Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir.

Bizimyol.info xəbər verir ki, yanvarın 26-da Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki məhkəmə iclasında Nərmin Quliyevanın əmisi oğlu 12 yaşlı Ayxan Quliyev şahid qismində ifadə verib. O, həm də Nərminin sinif yoldaşı olub. Sonuncu dəfə Nərmini də o görüb. Çünki Nərmin atası üçün gödəkçəni götürməyə Ayxangilə gedib.

“Nərmin bizə gəlmişdi ki, gödəkçəni götürsün. Mən hamamdan gödəkçəni götürüb ona verdim. Evə keçib, “klyok” götürdüm ki, Nərminə verim, “kurtkanı” içinə qoysun. Çıxanda gördüm ki, yoxdur, çıxıb gedib”, - Ayxan Quliyev bildirib.

Onun dindirməsi fevralın 9-da keçiriləcək növbəti məhkəmə prosesində davam edəcək.

Ayxandan başqa dindirilməli 25-ə yaxın şahid var. Nərminin qətlində təqsirləndirilərək həbs olunan İlkin Süleymanovun vəkilləri bir sıra başqa əlavə şahidlərin də dindirilməsini istəyirlər. Vəkillər həmin şahidlərin siyahısını məhkəməyə hazırlıq iclasında təqdim ediblər.

İlkin Süleymanovun yaxınları onun iki ildən artıqdır ki, heç bir günahı olmadığı halda, həbsdə qaldığını deyir və buna görə həm də Nərmin Quliyevanın valideynlərini qınayır. Deyirlər ki, əgər onlar həqiqəti olduğu kimi danışsaydılar, bir çox məsələləri ört-basdır eləməsəydilər, indi gerçəklər üzə çıxardı, İlkin Süleymanov da həbsdə olmazdı.

Nərmin Quliyevanın əmisi – sonuncu dəfə evindən yoxa çıxdığı Lətif Quliyev müsahibələrinin birində İlkin Süleymanovu ittiham edərək bildirib ki, onun bu hadisəyə aidiyyəti olmasaydı, evlərinin yanında meyitin yandığını görəndə onu telefonla videoya çəkməzdi.

Qarşı tərəfin bu arqumentinə İlkin Süleymanovun qardaşı Adil Süleymanov belə cavab verib: “Mən də Lətifdən soruşmaq istəyirəm, bu necə valideynlikdir ki, uşağın tapıldığı xəbər verilir, amma nə ata, nə də ana bir baxmır ki, görüm mənim uşağım hansı vəziyyətdədir? Ana evdən bir hadisə yerinə heç gəlmir də. Bizim bir çox şeylərdən xəbərimiz var. Zamanı gələndə onların üstü bir-bir açılacaq. Şərif (Nərminin atası-red.) deyir ki, guya İlkinin ailəsi kənd camaatına pul verir, onlar ona görə məhkəmənin qarşısına gəlir. Bizim üçün mənəviyyatsızlıq, şərəfsizlik olar ki, kiməsə bu məqsədlə pul verək. Bizə, ailəmizə atılan şər-böhtan həddi aşır. Kənd camaatı Nərmin itkin düşəndə və meyit tapılan ərəfədə sizin yanınızda idi. Özü də təkcə kənd camaatı yox, ölkənin nə qədər tanınmış adamları da. Amma hər kəs sizin davranışlarınızı gördü. Ona görə də indi kənd camaatı bizim yox, haqqın yanındadır”.

İlkin Süleymanovun bacısı İlhamə Süleymanova bildirib ki, qardaşı ixtisasca hüquqşünasdır. Meyitin yandığını görəndə istintaqa yardım məqsədilə videoya çəkib ki, hüquq-mühafizə orqanlarına təqdim etsin: “İlkin cinayətkar olsaydı, çalışardı ki, izləri itirsin, heç nə qalmasın. Şərif Quliyevgil meyit oradan götürülən kimi həmin yeri qazıblar, torpağın altını üstünə çeviriblər. Qohum-qonşu da soruşub ki, niyə belə eləyirsiz? Deyiblər ki, guya istintaqa lazımdır, polis rəisi tapşırıb. Polis rəisinə lazımdır, qızın atasına niyə elətdirir? Bir dənə iz qoymayıblar orada. Oradakı izləri siz itirmisiz, İlkin yox. İnsan hadisəni çəkib deyə, ona cinayətkar deyilə bilməz. Bu, dayaz düşüncənin məhsuludur”.

Dondar Quşçu kənd sakinlərindən Validə Əliyeva jurnalistlərə bildirib ki, istər Nərminin, istərsə də İlkinin yerində onların hər birinin övladı və ya qardaşı ola bilərdi. Məhz bunu nəzərə alaraq, kənd sakinləri haqq-ədalətin bərpası üçün əllərindən gələni edirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »