Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"

Rusiya Ukrayna ilə sərhədlərə böyük qoşun yığıb. Qərb Kremli hücum təqdirində sanksiyalarla hədələyir. Bölgədə böyük gərginlik var. Rusiya sanksiyalardan çəkinmədiyini göstərməyə çalışır. Mütəxəssislər isə həqiqətin başqa olduğunu bildirir.

Bizimyol.info xəbər verir ki, ABŞ mətbuatında dərc olunan yazıda Rusiyanın ən çox qorxduğu silahdan danışılır. Yox, məsələ hərbi əməliyyat predmetində deyil. Kreml daha çox SWIFT şəbəkəsindən ayrı qalmaqdan çəkinir.

SWIFT beynəlxalq maliyyə əlaqələri kanalıdır. Banklararası şəbəkə olmadan bir çox vacib əməliyyatları həyata keçirmək mümkün deyil. Rusiyanın qorxduğu da budur.

ABŞ qanunverici orqanları son vaxtlar sanksiyanın bu istiqamətindən çox danışmağa başlayıb. Çünki Moskva hər imkandaca Qərblə hesablaşmadığını göstərmək istəyir. Amma Kreml də sakit oturmur. Rusiya cavab olaraq bildirir ki, Avropaya qaz nəqlini dayandıra bilər.

Rusiya parlamentinin yuxarı palatasının vitse-spikeri Nikolay Juravlyov ölkəni SWIFT sistemindən ayırmağın Qərbə sərf etmədiyini bildirir: “Onda bizim nefti, qazı, metalı, başqa vacib komponentləri ala bilməyəcəklər”.

SWIFT-in xidmətindən dünyada 11 mindən çox maliyyə institutu istifadə edir. Banklararası informasiya və ödəmələr kanalının Rusiya üçün bağlanması şimal dövlətinə pul göndərmək imkanını məhdudlaşdıracaq. Bundan təkcə Rusiya şirkətləri yox, xarici müştərilər də əziyyət çəkəcək.

Finlandiya beynəlxalq əlaqələr institutunun elmi əməkdaşı Mariya Şagina deyir ki, SWIFT-dən ayrı düşmək Rusiyaya baha başa gələr. İran 2012-ci ildə oxşar taleyi yaşayıb. İslam ölkəsi neft gəlirlərinin təxminən yarısını itirib. Nüvə proqramına görə sanksiyalar İrana çox böyük zərbə vurub.

Baş qərargahı Belçikada yerləşən SWIFT bir neçə gün əvvəlki açıqlamada özünü neytral kooperativ adlandırıb. Buna baxmayaraq, ödəmələr sisteminin rəhbərliyi kollektiv maraqlara xidmət etdiyini xüsusi vurğulayıb.

Kremlin SWIFT-dən ayrı düşmək qorxusu aşkardır. Amma hiss olunan odur ki, Qərb də belə sərt qərara tam hazır deyil. Ukraynaya hücum ehtimalına görə ABŞ və Böyük Britaniya Rusiyaya qarşı kəskin bəyanatlar verir, ciddi fəallıq göstərir. Avropa İttifaqının üzvləri daha yumşaq təsir bağışlayır. Nəzərə almaq lazımdır ki, SWIFT məhz avropalıların maliyyə kanalıdır. Rusiyanın ən çox qorxduğu silah işə düşsə, bəlkə də, bölgədə çox şey dəyişər. Sanki hələ “atəş açmaq” üçün bütün tərəflər ortaq fikrə gəlməyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »