Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?

Şərq mədəniyyətinin, xüsusən də İslam təbabətinin incilərindən sayılan Hicama üsulu ilə müalicənin bir çox şərq və xüsusilə müsəlman ölkələrində min ildən çox tarixi olsa da, bu yeni müalicə metodu Azərbaycanda son iyirmi ildə formalaşa bilib. Hal-hazırda Hicama müalicə üsulundan artıq bir çox Qərb ölkələri, xristian, yəhudi və digər din mənsubu xalqlar da öz təbabətlərində geniş istifadə edirlər.

  • Ümumiyyətlə, Hicama nədir, bu müalicə üsulu necə və hansı xəstəliklərin müalicəsində istifadə olunur?
  • Azərbaycanda bu qədim təbabət sahəsinə maraq hansı səviyyədədir?

Bu və ya digər suallarla bağlı həkim fizioterapevt və hicama üzrə mütəxəssis Heydər Səfərli Bizimyol.info saytının suallarını cavablandırıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

  • Heydər bəy, Azərbaycanda yeni-yeni tanınan hicama üsulu ilə müalicə vasitəsinin kökü hara dayanır?
  • Ölkəmizdə bu müalicə üsuluna rəğbət, maraq hansı səviyyədədir?
  • Hansı xəstəliklərdən əziyyət çəkənlər hicama üsulu ilə müalicə olunmağa üstünlük verirlər?

- Hicama çox geniş bir məfhuma malikdir. Onun tarixçəsinə nəzər yetirib, hansı xəstəliklərin müalicəsində öz müsbət təsiri göstərir, hansı xəstəliklərin daşıyıcılarına bu müalicə məsləhət görülmür və sair kimi sualları cavablamaq istərdim. Hicama sözü ərəbcədir, bu söz “hacəmə” felindən götürülmüşdür və Azərbaycan dilinə mənası “çəkmək”, “sormaq”, “götürmək”, “almaq” kimi tərcümə olunur. Burada xüsusi şüşə bankalar vasitəsilə qan almaq, qan götürmək mənalarında da işlənir. Hicama terapiyası beş min illik yaşı olan müalicə vasitəsidir. El arasında belə bir deyim var: “Nuh əyyamından qalıb”. Həmin ifadəni hicamaya da aid etmək olar. Çünki həqiqətən də bu müalicə üsulu Nuh peyğəmbərin dövrünə kimi gedib çıxır. Biz hicama terapiya üsulunu şaxələrə bölə bilərik. Məsələn, müəyyən müalicə vasitələri var ki, onları “ingilis üsulu”, “rus üsulu”, “Türk üsulu” deyə adlandırıb, şaxələndirirlər. Hicama terapiyada da müəyyən üsullar var ki, buna “ərəb və türk üsulu” deyilir. Çox zaman buna hicamanın islami üsulu da deyilir. Dini terminlə isə “Sünnə üsulu” adlanır. Təbii ki, hicamanın bir də Uzaq Şərq üsulu da var. Bunlar da öz sahəsində “Çin və Tibet üsulu” hicama terapiya deyə ayrılır. Malayziya-İndoneziya üsulu, orta əsrlərdə Avropa üsulu da deyilən metodlardan da geniş istifadə edilirdi. Bununla bağlı bir qədər araşdırma etsək, görərik ki, Hicama üsulu ilə müalicəyə Hipokratın əsərlərində, əsrin alimlərinin, xüsusilə də ingilis alimlərinin əsərlərində rast gəlmək olur. Hicama haqqında ilk akademik araşdırma 1700-cü illərdə İngiltərədə aparılıb. Daha sonra bu elmi araşdırma Amerikanın kəşfindən sonra həmin bölgələrdə də yayılmağa başladı. ABŞ alimləri də bu qədim tibb üsulu barədə müəyyən araşdırmalar aparmış və əsərlər qeydə almışlar. İlk dəfə olaraq, hicama terapiyanın tətbiq olunması üçün müəyyən vasitələr Amerikada kəşf olunub. Hansı ki, bu gün biz onu müasir texnologiyada istifadə edirik. Qərbi Avropa orta əsrlərdə İslam dini ilə Avropa mədəniyyətini bir-biri ilə əlaqələndirdikdən sonra çox ciddi şəkildə İslamdan keçən maddi metodlara yaxınlıq göstəriblər.

Məsələn, Ər-Razi adında orta əsrlərdə yaşayan bir həkim o vaxtkı Bağdad Dövlət Xəstəxanasının baş həkimi olub. Onun, İbn-Sinanın, Fərabinin, İbn-Rüşdün əsərlərində hicama terapiyası haqqında çox ciddi şəkildə araşdırmalara üstünlük verilib. Bəs hicama hansı günlərdə tətbiq olunmalıdır? Bu suala gəldikdə isə qeyd edim ki, uzaq şərq ölkələri, xüsusən də Çində hicamanın tətbiq ediləcəyi günlərə xüsusi diqqət yetirilir. İslam üsulu hicama terapiyada isə günlər və tarix hicri təqviminə əsaslanaraq tətbiq edilir. Burada Ayın Yer çəkimi məsələsi də var ki, burada hicri təqviminə əsasən, Ayın ilk 15 günlüyündə Yer kürəsinə yaxınlaşan və digər ikinci 15 günlüyündə Yerdən uzaqlaşan vaxtı olduğu üçün həmin proses ikinci 15 günlükdə tətbiq olunur. Bəs bu müalicənin Ay və Yerlə nə əlaqəsi var? Ay, Yer kürəsindən uzaqlaşdıqda, insan bədənindəki bəzi zərərli toksinlər də dəmir vasitəsilə bədəndən çəkilib atıldığı üçün həmin anda hicama terapiyasını tətbiq etmək həm insan anatomiyası, həm də astroloji olaraq müəyyən faydaları var. Bütün bu məlumatlar aparılmış tibbi-akademik araşdırmalar əsasında verilən məlumatlardır.

  • Azərbaycan üçün yeni, ancaq digər Şərq dünyası ölkələri üçün qədim tarixə malik olan Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
  • Hansı xəstələrə bu, qadağandır?

- Bu gün zamanın ən aktual məsələlərindən biri də tətbiq olunan müalicə üsullarının təsir və əks-təsirləri barədə müəyyən məlumatların verilməsi tibbin ilkin qanunlarındandır. İkinci qanun isə hər bir insan bədəninə individual, yəni ki, fərdi yanaşılmalıdır. Hicama proseduru da bu şərtlər içərisinə daxildir. Qədim dövrlərdə hicama ən çox yüksək təzyiq, qan qatılığı, zəhərlənmələr və sancmalara qarşı istifadə edilirdi. Həmin zamanlarda hicama prosesinin tətbiq olunmasını indiki təcili tibbi yardım vasitəsi kimi düşünə bilərsiniz. Təbii ki, bu cür problemlərdə zəli üsulu ilə müalicələrdən də istifadə olunurdu, ancaq mövzumuz əsasən hicama olduğu üçün istəyirəm bu barədə məlumat verim. Məsələn, ilan sancmalarında həmin bölgəni yanlardan sarğı ilə sıxıb, yara üzərindən banka vasitəsilə zəhərin 80%-i sorularaq atılırdı. Hicamanın ən effektiv nəticələrindən biri bu zəhərlənmə hadisələrində olub. Təzyiqlərdə, hətta buna deyirlər “xüsusi təzyiqlər” də deyilir ki, bu, ən çox ostexondrozun yaratdığı beyin qan dövranından qaynaqlanan təzyiqlərdir. Belə təzyiqləri hicama terapiyası vasitəsilə 180-200-dən 130-120-lərə qədər salmaq olur. Bundan sonra həmin proses şiddətli qan qatılığında da istifadə olunur. Qeyd edim ki, bu xəstəlik növü bir çox xəstəliklərin yaranma səbəblərindən biridir. Günümüzün aktual xəstəliyi olan “COVİD-19”da belə qan qatılığı böyük fəsadlara gətirib çıxara bilir. Bu baxımdan, həmin qatılığın aradan qaldırılması üçün hicama terapiya ilkin mərhələrdə istifadə olunur. Qaymarit və beyin qan dövranı pozuqluqlarında, bizim “sətəlcəm” adlandırdığımız şiddətli soyuqdəymələrdə bu terapiya üsulu çox müsbət effektlər verir. Bundan əlavə, ayaqlarda yaranan şiddətli ayaqsancmalarına qarşı da istifadə olunur, keymələr və oynaq xəstəliklərinin müalicəsi də bu üsulla aparıla bilir. İndiki dövrdə ən çox qarşılaşdığımız “Menisk yırtığı” probleminə də ciddi faydaları var. Bir neçə senansdan sonra həmin problem 90%-ə qədər aradan qaldırılmış olur. Eyni zamanda bel-onurğa xəstəliklərində, sinir sıxışmalarında, osteoxondroz problemində təbii ki, digər müalicə üsulları ilə birgə hicama da çox gözəl effektiv nəticə verir. Baş nahiyəsində tətbiq olunan hicama prosesi isə nəinki təzyiq xəstəliklərində, qulaq ağrıları, qaymarit, frontip xəstəliklərində də müsbət nəticələr verir. Yenə də qeyd edirəm ki, bütün bu məlumatlar tibbi-akademik araşdırmalara dayanır və bu məlumatlarla bağlı bir çox tanınmış həkimlərin rəyləri də mövcuddur. Onu da qeyd edim ki, Hicama terapiyası orta əsr dövlətləri sayılan Səlcuqlar, Qızıl Ordu, Məmlüklər, Osmanlı və Səfəvilərdə də tətbiq olunub. Bu müalicə üsulunun aparıldığı tibb ocaqlarına “Şəfaxana”lar deyilirdi.

  • Bəs bu qədim müalicə yöntəminin hansı yan təsirləri var və hansı şəxslərə hicama olunmaq tövsiyə olunmur?

- Məsələn, hemofiliya kimi qanı duruldan bəzi xəstəliklər var ki, onların daşıyıcısı olan insanlara hicama olunmaq qətiyyən məsləhət görülmür. Belə insanlarda qan o qədər duru olur ki, dişləri çəkildikdə belə, yaranan güclü qanaxmaya lazımi müdaxilə edilməsə, həmin şəxs qanitirmədən dünyasını dəyişə bilər. Mərhum umummilli lider Heydər Əliyevin dövründə Hemofiliya Mərkəzinin açılması nəticəsində həmin xəstəlikdən əziyyət çəkənlərin ölüm sayları bir qədər aşağı endirilə bildi. Bu, çox ciddi bir xəstəlikdir ki, həmin insanlara hicama terapiya qətiyyən məsləhət görülmür. İkinci bir xəstəlik isə talassemiya xəstəliyidir. Təsəvvür edin ki, bu xəstələrə hər ay qan köçürülür. Onların özünün qana ehtiyacı var. Eyni zamanda, dializ xəstələrinə də məsləhət görülmür. Əməliyyat nəticəsində böyrəyini itirən insanlara da hicama olmaq məsləhət deyil. Daha sonra anemiya xəstələri, bu xəstələr şiddətli qan azlığından əziyyət çəkirlər. Bunlara “hemoqlobin səviyyəsi 90-nın altında olan xəstələr” deyilir. Onlar qan faizi 35-40 olan xəstələrdir ki, onlara bu müalicə tövsiyə olunmur. Yəni osteoxondrozun və müəyyən başqa problemlərin yaratdığı hemoqlobindən dolayı aşağıdüşmələr varsa, şübhəsiz ki, bu, qan təhlilləri əsasında dəyərləndirilir. Bu vəziyyətlərdə terapiya olar. Amma yox, anadangəlmə anemiya, qanazlığı xəstəliyi varsa, bu xəstələrə qətiyyən hicama terapiyası olmaz. Hicama terapiya yaş aralığı olaraq, 65 yaşa qədər uyğulana bilir. 65 yaşdan yuxarı insanların bədəni özünü kifayət qədər qanla təchiz edə bilmədiyi üçün bu yaşdan yuxarı insanlara həmin müalicə üsulu tösiyə olunmur. Çünki onlarda itirilən qan çox az bərpa olunur, bəzən də heç bərpa olunmur. Uşaqlara gəldikdə isə deyə bilərik ki, bu müalicə 2 yaşdan yuxarı uşaqlar üçün də keçərlidir. Bu, Yaponiyada dövlət səviyyəsində tətbiq edilib. Özüm həkim olaraq, bu effektiv müalicə üsulunu öz övladıma uyğuladım. Yeni dünyaya gəlmiş uşaqlarda patoloji yox, fzioloji sarılıq xəstəlikləri əmələ gəlir ki, son iyirmi ildə hər doğulan yüz uşaqdan əlli, yaxud altmışında fizioloji sarılıq xəstəlikləri yaranır. Yaponiyada keçirilən və şəxsi təcrübələrimə dayanaraq deyə bilərəm ki, hicama terapiyası bu uşaqlarda çox gözəl effekt verir. Hicama eyni zamanda, qaraciyərdə yığılmış zərərli maddələri atan ən effektiv müalicə üsullarından biridir. Mən şəxsən həm də yapon həkimlərin məsləhəti əsasında bu müalicəni öz qızımda da tətbiq etdim, səhəri gün onu öz həkiminə apardıqda, təəccübləndilər və bildirdilər ki, uşaq 80% sağalıb. Uşaqlar üçün çox balaca, kiçik bankalardan istifadə olunur. Maksimum 10 qram qan alınır.

  • Hicama günləri dediyiniz günlər hansı günlərdir?

- Xəstənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı və bazar günləri hicama olunması daha məsləhətlidir. Hicama günləri hicri təqvimi ilə ayın 17,19 və 21-ci günləri ən uyğun günləridir. Bu barədə İslam peyğəmbərinin də hədisi var və qeyd olunur ki, “bu, ölümdən başqa hər şeyə çarədir”. Bir də tövsiyə olunmayan günlər vardır, hansılar ki, çərşənbə, cümə və şənbə günləridir. Hətta tarixdə bununla bağlı “cümə günü qadağası” da mövcud olub. Təsəvvür edin, sovet dönəmi zamanı ağır cərrahi əməliyyatlar cümə günləri edilməzdi. Təbii ki, bunun da özünə görə səbəbi var idi. Həmin gün qanın laxtalanmadığı gün hesab olunduğundan, bu, tövsiyə edilmirdi.

  • Hicama terapiya üsulundan Qərb ölkələrində və ABŞ-da da indi istifadə olunurmu?

- Bəli, həqiqətən çox aktual bir mövzuya toxundunuz. Bununla başlamaq istərdim ki, dünyanın ən böyük Hicama Kubok Mərkəzi (Hijama Cupping Center - M.Ş) ABŞ-ın Nyu-York ştatındadır. Bu, artıq İngiltərədə, Almaniyada, İsveçrədə,Fransada, İndoneziyada,Malayziyada, Çində, Sinqapurda, Cənub-Şərqi Asiya ölkələrinin bir çoxunda və Yaponiyada dövlət səviyyəsində uyğulanır. Bu dövlətlərin hamısı həmin Hicama-Terapiya mərkəzlərini tanıyır və bu mərkəzlərin inkişafı üçün lazımi dövlət vəsaiti ayırır.

  • Hal-hazırda Hicama terapiya metodologiyasının Azərbaycanda lazımi səviyyədə tətbiq olunması, insanların bu müalicə vasitəsindən yararlanması üçün TƏBİB, Səhiyyə Nazirliyi və başqa tibbi qurumlar lazımi yardımı göstərirmi?
  • Hicama üsulunun Azərbaycanda mütəxəssislərinin yetişdirilməsi üçün uyğun şərait yaradılırmı?

- İlkin mərhələdə, Azərbaycanda alternativ yəni “türkəçarə” qədim ənənəvi müalicə metodu səhiyyə sistemində mövcud olmadığı üçün Səhiyyə Nazirliyinin bu barədə bir lisenziyası, tətbiqatı da yoxdur. Mən özüm Azərbaycan Hicama Konfederasiyasının qurucularındanam və çox istəyərik ki, buna Səhiyyə Nazirliyi çərçivəsində lazımi dəstək verilsin. Bununla bağlı müraciətlər də ünvanlamışıq. Sözün əsl mənasında bu işin əhli, peşəkarları tərəfindən bu müalicələr tətbiq olunsun. Əfsuslar olsun ki, son dövrlər əlinə banka alan hər kəs bu sahəyə girməyə çalışır və lazımi bilik-bacarığı olmadığından, nəticə fəsadlarla bitir, istəmərik ki, bu fəsadlar olsun. Əlavə olaraq, vurğulamaq istərdim ki, bəli, son iyirmi ildə bu müalicə metodu Azərbaycana daxil olmuşdur. Amma son on ildə ciddi şəkildə vətəndaşlarımızın müraciətlərinin çoxluğu da göz önündədir. Son 15 ildə insanlar kimyəvi dərmanlarla müalicə üsulundan bezdikləri üçün artıq ənənəvi və təbii müalicə üsullarına üz tuturlar. Hətta bir çox kardioloqlarımız da hicama olunmağı şiddətlə tövsiyə edirlər. Mən inanıram ki, Hicama terapiyası ölkəmizdə də dövlətimiz tərəfindən ciddi dəstək görəcək. Çünki qardaş ölkə Türkiyə tərəfindən bu metodologiya ciddi şəkildə dəstək gördü. Hətta ABŞ-da artıq İcbari Sığorta şirkəti tərəfindən bu üsul təsdiqlənir və sığortanın özü təşviq edir ki, hicama proseduru uyğulansın. Sağ əlləri bizim başımıza deyək. Amma çox şükür ki, Azərbaycanda bu qədim tibbi metodologiyaya qarşı hər hansısa anti-təbliğat yoxdur. İnanırıq ki, hicama terapiya ölkəmizin tibbi sektorunda öz layiqli yerini tutacaq və sözünü deyəcək.

  • Bizdə bir ifadə var “ölümdən başqa hər şeyə çarədir”. Bunu bəzən hansısa qida məhsuluna, yaxud da müalicə üsuluna aid edirik. Bu ifadəni hicama terapiyasına da aid etmək olarmı?

- Bəli, əlbəttə. Elə hicama sözün əsl mənasından ölümdən başqa hər şeyə çarədir. İslam Peyğəmbərinin bununla bağlı daha bir hədisini xatırlatmaq istəyirəm: “Üç şeydə şəfa vardır ki, bunlar ölümdən başqa hər şeyə çarədir: bal, hicama və dağlamadır. Dağlama üsulu ümmətimə cəfa olduğu üçün onu ümmətimdən qaldırıram. Beləliklə, hicama olunun və baldan istifadə edin”. Həmin o dağlama üsulunu o dövrün antibiotiki hesab etmək olar. Yara qapansın deyə, kəsilmiş, çapıq və güllə yaralarında dağlama üsulundan istifadə edilirdi. Bu üsulla yaranın xəstəlik və mikroblardan da qoruyardılar. Ancaq o, bir qədər əziyyətli olduğu üçün İslam peyğəmbəri hədisində onu qaldırdığını söyləyib. Amma günümüzdə elə xəstəliklər var ki, onlar bu dövrün xəstəlikləridir və həmin zamanlarda o xəstəliklərə rast gəlinmirdi. Həmin o xəstəliklərə isə hicama terapiyası yenə qeyd edirəm ki, uyğulamaq olmaz. Amma yekun nəticə olaraq, digər xəstəliklərdə 90-95% effektiv nəticə verən müalicə üsuludur.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »