Son günlərdə məktəblərdə baş verən xoşagəlməz hadisələr gündəmi alt-üst edib. Demək olar ki, hər gün məktəblərlə bağlı yeni bir video yayılır. Nəticə isə hər birində eyni bitir. Yəni ya müəllim, ya da məktəb rəhbərliyi cəzalandırılır. Bu halda da müəllimə töhmət elan edilib. Niyə?
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, müəllim sözünü çox ucuzlaşdırmışıq. Onun sözlərinə görə, müəllim məsələsi o qədər dilə-dişə salınıb ki, nəticəsi də belə olub.

“Biz məsələyə birtərəfli yanaşırıq. Əsas götürürük nəticəni. Nəticə varsa, bununla bağlı kimsə cəzalandırıldısa, bununla işimizi bitmiş hesab edirik. Amma məsələ ondadır ki, səbəblər tapılmalıdır. Düzdür, indi dəyərlər dəyişib, məsələyə baxış başqa cürdü və s. Amma 165 nömrəli məktəbdə çəkilən görüntülərdən də açıq-aydın görünür ki, bu müəllimə etinasız şəkildə oturub və şagirdlər də müəllimin “başına çıxıb”. Görünür, bu müəllimənin dərsləri həmişə belə keçib və bu dəfə kimsə bunu telefona çəkib.
Bizim bütün qanunvericiliyimizdə müəllimin tərbiyyəedici funksiyası o dərəcədə məhdudlaşdırılıb ki, şagirdə qarşı hər hansı bir hərəkəti zorakılıq kimi qiymətləndirilir. Mənim düşüncəm odur ki, bu müəllim də düşünüb ki, bu qadağaların qarşısında elə sakit otursam, yaxşıdır”.
Ekspetin sözlərinə görə, dünya təcrübəsində valideynin məsuliyyəti deyilən bir anlayış var.
“Biz niyə məktəb rəhbərliyinin üstünə düşürük ki, “sənin məktəbində 5,10 nəfər təhsildən yayınıb?”. Amma valideynə “gözün üstə qaşın var” demirik. Valideyn uşağın tərbiyyəsi ilə məşğul ola bilmirsə, öz acizliyini etiraf edirsə, bunun məsuliyyətini nə üçün məktəb, müəllim çəkməlidir? Müəllimdə insandır, onun da əsəbləri var.
Düşmüşük müəllimin üstünə ki, dərsi idarə bilmir. Axı həmin dərsi idarə edə bilməyən müəllimi də biz müsabiqə, imtahan və test ilə seçmişik. Necə olur ki, bu qədər sınaqlardan keçmiş müəllim dərsi idarə edə bilmir? Niyə düşünmürük ki, onun bütün hüquqlarını əlindən almışıq və aciz hala salmışıq”?
Qeyd edək ki, şagirdlərin qeyri-etik davranışına görə müəllimin cəzalandırılması cəmiyyət tərəfindən etirazla qarşılanıb. Daxili İşlər Nazirliyi həmin uşaqların uçota alındığını bildirib.
Leyla Mirzə, Bizimyol.info