tefonlardan istifadə edə bilsinlər.

Düşünürəm ki, bu sahədə nəsə etmək lazımdır. Çünki oturub seyrçi mövqe tutmaq heç yaxşı hal deyil”.

Leyla Mirzə, Bizimyol.info

P.S. Amma belə təəssürat yaranır ki, nazirlik nöqsanları aradan qaldırmaq əvəzinə "güzgünü sındırmaq" qərarına gəlib. Yəni neqativ halların videogörüntülərinin yayılmasını əngəlləmək istəyir. Bir neçə gün əvvəl Xətai rayonu 165 nömrəli tam orta məktəbdə yaşanan biabırçılıqdan sonra Təhsil Nazirliyi bunun "Azərbaycanda baş vermədiyini" bildirmiş və sonradan gülünc vəziyyətə düşmüşdü. Görünür, nazirliyin telefonlara qarşı antipatiyası da belə məqamlardan qaynaqlanır. Yəni təhsilin keyfiyyəti nazirliyi o qədər də narahat etmir.

Son xəbərlər
Bütün xəbərlər »